Bal yarmarkası sabah başlayır

Bal yarmarkası sabah başlayır

5-18 oktyabrda Bakıda keçiriləcək bal yarmarkasına gətirilən 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul yararsız olduğu üçün satışa buraxılmayıb.

7News.Az xəbər verir ki, builki yarmarkaya respublikanın 371 arıçı ailəsindən 150 ton bal çıxarılacaq.

Bunun beş tonu çərçivə balıdır.

Bu il yarmarkaya çıxarılacaq bal məhsulları ilə bağlı təşkilati məsələləri Kənd Təsərrüfatı Nazirliyi həll etsə də, onun keyfiyyəti ilə bağlı məsuliyyət Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, ekspertiza üçün götürülən bütün məhsullar məxfi şəkildə kodlaşdırılıb və anbarlara yığılıb. Arıçının iştirakı olmadan məhsullardan analiz götürülüb. Nəticədə 30 ton balın keyfiyyətsiz olduğu aşkar edilib və həmin məhsullar başqa anbara keçirilib.

Məsələ bununla da bitmir. Qida Təhlükəsizliyi Agentliyi yararsız balın yarmarkaya çıxarılmasının səbəblərini araşdırmaq üçün həmin arıçılıq təsərrüfatlarına səfər edəcək.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, keyfiyyətsiz bal istehsalında Astara-Daşkəsən təsərrüfatlarının adı daha çox hallansa da, bunun səbəblərinin araşdırılması vacib məsələdir.

Balın qiymətinə gəlincə, B.Həsrətovun açıqlamasına görə, bu il bal bir qədər qıtdır. Ona görə də bu il yarmarkada bal ötənilkindən bir qədər baha – 20-25 manata satıla bilər.

Yarmarkada KİVA beynəlxalq sertifikasiya təşkilatı da çıxış edir. Təşkilatın əməkdaşı Mətin Duran bildirib ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında üçüncü tərəf qismində çıxış edirlər:

"Burada bizim işimiz Qida Təhlükəsizliyi Agentliyinin analiz nəticələrindən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verəcəyik”. 

7News.Az

Xəbər lenti