İslaholunmaz qərəzkarın yeni həmləsi

İslaholunmaz qərəzkarın yeni həmləsi
Kaş ki, heç bir günahsız bəndənin yolu məhbəsə düşməyəydi, ağır və dar yerdir. Zindan elə bir məkandır ki, günahıyla düşənin dili qısalır, günahsız düşənin dili uzanır. 
 
Oradan hərə bir cür çıxır. Adi oğrular azadlığa çıxandan sonra özlərini kriminal avtoritet kimi aparırlar, siyasi motivlərlə düşüb-çıxanların bəziləri isə özlərini siyasi avtoritet saymağa başlayırlar. 
 
Hiss olunur ki, araşdırmaçı jurnalist Xədicə İsmayıl ikincilərdəndir. O, azadlıqda olduğu ilk müsahibəsində artıq əlində təsbeh tutubmuş kimi, “rojon” kəsir, hökmlər verir: bu siyasi partiya elədir, o qəzet belədir və s. Sanki onun əlində “əsl müxalifətçi” vəsiqələri var və məhz o, müəyyən edir ki, bu vəsiqə kimə düşür, kimə düşmür.
 
Söz yox, o, günahsız həbs olunanlardan idi. Bu hakimiyyət X.İsmayılı kimisə intihar həddinə çatdırdığına görə tutmamışdı. “İntihar həddi” bəhanəydi. Əsas motiv o idi ki, araşdırmaçı jurnalist araşdırmaları ilə həddi aşmışdı. 
 
Göründüyü kimi, “araşdırma” sözü bir öncəki cümlədə dırnaq işarələri arasına alınmayıb. Amma onu deməkdə fayda var ki, X.İsmayılın həbsinə səbəb məhz ABŞ-ın kəşfiyyat-təhqiqat strukturlarının ofşor zonalardakı bank hesablarına dair apardığı araşdırmalarla onun araşdırmalarının üst-üstə düşməsiydi. 
 
Həmin vaxtlar ABŞ administrasiyası ilə rəsmi Bakının münasibətləri son dərəcə gərgin idi. X.İsmayıl isə ABŞ Dövlət Departamentindən maliyyələşən radionun əməkdaşıydı. İqtidar başbilənləri MKİ-nin hesabatı ilə jurnalistin araşdırması arasında necə bir bağlantı qurdularsa, jurnalisti həbs etdilər. MKİ rəislərinə əl çatmırdı, amma jurnalist yaxındaydı. 
Beləliklə, iki dövlət arasında yaranmış gərginliyin pik həddinə çatdığı vaxt qarşıdurmanın qurbanı Xədicə İsmayıl oldu. 
 
Bu həbsdə bardağı daşıran son damla rolunu isə jurnalistin bir beynəlxalq tədbirdə ermənilərə qoşularaq Azərbaycan himni çalınanda arxasına zala döndərməsi oynadı. Ona bu jestin bədəlini məhbəsdə ödətmək qərarına gəldilər. 
 
Hazırda azadlıqda olan həmkarımız müsahibəsində məhbəsdə “kişi kimi yatdığı”na, “sınmadığı”na dair ifadələr işlədir, dolayısı ilə Leyla Yunusun “sındırıldığını”, “pis günə qoyulduğu”nu təsdiq edir, bildirir ki, ona qarşı fiziki təzyiqə yol verməsələr də, Leyla Yunusa ağır işgəncələr veriblər. 
 
Əlbəttə, həbsə alındığı ilk gündən Leyla Yunus da ABŞ konqresmenlərinin, senatorlarının, Dövlət Departamentinin səlahiyyətli şəxslərinin, Avropanın üst qurum təşkilatlarının rəhbərlərinin, eləcə də nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatlarının total diqqəti, nəzarəti altında olsaydı, onu da “sındıra”, əzə bilməzdilər. 
 
