`Nazir deyir ki, filan qəzet məni təhdid edir`

`Nazir deyir ki, filan qəzet məni təhdid edir`

“İnsan hüquqları həddi olan, hüdudu olmayan bir anlayışdır. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür”.

7News.Az xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib. 

Prezidentin köməkçisi bildirib: “İstehlakçıların hüquqlarını müdafiə etdiyimiz instansiyadan baxdıqda, onların da insan hüquqları ilə bağlı öz baxışları var. Onların da hüquqları qorunmalıdır. Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, mən buranı bağlayıram. Çünki buranı yoxlayacağam. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumlar bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların, istehlakçıların da özlərinə nəzarət edən qurumların hüquqlarının müdafiəsinə ehtiyac var”.

Ə.Həsənov xatırladıb ki, Azərbaycan prezidenti sahibkarlıq subyektlərində 2 illik yoxlamaların aparılmasını qadağan edib: “Bundan istifadə edən işbazların hərəsi bir QHT adı ilə müəssisələrə gedib, yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamağa cəhd edir. Demirəm ki, burada vəziyyət acınacaqlıdır. Bu baxımdan QHT-lərin, medianın da fəaliyyəti şəffaflıq tələb edir”. 

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda bu gün reketçiliklə məşğul olan jurnalistlər az deyil: “Bunu siz də bilirsiz. Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir, açıq formada böhtan yazır. Deyirəm ki, məhkəməyə müraciət edin. O da deyir ki, işimi-gücümü buraxıb məhkəməyə gedim? Həmin reket jurnalistin üzərində 15 məhkəmə qərarı var. Amma həmin şəxs özünü dəliliyə vurub. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Hakimiyyət qanadı olaraq, həm qanunverici orqan olaraq daxil olan təşəbbüsləri və təklifləri ümumiləşdirib ümumi ictimai davranış qaydaları səviyyəsinə qaldırıb qanunvericilik təsviri kimi həyata keçiririk. 

Biz icra orqanları maksismum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış, vətəndaşlardan gələn fikirləri ümumiləşdirib, cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək. Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməli, insanların icra, qanunvericilik strukturundan və QHT-lərdən şikayət etmək hüququnu dolğun təmin etməlidir”. 

Prezidentin köməkçisi vurğulayıb ki, bundan əlavə cəmiyyətdə şəffaf müzakirə mühütü yaradılmalıdır: “Düşünürəm ki, parlamentin bu təşəbbüsünün gələcəyi var və bunu davam etdirmək lazımdır. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturlarından və cəmiyyətdən daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır”.

Xəbər lenti