Azərbaycanlı gənclər Sarkisyanın İtaliyaya səfərinə etiraz etdilər

Azərbaycanlı gənclər Sarkisyanın İtaliyaya səfərinə etiraz etdilər

Azərbaycanlı gənclər Ermənistan prezidenti Serj Sarkisyanın İtaliyaya səfərinə etiraz olaraq Romada aksiya keçiriblər. 

7news.Az xəbər verir ki, aksiya Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) və İtaliyada təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə keçirilib. 

 AİGA-nın üzləri İtaliya Prezidenti Sercio Mattarellaya, Senatın sədri Elizabetta Kastellatiyə, Deputatlar Palatasının sədri Federiko Fikoya, parlamentin hər iki palatasında təmsil olunan bütün siyasi blokların rəhbərlərinə müraciət ünvanlayaraq, S.Sarkisyanla rəsmi görüşlərin nəzərdə tutulması səbəbindən onları bu şəxsin kimliyi və onun törətdiyi cinayət əməlləri barədə məlumatlandırmağı özlərinə borc bildiklərini, onun əli günahsız insanların qanına batmış qatil olduğunu qeyd ediblər.

Müraciətdə deyilir ki, Sarkisyan Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı vaxtı aralarında qadınlar, uşaqlar və yaşlılar da olmaqla mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş müharibə cinayətlərində, xüsusilə də 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımında birbaşa iştirak edib,

 "Üstəlik Xocalı soyqırımının Ermənistan silahlı qüvvələri tərəfindən törədilməsini utanmadan və böyük fəxrlə britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində etiraf edib.

O, deyib: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.

Müraciətdə, həmçinin qeyd edilib ki, S.Sarkisyan 20 ildən artıqdır Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıtmasına imkan verməyən, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün mədəni-tarixi irsi yerlə-yeksan etmiş və irqi ayrı-seçkiliyi dövlət siyasəti səviyyəsində təşviq edən hərbi-cinayətkar xuntanın rəhbəridir.

S.Sarkisyan və onun rəhbərlik etdiyi cinayətkar rejim çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı sənədlərə məhəl qoymur.

Qeyd olunub ki, Sarkisyanın cinayətkar əməlləri onun yalnız Azərbaycana qarşı törətdikləri ilə məhdudlaşmır. Ermənistana rəhbərlik etdiyi illərdə bu ölkədə insan haqları ilə bağlı vəziyyət bərbad hala düşüb, Ermənistan dünyanın ən yoxsul ölkələrindən birinə çevrilib və ölkədəki çətin sosial-iqtisadi vəziyyət əhalinin kütləvi şəkildə Ermənistanı tərk etməsinə səbəb olub.

Müraciətin müəllifləri qeyd olunanları nəzərə alaraq, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün və Xocalıda qətlə yetirilmiş günahsız insanların ailə üzvlərinin adından Sarkisyanın qəbul edilməməsini və onunla görüşlərin keçirilməməsini xahiş edirlər.

Azərbaycanlı gənclər, həmçinin Romanın əsas meydanlarında etiraz nümayişi keçirərək, S. Sarkisyanın əsl kimliyi, onun rəhbərlik etdiyi rejimin kriminal mahiyyəti, dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətlər barədə şüarlar səsləndirib, məlumat vərəqələri paylayıb, yerli kütləvi informasiya vasitələrinə açıqlamalar veriblər.

Azərbaycanlı gənclərin etirazı ilə bağlı məlumatlar bir sıra mətbuat orqanlarında da yayılıb.

 

 

7news.Az

Xəbər lenti