Bakıda dönərxanalar təhlükə mənbəyidir:

Bakıda dönərxanalar təhlükə mənbəyidir:

Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir.

7news.Az xəbər verir ki, bunu Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığı üçün təhlükəlidir: “Mərkəzi Avropa ölkələrində dönərlər “tezbazar” deyil, oturaq yemək kimi qəbul olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırladı. Həmin standartlarda dönərin hansı şəraitdə və necə hazırlanması göstərilib. Amma bu addım da bu sahədə özünü doğrultmadı”.

E.Hüseynov bildirib ki, həmin standartlardan sonra rəhbərlik etdiyi qurum dönər bazarında monitorinq aparıb. Məlum olub ki, Bakıda hazırlanan dönərlərin 85 faizi həmin standartlara cavab vermir: “Araşdırmalar zamanı məlum oldu ki, bu sahədə bəzi şirkətlər qaneedici fəaliyyət göstərsə də, bir sıra tanınmış şirkətlər standartlara cavab verən dönər hazırlamır. Bizim monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır”.

Təşkilat sədri bildirib ki, 2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Lakin bu gün Bakıda dönərxanaların 80 faizi toyuq ətindən dönər hazırlayır və satır. Azad İstehlakçılar Birliyi bununla bağlı Səhiyyə Nazirliyinə müraciət edib: “Müraciətdə göstərmişik ki, toyuq ətinin mənşəyi məlum olduğu və qadağalara baxmayaraq ölkədə toyuq ətindən dönərlər hazırlandığı üçün bu qadağa götürülsün. Lakin nazirlik hələ də bu qadağanı götürməyi məsləhət bilməyib”.

E.Hüseynov deyib ki, hazırda Bakıdakı dönərxanaların gigiyenik qaydalara riayət etməsi səviyyəsi çox pisdir. Dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır: “Dövlət qurumları yollarda Bakıya gətirilən, mənşəyi məlum olmayan tonlarla əti aşkar edir, məhv edir. Amma həmin qurumlar araşdırmır ki, bu ətlər hara gətirilir, kimlərə təhvil verilir və hansı obyektlərdə istifadə olunur. Tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, amma hara gətirildiyi açıqlanmır. Yəni tələb var ki, təklif meydana çıxır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkənin də dönərxanalara ət verib-vermədiyi məlum deyil”.

O, qeyd edib ki, Azərbaycanda bir neçə dönərxana istisna olmaqla qalan dönərxanalar əhalinin sağlamlığına kütləvi ziyan vurur.

AİB sədri deyib ki, köz və qazla bişən dönərlər insan orqanizmi üçün daha təhlükəlidir: “Hər iki halda bişən dönər ziyanlıdır. Ona görə ki, həmin prosesdə ətin içi yaxşı bişmir. Üz tərəfi qızarır, onu kəsib qaba tökürlər, daxildə olan ətin qan plazması bişməmiş halda həmin kəsilən hissəyə axıb qarışır və bu cür də istehlakçıya verilir. Həmin qan qarışan dönər heyvanda olan xəstəliklərlə birlikdə insanlara ötürülür. Ən ciddi məsələ də elə budur".

Qastroenteroloq İlqar Alışov isə açıqlamasında bildirib ki, dönərlər ümumiyyətlə mədəyə ziyanlıdır və bu yeməkdən istifadə olunmaması məsləhətdir: "Birincisi, dönərlərin hazırlanması prosesində nöqsanlar var. İkincisi isə dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır. Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəziyə də ziyanlıdır. Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".

