Bakı yollarında sarı tor - Onun əli və ya dili yoxdur ki...

Bakı yollarında sarı tor - Onun əli və ya dili yoxdur ki...
"Müasir yol hərəkəti təşkilində qırmızı xətlə cızılan belə bir yanaşma var: hər şeyi sürücü və ya başqa hərəkət iştirakçısı üçün daha aydın, daha əyani etmək, az qala onun ovcunun içinə qoymaq, gözünün qabağına asmaq. Bax, sarı tor da bu yanaşmadan irəli gəlir. Məqsəd odur ki, hətta ən zəif hazırlıqlı sürücünün də səhv etməsinə imkan verilməsin.

Amma məlumdur ki, bütün qaydaların real həyatda icra edilməsi və qarşıya qoyulan məqsədə çatması həmin qaydaların şamil edildiyi insanların yanaşmasından asılıdır. Bizim yanaşmalar isə heç birimizi qane etmir. Ona görə də hər kəs - başda hərəkəti təşkil edənlər və təhlükəsizliyə nəzarət edənlər olmaqla hamı (sürücü, piyada və s.) özündən başlamaqla yanaşmalarını dəyişməlidirlər".

7News.Az milli.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xəttinin - sarı kəsişmə torunun çəkilməsi ilə bağlı məsələlərə münasibətində bildirib.

Ekspert qeyd edib ki, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir: "Bu sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağının qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinlik çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək".

Paytaxtda yolda "tor quruldu" - Nəqliyyatın kilidlənməsinin qarşısını almaq üçün - FOTO
Onun sözlərinə görə, sarı tor özlüyündə tıxacın qarşısını almayacaq: "Çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücüsünə desin ki, gəlmə, dur, gözlə. Təkrar da olsa, qeyd edirəm ki, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın".

Ə.Hüseynovun fikrincə, çox şey yenə də sürücülərdən asılıdır: "Sarı tor olan və ya olmayan yerdə YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir. 5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydaya çox asan riayət edə bilər. Özü də həm svetoforlu, həm də svetoforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə satabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə isə elə etməlisiniz ki, yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz".

Hüquqşünas sarı torla bağlı qaydaların pozulmasına görə cərimələrlə bağlı məsələyə də aydınlıq gətirib: "Sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmaqğa görə İXM-in 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər.

Sarı tor hələ ki, YHQ-də təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi müzakirəyə təqdim edilib, yəqin ki, yaxın gələcəkdə qəbul olunar".
7News.Az

Xəbər lenti