Amma nə yazıq ki, adıçəkilən siyasi və hüquqi dairələr ölkədəki siyasi məhbusların hamısını bir tərəfə buraxıb, bütün diqqətlərini bir-iki nəfərin müdafiəsinə yönəltmişdilər. Hər gün məhz onlara azadlıq tələb edirdilər. Belə “doğma məhbus”lardan biri də X.İsmayıl idi. 
 
Bəlliydi ki, ABŞ və Azərbaycan hakimiyyətlərinin arasındakı konflikt çözülən kimi onu azad edəcəklər. Elə də oldu. 
 
İndi X.İsmayıl azadlıqdadır və öz ampluasındadır: məhbəsə düşməzdən əvvəl ölkə siyasətində Əli Kərimlinin rəhbərlik etdiyi partiyadan başqa siyasi qüvvə, özündən başqa “cəsur jurnalist” tanımırdısa, indi də elədir. 
 
Siyasi baxışlarını müəyyənləşdirmək, dostlar çevrəsini seçmək, əlbəttə, onun şəxsi işidir, haqqıdır, amma “siyasətlə heç vaxt məşğul olmayacağını” deyəndən bir dəqiqə sonra siyasətlə məşğul olaraq rəqib saydığı siyasi qüvvələri “vurmaq”, minlərlə fədakar, cəfakeş müxalifətçinin haqqını yemək həm qərəzli yanaşmadır, həm də öz-özünü təkzib etməkdir. 
Xədicə İsmayıl həmin müsahibəsində “Yeni Müsavat” qəzetini növbəti dəfə “Səs” qəzeti ilə eyniləşdirib. Bu, efirdə yeni səs deyil. X.İsmayıldan əvvəl bu sözü yüzlərlə adam təkrarlayıb. Amma nə işdirsə, bu iddia, ittiham nə “Yeni Müsavat”ın tirajına mənfi, nə də “Səs”in tirajına müsbət təsir etməyib. 
 
İki qəzet arasında fərqə gəlincə, bu trafaret ifadənin əsası yoxdur. X.İsmayıl qərəzsiz araşdırma aparsa, fərqi görə bilər. Məsələn, o, məhbəsdə olduğu vaxt “Səs” qəzeti onun lehinə sayıla biləcək bir cümlə verməyib, “Yeni Müsavat” isə "Azadlıq" radiosu və qəzetində, “Meydan TV”-nin saytında, BBC və “Amerikanın səsi” radiolarının xəbər portallarında X.İsmayılın müdafiəsinə nə qədər yazı olubsa, hamısını verib. Bu, heç.
 
“Yeni Müsavat”ın “Səs”dən fərqini müsahibənin müəllifi Əvəz Zeynallı istəsə təsdiq edə bilər. İstəməsə, lazım deyil. Amma o, özünün məhbəsdə olduğu vaxt “Yeni Müsavat”dan gördüyü dəstəyi dana bilməz. Hər halda, onun yaxınları hər gün Əvəz Zeynallı haqqında yazıları dərc olunmaq üçün “Səs”ə yox, “Yeni Müsavat”a göndərirdilər və onların istəyi həmişə nəzərə alınırdı. Bu da heç.
 
Qəzetimizin Müsavat Partiyasının kursuna təsirinə gəlincə, bu, açıq-aşkar böhtandır. “Yeni Müsavat” artıq çoxdandır ki, partiya qəzeti deyil. Qəzetin əməkdaşları sırasında müsavatçı olanların seçimi də öz ixtiyarlarındadır. Hər biri istənilən partiyanın üzvü ola bilərlər. Yetər ki, siyasi görüşlərini peşə fəaliyyətlərinə qarışdırmasınlar. 
 
X.İsmayılın bu sayaq fikirləri hansısa sifariş əsasında söylədiyinə gəlincə, bu da absurd fikirdir. Ortada sifariş-filan yoxdur. O, həmişə anti-Müsavat mövqeyində olub, elə də qalır və sonadək də qalacaq.

Musavat.com

Xəbər lenti