“Tiflisdən Payneyə” filminin təqdimatı olub

“Tiflisdən Payneyə” filminin təqdimatı olub
Diasporla İş üzrə Dövlət Komitəsində "Tiflisdən Payneyə” filminin təqdimatı olub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Film Azərbaycanın görkəmli şairi, XIX əsr Azərbaycan ədəbiyyatında maarifçiliyin nümayəndəsi olan Mirzə Şəfi Vazehin 225 və alman şairi Fridrix fon Bodenştedtin 200 illik yubileyinə həsr edilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək belə bir sənət əsərinin yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşına, ədəbiyyatına diqqət və qayğı ilə yanaşıb. İstər dövlətimizin başçısı, istərsə də Birinci vitse-prezident yaradıcı insanlara hər zaman xüsusi diqqət göstərirlər. Azərbaycan Prezidentinin "Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı bunun bariz nümunəsidir.

"Tiflisdən Payneyə” sənədli filminin ideya müəllifi, Alman-Azərbaycan cəmiyyətinin sədri professor Çingiz Abdullayev filmin yaranması və mahiyyəti barədə məlumat verib.

Sənədli filmin nümayişindən sonra AMEA-nın akademik katibi Teymur Kərimli, Mirzə Şəfi Vazeh irsinin tədqiqatçısı, professor Akif Bayramov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və başqaları ekran əsərinin məziyyətləri barədə ətraflı danışıblar.

Sonda filmin ssenari müəllifi Yasəmən Quliyevaya diplom, yaradıcı heyətinin üzvlərinə isə xatirə hədiyyələri təqdim olunub.
7News.Az

Xəbər lenti