Reyxstaxı yandıran azərbaycanlı qadın və yaxud Xətai Məhkəməsi günahsız həkimi necə “bitirmək” istəyir? FOTOFAKTLAR

Reyxstaxı yandıran azərbaycanlı qadın və yaxud Xətai Məhkəməsi günahsız həkimi necə “bitirmək” istəyir? FOTOFAKTLAR

7NEWS.az xəbər verir ki, Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim Adil oglunun sədrliyi ila Yaqubova Natəvan Azik qızının Azarbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Yaqubova Natavan Azik qizının Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib, 26 avqust 2019-cu il tarixli hökmü ilə 3 il həkimlik fəaliyyati ila məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barəda ittihamedici hökm cıxarmışdır. Bu barədə saytımıza N. Yaqubovanın vəkili, tanınmış hüquqşünas Əli Hüseynov məlumat verib. Hökmün qanunsuz olduğunu deyən vəkil bunu konkret faktlarla sübut edib: "Əvvəla birinci instansiya məhkəməsi ittiham hökmünü çıxarmazdan əvvəl iş üzrə bütün həqiqətləri bilirdi və bu qanunsuz hökmün çıxarılmasında hakim tərəfindən hər hansı halların diqqətsizlikdən, yaxud da təcrübəsizlikdən nəzərə alınmamasından söhbət belə gedə bilməz! Hesab edirəm ki, dövlət ittihamçısı, fərqinə varmadan, əslində - yenə də mənim fikrimcə - Natavan Yaqubovanın tam təqsirsiz olduğunu bilə-bilə, elan edilmiş ittihamı müdafiə etməyə çalışdı. İndi görək bu prosesin özünü ədalət mühakiməsi, ədalətli mühakimə prosesi adlandırmaq olarmı və bu ittiham hörmətli dövlət ittihamçısı tərəfindən müdafiə olunmağa layiq idimi?!

Daha sonra Ə. Hüseynov Natavan Yaqubovanın şərlənərək, müəyyən maraqlar qarşılığında intiqam hissinin qurbanına çevrildiyini dedi və bu ədalətsiz qərarda "əməyi” olan bütün kəsləri ifşa edir. Tanınmış vəkil faktları ardıcıl düzməklə bir günahsız insanın məhkəmə hüquq sistemində necə tora salındığını ifşa edir: "Müdafiəçisi olduğum Natavan Yaqubova ittiham olunur ondan ötrü ki, o, vəzifəli səxs olmaqla işə vicdansız və laqeyd munasibət bəsləyib. Belə ki, o, 3 oktyabr 2017-ci il tarixdən Baki Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11 ünvanında yerləşən "Kaspi TM" MMC-yə məxsus "Xətai Estetik Klinikası"da həkim - otorinolarinqoloq vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim — otorinolarinqoloqun nümunəvi vəzifə təlimatının 8-ci bəndinə əsasən mövcud qaydalara va standartlara uygun olaraq zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təcili etməli idi. Bundan sonra 28 aprel 2018-ci il tərixdə qeyd qeyd olunan klinikada üzərində "tonzilektomiya va adenoidektomiya" cərrahi əməliyyatı və qanaxma riski olan İsayev Turan Rafiq oglunun vəziyyətini cərrahiyyə əməliyyatından sonrakı dövrdə düzgün qiymətləndirməyərək xəstəliyin sonraki dinamikasını düzgün qiymətləndirməyib. Bundan bir müddət sonra evdə şəraitində müalicəsini davam etdirən Turan İsayev 03 may 2018-ci il tarixdə saat 18:15-da sol tarafli tonzillektomiya cərrahi əməliyyat sahəsində baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksiya, kaskin tənəffüs catışmamazlığından dünyasını dəyişir. Bu məsələnin ittiham hissəsində öz əksini tapan qeydlərdir.

AMMA VƏ LAKİN...

