lombard

Xalxala 4 metr hündürlüyündə qar yağıb

Xalxala 4 metr hündürlüyündə qar yağıb

Ərdəbil vilayətinin Xalxal şəhərinə üç gün qar yağması böhranlı vəziyyətə səbəb olub.

Tasnim xəbər agentliyinin məlumatına görə, Ərdəbil vilayətinin cənub Xalxal rayonunda 3 metrdən çox qar yağması nəticəsində, şəhərin bir çox hissəsində elektrik və su kəsilib. Həmçinin ağır qar yağıntıları nəticəsində bir çox kəndin yolu bağlanıb.

Beş gün sürən yağıntılar fevralın 13-də kəsilsə də, çovğun və külək davam edib, kənd və şəhər yollarını açmaq üçün səylər davam edir.

 

Şəhərdə qar səviyyəsi 4 metrə çatdığı və rayonun bəzi dağlıq ərazilərində uçqun olduğu haqda məlumat yayılıb, lakin baş verən uçqunlarda heç bir itkinin olmadığı deyilir.
Xalxal meri Firudin Babayi şəhərin son durumu barədə məlumat verərək, şəhər səviyyəsində qarın yüksəkliyinin 4 metrdən çox olduğunu və rayonun bəzi dağlıq ərazilərində də uçqunlar baş verdiyini, həmçinin 65 kəndin yollarının bağlandığını bildirib.

O, həmçinin şiddətli qar yağıntıları və havanın soyuqluğuna görə Xalxal kəndlərinin içməli suyu kəsildiyini bildirib.

Ərdəbil vilayətinin Yol və Nəqliyyat İdarəsinin baş direktorunun verdiyi məlumata əsasən, vilayətdə 800 kəndin yolu qar yağıntıları nəticəsində bağlanıb və 231 kəndin yollarını açmaq cəhdləri davam edir.

Xalxal şəhərinin yerli mənbələrinin yaydığı məlumata görə, dağlıq bölgələrdə kəndlərin keçən həftə yağan qardan bəri on gündən çoxdur ki, yolları bağlıdır. Kənd əhalisinin şəhərə gəlib öz ehtiyaclarını almaqda çətinlik çəkdiyi bildirilir.

Xalxalın İran parlamentindəki millət vəkili Bəşir Xaliqi deyib ki, "bütün kəndlərə elektrik enerjisi veriləcəyini bildirdilər, amma bəzi kəndlərdə hələ də elektrik enerjisi yoxdur, yəni kəndlərdə çörək bişirmək üçün belə bir imkan yoxdur. Bədbəxt hadisələri görməməyimiz üçün bu kritik vəziyyətlərin mümkün qədər tez həll olunması barədə acil çarə qılmaq lazımdır."
Yağan qar nəticəsində meydana gələn böhran qarşısında yetərsiz qalan dövlət orqanlarının cəhdləri vətəndaşlar arasında narazılığa səbəb olub.

Yerli mənbələrin yayımladığı məlumata əsasən, bəzi bölgələrdə qar mühasirəsində qalan vətəndaşların qurtarılmasına imkanların yetərsiz olması nəticəsində ciddi tədbirlərin alınmadığı qeyd olunur.

Ərdəbil vilayətinin Meteorologiya İdarəsi Xalxal rayonunu - 25.2 dərəcə ilə ölkənin ən soyuq rayonu kimi qeydə alıb./Amerikaninsesi.org

Xəbər lenti