Balakəndə V-IX əsrlərə aid abidə aşkar edildi

Balakəndə V-IX əsrlərə aid abidə aşkar edildi

Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

AMEA-dan 7news.Az-a verilən məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji tədqiqat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib ki, tədqiqatlar ilk öncə abidənin kənar divarlarında aparılıb. Onun xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra daxili tədqiqatlara başlanılacaq. Bu maddi-mədəniyyət nümunəsinin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Abidə müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir.

N.Alışov bildirib: "Hiss olunur ki, abidədə əvvəl yanğın baş verib, sonradan onun daxilində çökmə prosesini əks etdirən 15-ə yaxın mədəni təbəqə yaranıb. Bu mədəni təbəqə üst təbəqədəki çökmə-dağılma prosesini əks etdirir. Üst təbəqənin 50 sm-ə yaxın ölçüdə dağıldığı müşahidə edilir. Digər təbəqələrin isə tədricən dağıldığı görünür. Burada yanğın izləri və kül qatları aşkar olunub”.

Arxeoloqun fikrincə, abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoturizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq, gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir.

Xəbər lenti