Bütün məhkəmə proseslərində hadisənin bütün tərəfləri tam çılpaqlığı ilə görünür. Görünən birdə odur ki, Natəvan Yaqubova tamamilə günahsızdırdır və dünyasını dəyişən Turan İsayevin Dövlət Sosial Müdafiə Nazirliyində, yüksək vəzifədə çalışan atasının israrlı və qaranlıq niyyətinin qurbanıdır. Yazımızda bunu tam şəkildə oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq. Məsələ burasındadır ki, bu sübutlardan sonra ittihamçı prokurorun, hakimin 'ədalətli məhkəmə' pronsiplərini necə pozduqlarını, Baş Prokuror Zakir Qaralova necə xəyanət etdiklərinin şahidi olacaqsınız.

Əvvəla maraqlı bir sual ortaya çıxır

Heç bir vəzifəsi olmayan Natəvan Yaqubovanı istintaq orqanı necə vəzifəli şəxs elan edib? Heç bir vəzifəsi olmayan Natavan Yaqubova istintaq orqanı tərəfindən necə vəzifəli şəxs elan edilə bilər axı?

Şəxsə elan olunmuş ittiham konkret və əsaslı olmalıdır. İttihamı sübut etmək isə ittiham tərəfinin vəzifəsidir və şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Lakin artıq ittiham tərəfi ittihamın sübut edilməsi vəzifəsini də hörmətli məhkəmənin üzərinə qoymuşdur.

Yaranmış vəziyyətdən çıxış yolu yalnız ondadır ki, hörmətli məhkəmə Azərb. Respublikası Səhiyyə Nazirliyinə müvafiq sorğu verib keçirilmiş tibbi əməliyyatla bağlı hansı qaydaların və standartların mövcud olmasını araşdırmalı, həmin qaydaların və standartların öz əksini tapdığı yazılı sənədləri alaraq məhkəmə istintaqı zamanı tədqiq etməli və ittihamın sübutu kimi cinayət işinin materiallarına əlavə etməli idi.

Lakin hörmətli məhkəmə bunu etmədi və bu gün də nə Natəvan Yaqubova, nə də ki, onun müdafiəçisi kimi mən Natəvan Yaqubovanın nədə ittiham olunmasını, hansı normativləri, standartları pozmasını bilmirik. Bu biabırçılıqdır!

Qayıdaq prosesin digər iştirakçılarına və onların mövqelərinə:

Təbii ki, həlak olan uşağın valideynləri nə həkim, nə də ki, hüquqşünas olmadıqlarından istər tibbi baxımdan, istərsə də hüquqi baxımdan bu baş vermiş faciəni düzgün qiymətləndirməyə, hadisənin əsas səbəbini müəyyən etməyə bilərlər.

Mərhum azyaşlı Turan İsayevin atası hörmətli Rafiq İsayev baş vermiş bu faciəli sonluqda Natavn Yaqubovanı təqsirli bilir və məhz buna görə də Cinayət Qanununda nəzərdə tutulmasa da, təqsirləndirilən Natavan Yaqubovaya azyaşlı övladının yaşadığı qədər, yəni düz 8 il 1 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi.

Məhkəmənin sonuncu iclasında həkim-pediator Kənan Qarayev şahid qismində dindirilərkən mərhumun dayələrindən biri Şahbazova Mətanət Əsəd qızı prosessual qaydalara zidd olaraq Kənan Qarayevdən soruşdu ki, "doktor Turan İsayevin mənə münasibəti necə idi?”. Rəhmətlik Turan İsayevin atası hörmətli Rafiq İsayev ifadəsində bildirib ki, onun evində dayə Mətanət Şahbazovadan başqa, yemək işlərinə baxan başqa bir dayə də var ki, o rəhmətlik Turan üçün duru yeməklər bişirməklə məşğul olmuşdur. Hərçənd, istintaq zamanı həmin dayə dindirilməyib və məhkəmə istintaqı zamanı da həmin dayə nəinki çağrılıb dindirilmədi, hətta onun kimliyi də müəyyən olunmadı.

Bəlkə elə dayələrin bolluğundan, onlar biri-birinə arxayın olmuş və azyaşlı Turanı nəzarətsiz qoymuşlar? İndi bu suala kim cavab verə bilər? Təbii ki, heç kim bu sualı birmənalı şəkildə cavablandıra bilməz.

