Azərbaycanlı iş adamı Rusiyada niyə şərlənir?

Azərbaycanlı iş adamı Rusiyada niyə şərlənir?

Rusiyada yaşayan, xeyirxahlığı ilə şöhrət qazanan azərbaycanlı iş adamlarına qarşı bir çox hallarda şərləmə kampaniyası aparılır, onlar müxtəlif üsullarla gözdən salınmağa çalışılır. Bir çox hallarda bu əməllərə anti-Azərbaycan qüvvələri, ermənilər və təəssüf ki, onlara müxtəlif maraqlar müqabilində dəstək olan üzdəniraq həmvətənlərimiz tərəfindən də dəstək verilir. Başqa sözlə desək, azərbaycanlı iş adamları düşmənin "dəyirmanına su tökən” həmvətənlərimiz tərəfindən "vurulur”. Onlar Rusiyanın ictimai-siyasi mühitinə təsir etmə imkanları olan, bu ölkədə nüfuza sahib azərbaycanlı iş adamlarını sıxışdırmaq, nüfuzdan salmaq üçün müxtəlif üsullara əl atırlar.

Anti-Azərbaycan şəxslərin oyununa gələrək öz həmvətənlərinin qurbanına çevrilən iş adamlarından biri də xeyirxahlığı ilə Rusiyada şan-şöhrət qazanmış Elçin Əhmədovdur.

Son zamanlar Rusiyada ona qarşı ən müxtəlif qarayaxma kampaniyaları aparılır. Həmyerlimizə qarşı həyata keçirilən qarayaxma kampaniyasına arxa planda erməni əsilli məmurların qatılması da istisna edilmir. E.Əhmədova qarşı aparılan bu oyun o həddə çatıb ki, artıq Rusiyanın rəsmi dövlət qurumları da məsələyə qarışıb. Belə ki, Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel” və "AyBaRus” şirkətlərinin sahibi Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib.

E.Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında qaldırılıb. Məsələnin maraqlı tərəfi budur ki, ortada kifayət qədər fakt olmadığı halda müstəntiqlər həmin cinayət işi əsasında E.Əhmədovun mənzillərində axtarış aparıb "Aysel” və "AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Bundan başqa, vergi və digər nəzarət orqanları iş adamının biznesini yoxlamağa başlayıblar.

Əsassız ittihamı irəli sürənlər iddia edir ki, E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun "Sofiysk” bazarında quldur basqını həyata keçiriblər. Maraqlıdır ki, hadisənin iki il əvvəl baş verdiyini iddia edən şəxslər nə üçün məhz bu ilin may ayında belə bir iddia irəli sürüb?

Araşdırma zamanı bəlli olur ki, xeyirxah iş adamı kimi tanınan E.Əhmədova qarşı belə bir iddianın altında maddi maraqlar yatır. Və təəssüf ki, Rusiyada yetərincə nüfuza sahib bir azərbaycanlı biznesmenin şərlənməsi məhz öz həmvətənlimizin əli ilə həyata keçirilir. Təbii ki, maddi maraqlarını milli maraqlardan üstün tutanlar, həm də bu ölkədə yaşayan ermənilərin bu addımı fürsətə çevirməsinə, azərbaycanlılar barəsində mənfi imici formalaşdırmalarına dəstək olurlar.

Elçin Əhmədov özü də bu barədə açıqlama verərək Novruz Xəlilovun onu şərlədiyini bildirib:

"Novruz Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. Üç il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə mediada şübhəlilərin onlarla qətldə əli ola biləcəyi yazıldı. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib”.

O, 2015-ci ildə "Royal” MMC-də heç bir quldurluq etmədiyini deyir:

"Bu mübahisə Cənubi Afrika Respublikasından portağal idxalına görə yaranmışdı. Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mən hər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”.

Elçin Əhmədov deyir ki, Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. "Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”.

O bildirir ki, həbs olunmayacağına dair zəmanət verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.

Onu da qeyd edək ki, E.Əhmədov xeyirxahlığı ilə Rusiyada böyük ad qazanıb. Köməyə, yardıma ehtiyacı olan həmvətənlərimiz daim onun qayğısını hiss edir. Odur ki, o, Rusiyada həmvətənlərimizin böyük rəğbət və hörmətini qazanıb. Məhz bu amillər də onu qarşı aparılan qarayaxma kampaniyasının məqsədli şəkildə ortaya atıldığını deməyə əsas verir.

7News.Az

Xəbər lenti