Şirkətlərin istismar etdiyi sürücülər qisası sərnişinlərdən alır: Kütləvi zəhərləmə...

Şirkətlərin istismar etdiyi sürücülər qisası sərnişinlərdən alır: Kütləvi zəhərləmə...
"Çox təəssüflər olsun ki, bu hallara demək olar, hər yerdə rast gəlirik; istər Bakının mərkəzində olsun, istərsə də ətraf ərazilərində bu özbaşınalıq davam edir. Avtobuslarda kameralar quraşdırılması nəzərdə tutulurdu, ancaq bəzi şirkətlər bu sistemə keçmədi, kameralar quraşdırmadı. Ona görə də sürücülər nəzarətsiz qalıblar, öz bildiklərini edirlər, telefonla danışırlar, siqaret çəkirlər. Bu barədə ən yaxşı addımlardan biri Bakı Nəqliyyat Agentliyinin başlatdığı metoddur. Ki, vətəndaşlarda ictimai qınaq formalaşdırır və onların fotolarını, videolarını çəkib BNA-ya göndərirlər. Bu aksiya artıq neçə aydır davam edir. Hətta hədiyyələr də verilir. Bu istiqamətdə fəaliyyət göstərən vətəndaşları qınayanlar da oldu. Ki, nəyə görə vətəndaşları satqınlığa yönəldirlər. Ancaq bu, satqınlıq deyil. Avropanın hər yerində ictimai nəzarət var. Bu, gedib sürücünü həyat yoldaşını döyərkən və ya oğluna şapalaq vurarkən çəkmir ki, onun insanları zəhərləyəndə, tərbiyəsizlik edəndə, cəmiyyət içərisində özünü apara bilmədiyi hallarda çəkilir. Bu normaldır. Bununla BNA əməkdaşlarının gizli reydləri nəticəsində də mübarizə aparıla bilər. Ancaq hələlik o tədbirlər keçirilmir. Sadəcə olaraq vətəndaşlar hardansa görüntü göndərəndə tədbir görülür. Ümumiyyətlə, bu hərəkət ədəbsizlik, əxlaq normalarından kənara çıxmaqdır", - deyə ekspert sürüclərin iş başında siqaret çəkməsini şiddətlə qınayıb". 

Elməddin Muradlı bununla yanaşı bir məqama da toxunub: 

"Bəzən sürücülər də psixoloji baxımdan gərgin, əsəbi vəziyyətdə olurlar. Bunun da səbəbi odur ki, iş rejimindən artıq işlədilirlər. Normal iş rejimi 8 saatdır. Avtobus sürücüsü olmaq daha ağır bir məsələdir. Bəlkə də onlar 8 yox, 6 saat işləsələr, daha yaxşı olar. Çünki çox gərgin işləyirlər. Səhər 6-dan oyanırlar, hər tip insanla rastlaşırlar. Biri deyir, burada saxla, düşəcəyəm, digəri deyir, niyə orada saxlamadın, niyə məni yolda qoydun, biri deyir, gediş haqqım yoxdur, biri kartı vurmur, biri deyir, kartımda pul qurtarıb, gələn dəfə verərəm... Hər tip insana rast gəlinir. Ona görə sürücülər çox gərginlik içərisində olurlar. Onların normal istirahət rejimi də yoxdur. Adam çayını içməyə vaxt tapmır, dincələ bilmir. Gedir sonuncu dayanacağa, 5 dəqiqə dayanır,sərnişin yığıb bir də çıxır xəttə. Düşünmək lazımdır ki, bunun tələbatları da var. Bu insanın çay içməyi, yemək yeməyi də var, bir az dincəlməlidir. Ancaq belə bir şey yoxdur. Bəzi daşıyıcı şirkətlər sürücüləri istismar edirlər. Axırda da bax, belə nəticələrə gətirib çıxarır". 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin də mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Mais Ağayev Qaynarinfo-ya açıqlamasında bildirdi ki, avtobusda olan hər bir sərnişin bir növ ictimai nəzarətçi rolunu oynayır. Həyata keçirilən layihə əsasında 3 ay ərzində BNA-ya sərnişinlər tərəfindən 149 müraciət edilib və 55 sürücü  barəsində inzibati tənbeh tədbiri görülüb: 



"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun cənab Prezident tərəfindən təsdiq edildikdən sonra Bakı Nəqliyyat Agentliyi qanunun tələbinin icrası ilə bağlı müvafiq tədbirlərin icrasına başlayıb. İlk növbədə sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılarla görüş keçirilib. Qanun tələbinin icrası ilə bağlı onlara tapşırıq verilib. Bundan əlavə, sürücülərin sükan arxasında tütündən istifadəsinə qarşı aparılan mübarizə tədbirlərində vətəndaşların da iştirakını təmin etmək üçün xüsusi layihəyə start verilib. Fevral ayından start götürən bu layihə davam edir. Hər üç aydan bir rüblük olaraq layihənin nəticələri elan edilir. Layihə şərtlərinə əsasən, sərnişin sükan arxasında tütündən istifadə edən sürücü gördükdə onun foto və ya video görüntüsünü qeydə alır. Daha sonra bu materialları avtobusun nömrəsi və aid olduğu marşrut xətti barədə məlumatları bizə təqdim edir. Bunu sosial şəbəkə və elektron poçt ünvanı vasitəsi ilə edə bilərlər. Və bu materiallar əsasında da sürücüyə cərimə tətbiq edilir. Bunun özü çox vacib bir layihədir. Çünki artıq sürücülər bilirlər ki, avtobusda olan hər bir sərnişin bir növ ictimai nəzarətçi rolunu oynayır. Bu yaxınlarda ən son 3 ayın nəticələri elan edildi. Vətəndaşlarımız tərəfindən bizə 149 faktla bağlı müraciət daxil olub ötən 3 ayda və 55 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb. Onu da qeyd edim ki, 3 aylıq nəticələrə əsasən, fəallıq göstərən sərnişinlər BNA tərəfindən mükafatlandırılır".

7News.Az

Xəbər lenti