Natavan Yaqubova bu hadisədə özünü təqsirli bilmir. Ona görə ki, çoxsaylı ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, xəstəyə qoyulmuş diaqnoz düzgün olmuş, texniki cəhətdən əməliyyat düzgün icra edilmiş, onun tərəfindən heç bir səhlənkarlığa yol verilməmiş, xəstə evə normal vəziyyətdə buraxılmış, sonrakı günlər ərzində xəstənin üzərində mütəmadi nəzarət həyata keçirilmiş, xəstədə baş vermiş qanaxma və bunun nəticəsi olaraq ölümü ilə onun hərəkətləri arasında heç bir bağlılıq olmamışdr. Xəstədəki müalicə müəssisəsindən kənarda baş vermiş qanaxmanın hansı səbəbdən baş verməsi istintaq orqanı tərəfindən ümumiyyətlə araşdırılmamışdır.

Əsas sual isə ondan ibarətdir ki, necə oldu ki, əməliyyatdan sonra tam kafi vəziyyətdə xəstəxanadan evə buraxılmış uşaqda hadisədən 5 gün sonra, yəni 6-cı gün xarici qıcıq, mexaniki təsir və təzyiq olmadan qanaxma baş verdi və bu təsirlərdən biri olmadan qanaxma baş verə bilərdimi?! Bütün bu cinayət işi üzrə yeganə cavab tələb edən yalnız bu sual idi! Müdafiə tərfinin bu məsələni araşdırmaqla bağlı səyləri də cavabsız qaldı. Burada bir daha mərhumun dayəsi Şahbazova Mətanət Əsəd qızının həkim-pediator Kənan Qarayevə ünvanladığı "doktor Turan İsayevin mənə münasibəti necə idi?” sualını yadımıza salaq və bu sualın ətrafında yaxşı-yaxşı düşünək!

İndi gəlin istintaqın obyektivliyi baxımından cinayət işinin materiallarına da bir nəzər salaq:

Ölüm hadisəsi baş verəndən dərhal sonra məhkəmə-tibbi ekspertizası təyin olunur və 02 iyun 2018-ci il tarixli 35/MEŞ №-li ekspert rəyi alınır. Həmin ekspertiza rəyi ilə müəyyən olunur ki, azyaşlı Turanın ölümünə səbəb sol tərəfli tonzillektomiya cərrahi əməliyyat sahəsindən baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksiya, kəskin tənəffüs çatışmamazlığı olmuşdur. Bunu nə ittiham, nə də ki, müdafiə tərəfi mübahisələndirmir! (red. foto sonda əlavə edilib)

Bundan sonra Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin böyük prokuroru Rzayev Orxan Bayram oğlu tərəfindən iş üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilir. Bu ekspertiza zamanı həmçinin də ekspertlər qarşısında Turan İsayevin ölümü ilə bağlı həkim səhvlərinə yol verilib-verilməməsinin, əgər verilmişdirsə, səhvlərin nədən ibarət olmasının, kim tərəfindən bu səhvlərə yol verilməsinin və yol verilmiş səhvlərlə Turan İsayevin ölümü arasında səbəbli əlaqənin olub-olmamasının araşdırılması ilə bağlı suallar qoyulmuşdur. (red. foto sonda əlavə edilib)

Eyni zamanda ekspertiza qarşısında 5-ci sualda göstərilmişdir ki, "Müalicə barədə qüvvədə olan normativ-hüquqi aktların pozulması olmuşdurmu? Əgər olmuşdursa, hansı həkimlər tərəfindən, hansı aktların (qanun, qərarlar, əmrlər və təlimatların və s.) pozulması və hansı nəticələrə səbəb olması aydınlaşdırılsın.

Müstəntiqin bu qərarı əsasında iş materiallarına əsasən keçirilmiş 05.09.2018-ci il tarixli 279/KEŞ №-li Komisyon məhkəmə-tibbi ekspertizasının rəyi alınır.

