Bağçalarla bağlı İRAD: Ailələrin ödəmək imkanı olmur

Bağçalarla bağlı İRAD: Ailələrin ödəmək imkanı olmur

Təhsil Problemləri İnstitutu tərəfindən Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməməsi səbəbləri araşdırılıb.

7news.Az Trend-ə istinadla xəbər verir ki, "3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi çərçivəsində aparılan araşdırmalara əsasən məlum olub ki, əsas səbəblər uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik və ya əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olması və sairdir. Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır.

Layihənin yekun nəticələrində qeyd olunur ki, hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur.

Nəticələrdə bildirilir ki, 2020-ci ildə ölkədə uşaqların məktəbə hazırlığa cəlb edilməsinin 90 faizə çatdırılması nəzərdə tutulur.

2019-2020-ci dərs ilində 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək. Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevirin, 2401 nəfəri Abşeronun payına düşəcək.

Azərbaycanda 2016-ci ildə məktəbəhazırlıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərindəı isə daha aşağı səviyyədə olub.

7news.Az

Xəbər lenti