Bakının mərkəzində problem - Baş mühəndis sakinləri hədələdi (VİDEO)

Bakının mərkəzində problem - Baş mühəndis sakinləri hədələdi (VİDEO)
Respublika qış rejiminə keçəndən müxtəlif ərazilərdən istiliklə bağlı şikayətlər gəlməkdədir. 

Belə şikayətlərdən biri baku.ws-ə Yasamal rayonu M.Müşfiq küçəsi 70 ünvanında yaşayan bir qrup sakin tərəfindən edilib. 

Sakinlər beşmərtəbəli binada istiliyin olmadığını deyirlər. Məmmədova Tamam, İsmayılova Alla, Nəbiyeva Təranə, Əhmədov Elmir adlı sakinlər binalarında istilik sisteminin altı il əvvəl quraşdırıldığını, xərclərin də özləri tərəfindən çəkildiyini bildirirlər. Məmmədova T. deyir ki, şəxsən onun bu məsələyə görə 490 manat xərci çıxıb. Sakinlər bildirir ki, ilk üç ildə hər şey qaydasında olub. Daha sonra problemlər yaranmağa başlayıb.

Son iki ildə isə ümumiyyətlə istilik yoxdur. Məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara, şəxsən Yasamal rayonu üzrə Azəristiliktəchizat ASC-nin sədri Firdovsi Həsənova şikayət məktubu yollayan sakinlər hələ də dərdlərinə çarə tapmadıqlarını deyirlər.

Məsələni araşdırmaq üçün sözügedən ünvana baş çəkdik. Biz orada olduğumuz vaxt İstilik idarəsinin baş mühəndisi Nəbi Sultanov sakinlərin şikayətlərininə cavab tapmaq üçün ora gəldi. Vətəndaşlarla kobud danışığı ilə seçilən baş mühəndis təəssüflər olsun ki, eyni münasibəti jurnalistin işinə qarşı da göstərirdi. 

N.Sultanov İdarə tərəfindən heç bir problem olmadığını, bütün binalar kimi M.Müşfiq küçəsi 70 ünvanının da istiliklə tam təmin olunduğunu dedi. Binanın 2, 3, 4 və 5-ci mərtəbəsində yaşayan şikayətçi sakinlər isə mənzillərində istiliyin qətiyyən olmadığını bildirməkdə davam edirdilər. 

Baş mühəndis problemin sakinlərin özlərindən qaynaqlandığını, hansısa sakinin kommunikasiya xətlərini dəyişdirdiyini, əlavə xətlər çəkdiyini iddia etdi. Həqiqətən də sözügedən mənzilin zirzəmisi istiliklə çox yaxşı təmin edilmişdi. Bunu görən sakinlər hətta zirzəmidəki borunu sındırmaq belə istədilər. Səbəb olaraq, onlara istiliyin gəlməsinin qarşısını kəsən qonşunu bu yolla cəzalandıracaqlarını dedilər.

Sakinlər birinci mərtəbədə yaşayan qonşudan şübhələnsələr də, həmin sakinin qonşuları və baş mühəndisi mənzilə buraxması ilə bu şübhə də aradan qalxdı. Məlum oldu ki, heç birinci mərtəbədə də istilik yoxdur. N.Sultanov məsələnin əsaslı araşdırılmalı olduğunu, bunun üçün sakinlərin MİS-ə və ya sahə müvəkkilinə müraciət etmələrini məsləhət gördü. 

Baş mühəndis bu yöndə sakinləri hüquqi maarifləndirməyə də cəhd göstərdi. O, problemin həlli kimi qonşuların məhkəməyə üz tutmasını təklif etdi. Qonşular isə bu yolla problemlərinə çarə tapa bilməyəcəklərini anlayıb, alternativ istilik xətti çəkmək haqqında düşündüklərini bildirdilər. Hətta buna görə yenidən xərc çəkməyə hazır olduqlarını dedilər./baku.ws

7news.Az



 

Xəbər lenti