Bu ekspertizaya Azərb. Respublikası Səhiyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyinin şöbə rəisi, ali dərəcəli ekspert Ziyafəddin Məmmədov başçılıq edir. Otolarinqoloq-mütəxəssis kimi isə ekspertizanın keçirilməsinə ATU-nun Otolarinqologiya kafedrasının dosenti Ayaz Qasımov, ekspertlər kimi 2011-ci ildən ekspert stajına malik Cavid Cahangirli və 2007-ci ildən ekspert təcrübəsinə malik Rafik Nuriyev cəlb edilirlər. (red. foto sonda əlavə edilib)

Tibb Universitetinin müəlliminin də cəlb edildiyi bu ekspertlər komandası ekspertiza keçirərək, müəyyən edirlər ki, "Turan İsayevə təyin edilmiş diaqnoz düzgün olmuş, icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, Turan İsayevə göstərilmiş ixtisaslı tibbi yardımlar, müayinə və müalicələr xəstənin vəziyyətinin ağarlığına uyğun olaraq düzgün yerinə yetirilmişdir”. Yəni, bu mötəbər ekspert komissiyası tərəfindən müalicə həkimi Natavan Yaqubovanın Turan İsayevin barəsində hər hansı bir qanun pozuntusuna yol verməməsi müəyyən edilmişdir.

Bu rəylə razılaşmayan hüquqi varis Rafiq İsayev müxtəlif instansiyalara şikayətlər etməyə başlayır və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov bu şikayətlərlə bağlı 15.01.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə məktub ünvanlayır və həmin məktubda eyni zamanda yazılır: "... cinayət işi üzrə icraata xitam verilməsi barədə 18 oktyabr 2018-ci il tarixli qərar 15 yanvar 2019-cu il tarixdə Bakı şəhər prokuroru tərəfindən ləğv edilərək, İsayev Turan Rafiq oğlunun ölüm səbəbinin və baş vermiş hadisədə həkim səhvinin olub-olmamasının müəyyən edilməsi məqsədilə 15 yanvar 2019-cu il tarixdə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. (red. foto sonda əlavə edilib)

Odur ki, qeyd olunan ekspertizanın keçirilməsinin nəzarətə götürülməsi və həmin ekspertizanın keçirilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ixtisaslı və təcrübəli mütəxəssislərinin iştirakının təmin edilməsi barədə müvafiq göstəriş verməyinizi xahiş edirəm”.

Göründüyü kimi hörmətli cənab Baş Prokuror hörmətli Səhiyyə Nazirindən növbəti ekspertizaya ixtisaslı və təcrübəli mütəxəssisləri cəlb etməyi xahiş edir və təbii ki, belə bir xahiş diqqətdən kənar qalmır!

Bu dəfə də istintaq orqanının təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqındakı 15.01.2019-cu il tarixli qərarında həkim səhvlərinin olub-olmamasının araşdırılması ilə bağlı çoxlu sayda dolğun suallar qoyulur və iş ekspertizaya təqdim olunur.

Hörmətli Baş Prokuror Zakir Qaralovun xahişi nəzərə alınaraq, bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikasının sözün əsl mənasında ən təcrübəli ekspertləri - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin rəisi, tibb elmləri namizədi cənab Azər Dəmirov, 42 il ekspert təcrübəsinə malik (1977-ci ildən) Birliyin ali dərəcəli eksperti Elmira Hüseynova və mütəxəssis-otolarinqoloq, ekspertizanın keçirilməsinə ekspert kimi cəlb edilmiş, 35 illik iş təcrübəsinə malik (1984-cü ildən), M.Əfəndiyev adına 2 №-li şəhər xəstəxanasının burun-qulaq-boğaz şöbəsinin müdiri işləyən Elxan Məmmədov cəlb olunurlar.

Bu ən yüksək səviyyəli ekspertlər 28.02.2019-cu il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının iş materialları üzrə keçirdikləri 28 №-li rəyini tərtib edərək, istintaq orqanına təqdim edirlər. Bu ekspertiza rəyi ilə də müalicə həkimi Natavan Yaqubovanın Turan İsayevin barəsində hər hansı bir qanun pozuntusuna yol verməməsi müəyyən edilir. (red. foto sonda əlavə edilib)

Artıq bunula yekunlaşmaq olardı!

