Azərbaycanlı fanat: Himnimiz səslənəndə ermənilər ayağa qalxdı

Azərbaycanlı fanat: Himnimiz səslənəndə ermənilər ayağa qalxdı

Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığmasını dəstəkləmək məqsədilə fanat Bəxtiyar Əliyev Macarıstanın paytaxtına gedib.

7News.Az xəbər verir ki, Bəxtiyar vətənə dönəndən sonra biz ondan səfər təəssüratlarını öyrənmək və beynəlxalq yarışda azərbaycanlı idmançıların fanatı kimi "fəaliyyətin”dən danışmaq qərarına gəldik. 

"Mən hər zaman azərbaycanlıların beynəlxalq arenada çıxışlarını izləyirəm, çünki idmançılarımızı xaricdə dəstəkləmək istəyirəm, - Bəxtiyar Əliyev deyib. – Ötən il Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilən zaman oraya getmək istəyirdim, ancaq viza məsələsi ilə bağlı müxtəlif çətinliklərlə qarşılaşdım.

Ancaq bu il viza məsələsini əvvəlcədən hazırladım. Səfirlik bizə viza verən kimi Budapeştə yollandıq və təsadüfən güləş üzrə dünya çempionatının keçirildiyi yerə yaxın hotelə yerləşdik. 

Biz güləşçimiz Cəbrayıl Həsənovun finalda çıxış edəcəyi gün Budapeştə gəldik. Təəssüf ki, Azərbaycanın heç bir idman kanalı bu döyüşü göstərmirdi, bunun əvəzində isə tennis nümayiş etdirilirdi. Bununla yanaşı, yaxınlıqda yaşayan dostlarım azərbaycanlı idmançıların hər bir qələbəsi münasibəti ilə məni təbrik edirdi. "Siz haradan bilirsiniz?” sualını soruşanda onlar cavab verirdilər ki, onların ölkəsində bu çempionatı canlı yayımla nümayiş etdirirlər”. 

Bəxtiyarın sözlərinə görə, təəssüf ki, sərbəst güləşçilərimiz uğursuz çıxış edirdilər və Cəbrayılın finalda qələbəsi komandaya inam verəcəkdi. 

"Arenaya gələn zaman biletlərlə bağlı problemlə qarşılaşdıq. Macarıstan tərəfi bizə VİP-sektora bilet satmaqdan imtina etdi və bizi ən küncdə yerləşən tribunaya göndərdi. Ancaq mən peşəkar fanat kimi arenaya tez gəldim və lazımi tribunada əyləşdim. Ancaq burada da təşkilatçılar bizə mane olmağa və bayrağımızı qadağan etməyə çalışdılar. Belə bəhanə gətirdilər ki, bayrağımız yayım zamanı beynəlxalq güləş federasiyasının loqotipinin bir hissəsinin qarşısını kəsir. 

Biz çox az idik və final vaxtı 100-dən çox amerikalı fanat bizdən bərk qışqırırdılar. Bunu görən rusiyalı fanatlar da "Azərbaycan! Azərbaycan!” qışqırmağa başladılar. Təəssüfləndirici haldır ki, finaldan əvvəl Türkiyə və İrandan olan fanatlarla razılaşdıq, ancaq qarşılaşma başlayan zaman onlar neytral mövqe tutdular. 

Mənim üçün Cəbrayıl Həsənovun qələbəsi xüsusi olardı, çünki mən "Xəzər Lənkəran” azərkeşiyəm, o isə cənub zonasındandır. Ona görə də onun finalda məğlubiyyəti mənim sevimli komandamın məğlubiyyətinə bərabər idi”, - azərbaycanlı fanat bildirib.

Müsahibimiz bildirib ki, 7News.Az-ın bununla bağlı məlumatından sonra 14-15 nəfər azərbaycanlı tələbə arenaya gəldi. Ancaq onlar çox passiv idilər və mən onlardan şüar səsləndirmələrini istəyən zaman onlar bundan imtina etdilər. 

Və ən başlıcası – turnirin üçüncü günündə Eldəniz Əzizli finala çıxdı, Rəsul Cunayev isə bürünc medal uğrunda mübarizə aparırdı. Döyüşdən əvvəl həmyerlilərimizi tribunalarda görəndə çox heyrətləndik. Bax, onlar əsas fanatlar idi! Onlar mənimlə söhbətində dedilər ki, müsahibəmi gördükdən sonra Avropanın müxtəlif ölkələrindən buraya gəliblər.

Eldəniz Əzizlinin qırğız döyüşçü ilə final qarşılaşmasından əvvəl biz bayraqlarımızı qaldırdıq, bu zaman Qırğızıstandan olan bir nəfər də öz bayrağını bizim tribunanın qarşısında qaldırdı. Biz ona başa saldıq ki, bu, azərbaycanlı fanatların tribunasıdır. Ona mənim sözüm xoş olmasa da, yerində oturdu. Və o, bunu edən zaman Eldəniz Əzizli qısa zamanda rəqibini məğlub etdi.

Fanatlar bizi təbrik edirdi, hamının üzündə sevinc və gülüş vardı. Çempionumuz döyüşdən sonra tribunamıza yaxınlaşdı və dəstəyə görə bizə təşəkkür etdi. 

Biz mükafatlandırma mərasimi zamanı himni birlikdə səsləndirdik və mən zaldakı ermənilərə gözucu baxdım, himnimiz səslənən zaman onlar da ayağa qalxmalı oldular. 

Yüksək əhval-ruhiyyə Cunayevin bürünc medala sahib olması ilə davam etdi və döyüşdən sonra idmançımız fanatlarla selfi etdi”. 

Bəxtiyar Məmmədov özünün beynəlxalq yarışlarda fanat qismində peşəkarlığından da danışıb:

"2015-ci ildə Tehranda keçirilən dünya kubokunda da millimizlə birlikdə olmuşam. Xatırlayıram ki, komanda hesabında qələbə qazananda idmançılar mənim verdiyim bayraqla dövrə vurdular. Düzünü desəm, tez-tez səfərlər edirəm, ancaq həmişə bu səfərlərimi idmançılarımızın çıxışı zamanına salıram. İdman yarışları axşamlar keçirilir. Buna görə də səhərlər gəzmək və ya işləmək, axşamlar isə turnirə getmək olar. Misal üçün, bu günlərdə karateçilərimiz İspaniyaya yollandılar. Mən getməyi çox istəyirdim, ancaq şengen vizasını qısa müddətdə ala bilmədiyim üçün bu səfər baş tutmadı. 

Ölkəmizdəki yarışları isə buraxmamağa çalışıram. Əgər mən regionlarda istirahət edirəmsə, futbol qarşılaşmaları və ya beynəlxalq turnirlər zamanı səfərimi yarımçıq dayandırıb, Bakıya qayıdıram”. 

7News.Az

Xəbər lenti