Rəsmi açıqlama görə, buna səbəb müvafiq dövlət standartına riayət edilməməsidir.  Qeyd edək ki, 2012-ci ildə ölkədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli əmri ilə dönər standartı qəbul edilib. Elə həmin ilin oktyabrın 15-dən başlayaraq qərar tətbiq edilməyə başlanılıb. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, dönər standartının tətbiqinə başlanılsa da, ortada dəyişən heç nə yoxdur:
“Bir müddət öncə dönərxanalarla bağlı monitorinq apardıq və məlum oldu ki, araşdırdığımız dönərxanaların 80 %-i standartlara uyğun işləmir. 
Dönərxanaları ətlə təmin edən 3 şirkət müəyyən olunub, onlar “Azbanvit”, “Elba MMC” və “Çudo Peçka” müəssisəsidir. Çox maraqlıdır, qeyd etdiyim “Çudo Peçka” müəssisəsinin ət bazası olmadığı halda dönərxanaları ətlə təmin edir. Bu çox təəccüblüdür. Yalnız “Azbanvit” müəssisəsi yüksək standartlara cavab verən təchizatla təmin olunub və keyfiyyətli məhsul təqdim edir. 
Apardığımız araşdırmalar göstərir ki, xüsusən də paytaxt Bakıdakı dönərxanaların əksəriyyəti ət məhsulunu mənbəyi bilinməyən yerlərdən əldə edir. Bununla bağlı olaraq yenidən monitorinq aparmaq fikrimiz var”. 
Xatırladaq ki, 2006-cı ildə dünyada “quş qripi” xəstəliyi yayıldığından ölkəmizdə də bir sıra toyuq məhsullarından hazırlanan qidalara, o cümlədən də toyuq dönərinə qadağa qoyulmuşdu. Lakin “quş qripi” xəstəliyinin sovuşmasına baxmayaraq hələ də məlum olmayan səbəblərdən toyuq dönərinə qadağa var. Araşdırma zamanı məlum olub ki, elə paytaxt dönərxanlarının əksəriyyətində toyuq məhsulundan istifadə edilir. 
Bununla bağlı paytaxtın bir neçə dönərxanasına baş çəkərkən bir daha əmin olduq. Metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən kiçik dönərxanada da yalnız toyuq dönəri satılırdı. Dönərçi bildirdi ki, artıq bir neçə ildir ki, yalnız toyuq dönəri satır:
“Doğrudur, toyuq dönərinə qadağa qoyulub, lakin hamı yalnız bu dönəri sifariş edir. Toyuq dönəri həm ucuzdur, həm də insanlar daha çox bu dönərə etibar edir. Əvvəllər “quş qripi” var idi, hazırda bu xəstəlik hamının yadından çıxıb, heç bir yerdə yoxdur qadağanı niyə aradan qaldırmırlar, bunu bizə də izah edə bilmilər”.
Apardığımız kiçik sorğudan məlum oldu ki, əsasən broyler toyuqlarından hazırlanan toyuq dönəri Bakıda təxminən 1 manat 20-30 qəpiyə satılırsa, mal ətindən hazırlanan dönərlərin ən ucuzu 1manat 40 qəpikdir. 
Burdan da real bir sual ortaya çıxır, əgər “quş qripi” təhlükəsi yoxdursa, həm ucuzluluğuna, həm də keyfiyyət baxımına görə əhali daha çox toyuq dönərinə üstünlük verirsə niyə ona qoyulan olan qadağa aradan qaldırılmır?
Eyyub Hüseynov bildirdi ki, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsə də ona qadağanın aradan qaldırlmayacağı deyilib:
“Bizim apardığımız monitorinqlər bir daha sübut etdi ki, dönərxanaların 85 faizi toyuq dönəri satır. Beləliklə, toyuq dönərinin satışı de-yure qadağan olunsa da, de-fakto satışdadır. Nəticədə bir çox həkimlər qanunsuz qazanc əldə edir, yəni neqativ hallar baş verir.  Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə məktub yazdım. Bildirdim ki, bu qadağanı aradan götürməklə səhiyyədə baş verən bir çox neqativ hallar
aradan qalxar. Ya bu qadağa tamamilə aradan götürülsün, ya da ki, toyuq dönərlərinin satışı birmənalı olaraq yasaqlansın. Sadəcə burda bəzi dövlət qurumlarının “xoşməramlı” niyyətləri var. Lakin mənə çox cavab gəldi ki, toyuq dönərinə qoyulan qadağa götürülməyəcək”.
Toyuq dönəri təhlükəsizdir?
Eyyub Hüseynov bildirir ki, toyuq dönəri mal ətindən hazırlanan dönərə nisbətən daha təhlükəsizdir:
“Toyuq dönərlərinin heç olmasa mənşəyi məlumdur. Mal ətindən hazırlanan dönərlər bir çox hallarda insan sağlamlığı üçün böyük təhlükədir, çünki burda daha çox nöqsanlara yol verilir.
Ümumiyyəltə isə həm toyuq, həm də mal ətindən olan dönərlərin hazırlanmasında kifayət qədər qanunsuzluq mövcuddur. Məsələn, bir çox hallarda tələb olunan ət düzgün formada emal olunmadığından onun tərkibində mikroorqanizmlər məhv olmur və bu insan orqanizmində ciddi xəstəliklərə yol aça bilir. Və yaxud, dönərin bişirilməsi üçün tələb edilən temperatur düzgün seçilmir. Nəticədə ətin üst tərəfi yaxşı bişir, daxili isə bir qədər çiy qalır. Gün ərzində aparatın üstündəki ət qalır. Yüksək temperatur onun daxilində olan mikroorqanizmlərin fəaliyyəti üçün əlverişli şərait yaradır. Dönərin üz tərəfini sıyıranda onun daxilindəki yağ siniyə axır və bişməmiş maye ətlə qarışdırılıb istehlakçıya təqdim edilir. Üstəlik, onun içinə qatılan mayonez və digər mayelər də arzuedilməzdir. Çünki onların da saxlanılması, istifadə edilməsi doğru-dürüst yerinə yetirilmir”.
Zəhərə dönən dönərlər
Bir neçə il bundan əvvəl dönərlərin hazırlanmasında qazdan istifadə edilirdi. Nəticədə təbii qazdan istifadə zamanı onun tərkibindəki maddələr bir başa ətə daxil olurdu və bu da zəhərlənmələrə gətirib çıxardırdı. Aidiyyatı orqanlar bu halı aşkarladıqdan sonra dönərin hazırlanmasında qazdan istifadəni qadağan etdi. 
Sevindirci haldır ki, bu qadağadan sonra dönərxanaların çoxunda qaz aparatı yığışdırılıb. Xüsusən də demək olar ki, bütün restoranlarda qaz aparatından deyil, közdən istifadə edilir.
Dönərxanalara baş çəkərkən bu fakt da gözümüzdən yayınmadı. Məsələn, “Şanlı” restoranın əməkdaşları bildirdilər ki, təqdim etdikləri bütün növ dönərlər yalnız közdə bişirilir. Həqiqətən də dönərin közdə bişirilməsinin yaxından şahidi olduq. Bu həqiqətdir ki, restoranlarda dönərin hazırlanma texnologiyalarına ciddi əməl olunur, bir çox sanitar qaydaları nəzərə alınır.
Metronun “Neftçilər” stansiyasının digər çıxışına yaxın olan, yol kənarında yerləşən bir başqa dönərxanadan dönər alan şəxslərlə söhbət etdik. 
Müştərilərdən biri bildirdi ki, tikintidə fəhlə işləyir, “tezbazar” dönər almaq ona sərf etdiyindən onun zərərini bilə-bilə yenə də dönərxanalara üz tutur:
“Maddi imkanım yol vermir ki, gündəlik kafedə və ya restoranda yemək yeyim. Ailəm şəhərdə olmadığından bu cür dönər və ya başqa şeylə mədəmi “aldadıram”. Bunun sağlamlığıma zuyan vurduğunu bilirəm, amma məcburam”. 
 