Əslində elə bununla da istintaq yekunlaşmalı və Natavan Yaqubovanın əməllərində hər hansı bir cinayətin tərkibi olmadığına görə cinayət işinin icraatına xitam verilməli idi. Lakin istintaq orqanı başqa cür fikirləşir: hörmətli hüquqi varis Rafiq İsayevin şikayətləri durmadan davam edir və bu şikayətlər istintaq orqanının başını ağrıda bilər.

Bəs onda çıxış yolu nədədir? Yalnız Natavan Yaqubovanı şərləyib məhkəmə məsuliyyətinə verməkdə!

İstintaq orqanı belə də edir və Respublikanın ən mötəbər və ən təcrübəli ekspertlərinin ardıcıllıqla verdikləri rəyləri bir kənara tullayır, yenidən bir dəfə də 27 mart 2019-cu il tarixdə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərar qəbul edilir və bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin yerli şöbəsinin, yəni Nəsimi rayon şöbəsinin rəisi Eldəniz Şirinov, Ekspertiza Birliyinin sıravi eksperti Vüqar Məmmədov və otolorinqalogiya sahəsinin mütəxəssisi kimi Cavid İsmayılov adlı nə yaşı, nə atasının adı, nə də ki, bu ixtisas üzrə iş stajı, iş yeri və tutduğu vəzifəsi göstərilməyən bir şəxs ekspert qismində cəlb olunurlar. (red. foto sonda əlavə edilib)

Tərəfimizdən aparılan araşdırma nəticəsində bəlli olur ki, bu "ekspert-otolarinqoloq” cavan bir oğlandır və təbii ki, onun təcrübəli mütəxəssis olmasından söhbət belə gedə bilməz. Məhz buna görə də onun kim olması təqsirləndirilən şəxsdən belə gizlədilir. (burada hörmətli Baş Prokuror cənab Zakir Qaralovun hörmətli Səhiyyə naziri cənab Oktay Şirəliyevə ekspertizaya təcrübəli ekspertlərin cəlb edilməsi barədə xahişini mövcudluğunu da yadımızdan çıxarmayaq)

Bu yeni aşkar edilmiş ekspertin və yuxarıda göstərilən Nəsimi rayon şöbəsinin əməkdaşının iştirakı ilə 24.05.2019-cu il tarixli 157 №-li ekspertiza rəyi verilir və bu rəylə bütün olmayan günahlar həkim Natavan Yaqubovanın üzərinə yıxılır. Məhz bu rəylə "müəyyən edilmiş” pozuntular Natavan Yaqubovanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarda tam öz əksini tapdığına görə bu rəyin nəticə hissəsini təkrarlamağa dəyməz.

Təsəvvür edin, yaşı, təhsili, iş təcrübəsi, iş yeri bu gün də bəlli olmayan, sirli cavan bir oğlanın, cavan bir həkim-otolarinqoloqun verdiyi sözün əsl mənasında qeyri-ciddi, gülünc bir rəyin əsasında təcrübəli bir cərrahın taleyi sındırılmaq ərəfəsindədir və bu da adlanır "Ədalət mühakiməsi”.

Necə oldu ki, atasının adı belə tərtib etdiyi rəydən bəlli olmayan, təhsili, iş stajı da həmçinin "sirri-xuda” olan bir cavan oğlanın, bir cavan həkimin rəyi, fikirləri, 35, 42 il iş stajına malik olan ekspertlərin rəylərini məhv etdi? Axı bu necə mümkün oldu?

Doğurdan yəni bizim belə bir cavan və qeyri-adi istedada malik həkimimiz var?! Belə bir həkimimiz olsa, biz onunla yalnız fəxr edə bilərik! Əgər belə bir hal varsa, onda onu nəyə görə bizdən, o cümlədən təqsirləndirilən Natavan Yaqubovadan gizlədirsiniz?! Elə bilirsiniz axıradək gizlədə biləcəksiniz?!

Bu vaxta qədər Natavan Yaqubova da hər şeyə səbrlə dözmüşdür. Müxtəlif saytlarda yazılmış şər və böhtan xarakterli yazılara da o dözmüşdür. Görərək ki, həmin saytların heç birində uşağın xəstəxanadan evə buraxıldıqdan bir-neçə gün sonra evində dünyasını dəyişməsinin üstündən hər yazıda sükutla keçilmişdir və elə görüntü yaradılmışdır ki, guya azyaşlı Turan elə xəstəxanada həkimin əlində dünyasını dəyişmişdir, yenə də dözmüşdür! İndi isə dözmək vaxtı qurtardı!

