Baş nazirin müavini: Bu, "qara mühasibatlığ"ın ortaya çıxmasına zəmin yaradır

Baş nazirin müavini: Bu,

"Bu gün Azərbaycanda 4,9 milyon əmək qabiliyyətli insan var. Bunun 4,7 milyon nəfəri məşğuldur. Onların 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri kənd təsərrüfatında çalışır. Bunlardan 1,5 milyon nəfər əmək müqaviləsi bağlayan, rəsmi fəaliyyət göstərən insanlardır. Yerdə qalanlar qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olanlardır".

7news.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmaması ciddi sosial məsələ olaraq qarşıda durur: "Qeyri-rəsmi məşğulluq qeyri-rəsmi iqtisadiyyatın yaranması üçün çox münbit şəraitlərdən biridir. Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluqla bağlı yaranmış vəziyyətin tezliklə aradan qaldırılmasını istəyir. İkincisi, qeyri-rəsmi məşğul insanlar vergidən yayınırlar, sosial ödənişlərin həyata keçirilməsində də ciddi problemlər yaranır. Qeyri-rəsmi məşğulluq bu fəaliyyətlə məşğul olan insanların sosial və əmək hüquqlarının qorunmasına da problem yaradır".

Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluq qeyri-leqal məşğulluq olanda daha ciddi problemə yol açır: "Qeyri-rəsmi məşğulluq "qara mühasibatlığ"ın da ortaya çıxmasına zəmin yaradır. Dövlət Sosial Müdafiə Fonduna qanuni ödənişlərin həyata keçirilməsində problemə yol açır. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, insanların pensiya almaq hüququ Dövlət Sosial Müdafiə Fonduna işlədikləri dövr ərzində ödədikləri vəsaitlə bağlı olacaq. Belə olan halda qeyri-rəsmi məşğul olan insanlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəmirsə, pensiya almaq hüququ yaranacaq. Ona görə hökumət bu problemi tənzimləmək istəyir ki, insanlarımız gələcəkdə ağır duruma düşməsinlər. Ona görə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb".

 

7news.Az

Xəbər lenti