Xalidə Gəray
 
 
 


Azərbaycanda “Halal Dönər” qadağan olundu - “Elba”nın “fatihə”sinin pərdəarxası

Azərbaycanda “cəld yemək” kimi tanınan dönər artıq demək olar ki, Bakıda əksər insanların nahar yeməyinə çevrilib.

Tələbatdan asılı olaraq bu cür yeməklər demək olar ki, bütün şəhəri bürüyüb. Artıq əksər insanlar ayaqüstü yemək olduğu üçün dönərlərdən istifadəyə üstünlük verir. Amma, əslində bu sahə ciddi nəzarətdə saxlanılmalıdır. Çünki, bu cür yeməklərdən daha çox zəhərlənmələr baş verir. Tezbazar köz, qaz və digər yanacaqla qızardılan bu yeməklərdən istifadə zamanı daha ehtiyatlı olmaq lazımdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələdən narahatdır və Azərbaycanın dönər bazarında ciddi problemlərin olduğunu iddia edir: “Azərbaycanda dönərin standartları yaradılıb. Amma, bu sahədə böyük problemlər yaşanır. Bunu hamı bilir. Azad İstehklakçılar Birliyi dönərlərlə bağlı monitorinqlər apardı və məlum oldu ki, 80 faiz yerlərdə dönər standartlara uyğun satılmır və mərkəzləşdirilmiş qaydada gətirilmir”. Sfera.az-a daxil olan məlumata görə, dönər sektorunda olan üç monopolist şirkətdən biri-“Elba” sıradan çıxıb. Buna səbəb müvafiq dövlət standartına riayət edilməməsidir.

Qeyd edək ki, 2012-ci ildə ölkədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli əmri ilə dönər standartı qəbul edilib. Elə həmin ilin oktyabrın 15-dən başlayaraq qərar tətbiq edilməyə başlanılıb. Dönərxanaları ətlə təmin edən 3 şirkət müəyyən olunub, onlar “Azbanvit”, “Elba MMC” və “Çudo Peçka” müəssisəsidir. “Elba” şirkəti Gəncədə yerləşir və respublika ərazisində ən geniş dönər paylayan şirkət olaraq, tanınır. Ancaq hələ bir müddət öncə Eyyub Hüseynov bildirmişdi ki, ““Elba” şirkəti haqqında da bizə təzadlı məlumatlar gəlir.

Məlumata görə, “Elba” şirkəti hələ ki ət kəsimi sistemini yaratmayıb, Lakin bizə təzadlı məlumatlar gəlir ki, həmin şirkətin dönər hazırladığı ətin mənşəyi ürəkaçan deyil. Bizə məlumat daxil olub, amma hələ ki biz konkret faktları araşdıra bilməmişik”. Göründüyü kimi, “Elba” ilə bağlı şikayətlər dövlət komitəsini də narahat edib ki, bu şirkətə qadağa qoyub. Sfera.az-ın əməkdaşı şəhərdəki dönərxanalar arasında da reyd aparıb. “Elba”-nın loqosu ilə dönər satan müəssisələr artıq bu firma ilə əməkdaşlıq etmədiklərini bildiriblər: “Bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Elba” tövsiyyə olunmuşdu. Bir neçə ay öncə oradan yeni təlimat gəldi ki, “Elba” ilə əməkdaşlığı dayandırın, biz də əməkdaşlığa son verdik”. Xatırladaq ki, “Elba” ilk dəfə Azərbaycanda “Halal Dönər” sertifikatı ilə meydana çıxmışdı.

7news.Az

Xəbər lenti