TATARISTANIN XALQ ŞAİRİ MİLLƏT VƏKİLİNİN DƏVƏTİ İLƏ AZƏRBAYCANA GƏLİR

TATARISTANIN XALQ ŞAİRİ MİLLƏT VƏKİLİNİN DƏVƏTİ İLƏ  AZƏRBAYCANA GƏLİR

Millət vəkili prof.dr. Qənirə Paşayevanın dəvəti, "Avrasiya Beynəlxalq Araşdır¬malar İnstitutu” İctimai Birliyi (ABAİ İB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutacaq səfər çərçivəsində Bakıda, Sumqayıtda maraqlı görüşlər nəzərdə tutulub. 

Qardaş Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyev və xanımı, onları müşayiət edəcək rəsmi şəxslər və Azərbaycan yazarlarının müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq. 
Azərbaycan Yazıçılar Birliyinin NATAVAN Klubunda (31 iyul/Saat 14.00) qardaş ölkənin Xalq şairinin bu il Bakıda çıxmış "Payız yağmurları” kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimatda millət və¬killərinin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. 
01 avqustda (saat 14.00) isə "Payız yağmurları”nın Sumqayıt Poeziya Evində "İmza günü” keçiriləcək. 
Qardaş ölkənin Xalq şairinin uyğunprofilli dövlət və qeyri-hökumət qurumlarında, o cüm¬lə¬dən Milli Məclisdə, AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunda, NİZAMi adına Ədəbiyyat Muzeyində, Tatarıstan Respublikasının Azərbaycandakı Nümayən-dəliyində də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, "Payız yağmurları”nın bu il içində Tatarıstanda da təqdimatı nəzərdə tutulub.
Xatırladaq ki, "Payız yağmurları” Xalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (Azərbaycanca və Tatarca) verilib. 
Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist dr. Həyat Şəmi çevirib.
"XAN” nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.
 "PAYIZ YAĞMURLARI”nın məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tata¬rıs¬tanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və  millət vəkili Qənirə Paşayevadır. 
Kitaba "USTAD” dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb.
Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tata¬rıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.
 
 
7News.Az

Xəbər lenti