Bakıda məktəbdə 9 şagird bibər qazından zəhərləndi - Valideyn polisə çağırıldı

Bakıda məktəbdə 9 şagird bibər qazından zəhərləndi - Valideyn polisə çağırıldı
Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə uşaqların üzünə gözyaşardıcı qaz balonu püskürdən şagird 6-cı sinifdə təhsil alır.

7News.Az xəbər verir ki, Bakı şəhər Baş Təhsil İdarəsindən Unikal.org-a bildirilib ki, uşaq qaz balonunu atasından alıb. Hadisə həm şagird və müəllimlər, həm də valideynlər arasında təşviş yaradıb: 

"76 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, oktyabrın 10-u saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyə olunub. Şagirdlərə ilkin tibbi yardım göstərilib".

Hadisə yerinə 5 təcili yardım çağırılıb. Hazırda 2-si oğlan, 7-si qız olmaqla uşaqlar Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. 

Qeyd edək ki, uşaqların üzünə gözyaşardıcı qaz balonu püskürdən 6-cı sinif şagirdinin atası 30-cu polis şöbəsinə çağırılıb.
 

7News.Az

Xəbər lenti