Azərbaycan neftini 153 manata satır - MANATLA REKORD

Azərbaycan neftini 153 manata satır - MANATLA REKORD

Sentyabr ayında Azərbaycanda pul bazası 6,6% artıb və 2018-ci il sentyabrın 28-nə olan rəsmi məlumata görə 8 mlrd. 871,5 mln. manat təşkil edir. 

7News.Az xəbər verir ki, manata təzyiqin artmasının qarşısını almaq üçün Mərkəzi Bank sterilizasiya tədbirlərini davam etdirir.

Pul bazasının belə sürətlə artması milli valyuta üçün hər hansı bir təhlükə yarada bilərmi? 

İqtisadçı ekspert Rəşad Həsənovun 7News.Az-a açıqlaması çox maraqlı məqamları ortaya çıxarıb. 

O hesab edir ki, indiki halda konyuktur pul bazasının genişləndirilməsi və sabit məzənnə siyasətinin davam etdirilməsinə uyğundur. Azərbaycanda xarici faktorlarda əsas rolu məhz neftin qiyməti oynayır. Neftin qiyməti hazırda ölkəmiz üçün kifayət qədər cəlbedici bir səviyyədədir. 


"Azərbaycan heç vaxt bu səviyyədə manatla ifadədə neft satmayıb. Təxminən Azərbaycan nefti dünya bazarlarında 88 dollara təklif edilir ki, bu, 153 manat ətrafında bir qiymətdir. Hətta 150 dollara neft satılanda belə, Azərbaycan manatla ifadədə belə qazanc götürməyib. O vaxt 150 dollar təxminən 120 manat edirdi. Ona görə də pul bazasının genişləndirilməsinə böyük imkanlar var”. 

İqtisadçının fikrincə, bu artımlar valyuta bazarında təzyiq formalaşdıracaq səviyyədə də deyil. Nəzərə alsaq ki, Mərkəzi Bank vəziyyətə çevik reaksiya verir və avqust ayında manata olan psixoloji təzyiqləri çox inamlı şəkildə dəf etdi, artıq Azərbaycan əhalisində və biznesdə narahatlıqlar aradan qalxdı. Bu da sentyabr ayında dollar alışının azalmasında özünü göstərdi:

"Azərbaycan artıq 2014-cü ilin Azərbaycanı deyil. 2014-cü ildə Azərbaycanda bankların dövriyyədə təxminən 25 milyard manata yaxın vəsaiti vardı, bu isə 30 milyard dollar deməkdir. Əhalinin yığımlarının mühüm hissəsi manatla idi. İndi elə deyil. Bütün sahələrdə dollarlaşma gedib, əhali yığımlarının böyük hissəsini dollara keçirib, banklar vəsaitlərini xarici valyutada saxlayır”.

7News.Az

Xəbər lenti