İndi artıq saytların səhifələrindən Natavan Yaqubova özü suallar yağdıracaq ki, mərhumun atasının deməsinə görə yemək bişirmək üçün də xüsusi dayəyə malik olan azyaşlı Turanın boğaz nahiyəsindəki əməliyyatdan 5 gün sonra, 6-cı gün nəyə görə qan açılmalı idi? Dayələr hara baxırdı? Ümumiyyətlə tam sağalmaya yaxın bir müddətdə hər hansı bir kobud davranma, ehtiyyatsız hərəkət olmadan, o cümlədən sərt qida qəbul etmə cəhdi olmadan boğazdan qan açılması mümkün idimi? Əgər zərər çəkənin hüquqi varisi, istintaq orqanı bu sualları cavablandırmaqdan yayınmışlarsa, qoy bu məsələyə Azərbaycan Respublikasının bütün otolarinqoloqları münasibət bildirsinlər! Eyni zamanda, bəlkə onlar bizə naməlum ekspert - otolarinqoloqun kim olmasını müəyyən etməkdə kömək edə bildilər. Bəli, indi Siz bunları mətbuatdan oxumalı olacaqsınız!

Bəlkə elə Respublikanın bütün həkim - otolarinqoloqlarının köməkliyi ilə hörmətli dövlət ittihamçısının və hörmətli məhkəmənin üzərindən sükutla keçdikləri "pozulmuş mövcud norma və standartları” da tapa bildik! Kim bilir?!

Sonda onu demək istəyirəm ki, belə istintaq, belə məhkəmə baxışı olmaz!!! Vətəndaşı faktiki olaraq bütün prosessual hüquqlarından məhrum etməklə, əsaslı vəsatətlərini təmin etməməklə, ekspertiza rəyləri arasındakı biabırçı fərqi və ziddəyyətləri görə-görə zərər çəkənin xoşuna getsin deyə, insanı məhkum etmək olmaz, olmaz, yenə də olmaz!!!

Ədalət mühakiməsi anlayışı bu prosesin getdiyi Xətai Rayon Məhkəməsinin bu balaca məhkəmə iclas zalı ilə əhatə olunmur. Bu anlayışa "apellyasiya baxışı”, "kassasiya baxışı”, "İnsan haqları üzrə Avropa Məhkəməsi” anlayışları da daxildir. Həlilik isə bunların hamısından maraqlısı işdə olan məhkəmə-tibbi ekspertiza rəylərinin müqayisəsinin ictimayətin müzakirəsinə verilməsidir. Qoy hamı görsün ki, ədalət mühakiməsi anlayışı Xətai Rayon Məhkəməsində necə başa düşülür.

Əgər hər bir halda hörmətli məhkəmə Natavan Yaqubovanın barəsində ittiham hökmü çıxarmaq qərarına gəlsə, bununla bağlı aşağıdakı məqamları da nəzərdən qaçırmamağı şiddətlə tövsiyyə edirik.

Azərbaycan Respublikası CPM-nin 1.1.-ci maddəsində göstərilir ki, cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.

Həmin Məcəllənin 1.2.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməkolmasın. Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin 1 hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. CPM-nin 21-2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145-3-cü maddəsi) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Görürsünüzmü, istinad edilən qanunlar baxımından Natavan Yaqubovaya elan edilmiş ittihama özbaşınalıqdan, qanunsuzluqdan başqa nə ad vermək olar?! Təbii ki, heç bir ad vermək olmaz.

Ona görə ki, Natavan Yaqubovanın təqsirliliyinə dəlalət edən bir dənə də olsun mötəbər sübut yoxdur. Mövcud olan isə yalnız istinad etdiyim sonuncu qeyri-mötəbər, digər rəylərin fonunda gülüş doğurmağa layiq, qeyri-ciddi, heç bir elmi mənbələrə və normativ sənədlərə əsaslanmayan, eksperti dövlət sirri kimi gizli saxlanılan xarici görkəminə görə rəyə bənzər bir sənəd!!! Ona görə də nə qədər ki, gec deyil, hörmətli məhkəmə istintaq orqanının qəsdən yol verdiyi özbaşınalıqları aradan qaldırmalı və Natavan Yaqubovanın kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməyə çalışmalıdır. Bu da yalnız onun barəsində bəraət hökmünün çıxarılması ilə mümkündür!

