Bakı Olimpiya Stadionunda daha bir ilk gerçəkləşdiriləcək

Bakı Olimpiya Stadionunda daha bir ilk gerçəkləşdiriləcək

Mayın 4-də Bakı Olimpiya Stadionunda (BOS) WFCA-48 beynəlxalq turniri keçiriləcək. 

7news.Az-a verilən xəbərə görə, WFCA-48 turniri çərçivəsində azarkeşlər üçün artıq tanınmış MMA idmançıları iştirak edəcək. 

Bəxtiyar Arzumanov, Mehman Məmmədov, Tofiq Musayev, Vüqar Kərəmov – peşəkar döyüş idmanında artıq uğur qazanmış simalardır.

Saat 19:00-da başlayacaq turnirin təşkilatçıları "Olimpiya” və "Axmat” döyüş klubları və BOS-dur.

Rusiyanın (Çeçenistan) "Axmat” klubunun tanınmış nümayəndəsi, çempionu, ən perspektivli döyüşçülərindən biri olan Məhəmmədrəsul "Frodo” Xasbulayev (28-7) turnirin super-döyüşündə Salman Camaldayev (15-1) ilə görüşəcək.

Ümumilikdə, WFCA-48 turnirində MMA qaydalarına uyğun olan 14 döyüş keçiriləcək.

Turnir Azərbaycanda bir ilk olacaq və tamaşaçıların rəğbətini qazanaraq bir ənənənin başlanğıcı olacağına inanılır.

Rinq BOS-un əsas meydançasında qurulacaq, tamaşaçılar isə üç min yerlik oturacaqlarla təmin ediləcək.

Biletlərin satışı online olaraq iticket.az saytında, şəhərin mərkəzləşdirilmiş kassalarında, həmçinin ASAN mərkəzlərində mövcuddur; qiymətlər 5, 10 və 20 AZN arasında dəyişir.

Çempionatın mətbuat konfransı mayın 2-də keçiriləcək, rəsmi çəki mərasimi isə bundan bir gün sonra baş tutacaq.

Turnir "CBC Sport” kanalı tərəfindən "Match TV” üçün siqnal ötürülməsi ilə canlı yayımlanacaq.

Bu turnirdə Azərbaycan, Rusiya, Argentina, ABŞ, Qırğızıstan, Braziliya, Ukrayna, Niderland, Qazaxıstan, Tacikistan və Dominikan Respublikasının MMA döyüşçüləri öz döyüş bacarıqların göstərəcəklər.

7news.Az

Xəbər lenti