Ukrayna prezidentinin müşaviri: Qarabağdakı “seçkilər”i tanımırıq

Ukrayna prezidentinin müşaviri: Qarabağdakı “seçkilər”i tanımırıq

Ermənistanın Xarici İşləri Nazirliyi işğal altındakı Qarabağda "yerli idarəetmə orqanları”na keçirilən "seçkiləri” tanımadıqlarını bəyan edən Ukrayna və Gürcüstan XİN-lərinin bəyanatına mənfi reaksiya verib.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu yaxınlarda keçirilən brifinqdə bəyan edib ki, işğal altındakı separatçı rejim "demokratik seçkilər”in keçirilməsində ciddi təcrübəyə malikdir.

Bununla yanaşı, Ukrayna "seçkilər”i qanunsuz adlandıraraq tanımaqdan imtina edib. Kiyevdə düşünürlər ki, sözügedən "seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüquq normalarını pozur və hüquqi cəhətdən qeyri-qanunidir.

Ukraynanın Qarabağ məsələsində mövqeyi dəyişməzdir. Rəsmi Kiyev Azərbaycanın bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qeyri-şərtsiz dəstəkləyir.

Öz növbəsində Gürcüstan da Qarabağda keçirilən "seçkilər”i tanımadığını bəyan edib. Tbilisidə qeyd edirlər ki, Gürcüstan Azərbaycanın beynəlxalq hüquqla tanınmış  suveren sərhədlərinə hörmətlə yanaşır.

Ukrayna prezidentinin siyasi məsələlər üzrə müşaviri, Ali Radanın deputatı Nikita Poturayev Media.Az-a Ermənistan XİN-in bəyanatını şərh edib.

"Kiyevin mövqeyi bəllidir, biz beynəlxalq hüququn tərəfdarıyıq. "Seçkilər”i tanımamaqdan başqa mövqeyi bizdən gözləməyə dəyməz. Beynəlxalq hüququn prinsipləri bizim xarici aqressiyadan müdafiəmizdir. Təkrar edirəm, bizim mövqeyimiz bəllidir. Mövqeyimizi dəyişməyəcəyik”, - deyə Nikita Poturayev bildirib.

Müsahibimizin sözlərinə əsasən, Kiyev lazım olanı, öhdəsində olanı deyir. Yerevan isə "məlum səbəblərə görə reaksiya göstərir”.

"Ukraynada dəyişən heç nə yoxdur. Qanuna əməl etmək hər zaman lazımdır. Qanunları pozmaq pis haldır və biz qanunları pozmuruq. Bizdən incimək də lazım deyil, çünki biz beynəlxalq hüquqa uyğun olaraq davranırıq”, - deyə Nikita Poturayev şərh edib.

7News.Az

Xəbər lenti