N.Yaqubovanın vəkili Ə.Heseynovun sözlərinə görə ekspert Cavid İsmayılov bir günahsız adama saxta rəy yazmaqla əslində cinayət işləyib: "Sizin özünüz üçün də maraqıdır ki, atasının adı belə tərtib etdiyi rəydən bəlli olmayan, təhsili, iş stajı da yuxarıda qeyd etdiyim kimi "sirri-xuda” olan bir cavan oğlanın, bir cavan həkimin rəyi, fikirləri, 35, 42 il iş stajına malik olan ekspertlərin rəylərini necə məhv etdi? Axı bu necə mümkün oldu? Doğurdan yəni bizim belə bir cavan və qeyri-adi istedada malik həkimimiz var?! Belə bir həkimimiz olsa, biz onunla yalnız fəxr edə bilərik! Əgər belə bir hal varsa, onda bu yeni "kəşf olunmuş” ekspert Cavid İsmayılovu nəyə görə bizdən, o cümlədən, artıq Siz hakimlərdən də gizlədirlər. Artıq bu ekspertin kim olmasını müəyyən etmək vəzifəsi Apellyasiya Məhkəməsinin hörmətli kollegiya üzvlərinin üzərinə düşür. O məhkəmə zalına gəlməli və iş üzrə verdiyi ekspertiza rəyi ilə bağlı əlavə şahid qismində dindirilməli və izah etməlidir ki, Natavan Yaqubova keçirdiyi cərrahi əməliyyatla bağlı hansı norma və standartları pozmuşdur. İttiham konkret olmalıdır və ittihamın mahiyyəti təqsirləndirilən şəxsə və məhkəmə zalında oturan hər bir şəxsə aydın olmalıdır. Bu isə nə təqsirləndirilən şəxsə, nə də ki, müdafiəçi kimi mənə aydın deyildir. Ümumiyyətlə Cavid İsmayılov adlı naməlum şəxsin kim olması, otolarinqoloq olub-olmaması bəlli deyil. Təqsirləndirilən şəxsin ekspertin kim olmasını, rəy vermək səlahiyyətinin olub-olmamasını bilmək hüququ var, ya yox?!!!....”

«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Artiko İtaliyaya qarşı iş üzrə qərarında göstərmişdir ki, Konvensiya xəyali və nəzəri hüquqlara deyil, konkret və real hüquqlara təminat verən şəkildə şərh olunmalıdır.

Ə.Heseynov qeyd edib ki, onların əsas istəyi N.Yaqubobvnın ədalətli mühakiməsidir: "İş üzrə apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilməli və məhkəmə istintaqı zamanı, iş üzrə ekspert qismində rəy vermiş Cavid İsmayılovun əlavə şahid qismində dindirilməli, Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə Yaqubova Natavan Azik qızının Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, onun 3 (üç) il həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 (üç) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməsi barədə 26 avqust 2019-cu il tarixli hökmü ləğv edərək, Natavan Yaqubovanın barəsində əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarasınız.”

Bu gedişlə Azərbaycan məhkəməsinin hakimləri Natəvan Yaqubovanı sülh və bəşəriyyətə qarşı cinayətlərdə də ittiham edəcəklər. Çox güman ki, qarşıdakı proseslərdə Xətai Rayon Məhkəməsi Reyxstaxın yandırılmasında da Natəvan Yaqubovanı təqsirli biləcəkdir. Ən azından heç bir fakta, sübuta söykənməyən ağır mühakimə bizə bunu deməyə əsas verir.

7NEWS.az olaraq mövzunu davam etdirəcək, növbəti yazılarımızda bir neçə peşəkar vəkilin iştirakı ilə ictimai müzakirə açacağıq.

7NEWS.az















Xəbər lenti