Beş şahmatçımız Avropa çempionatında medal qazandı - FOTO

Beş şahmatçımız Avropa çempionatında medal qazandı - FOTO

Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatı başa çatıb.

7News.Az xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət "Odlar Yurdu” komandası sonuncu – VII turda Çexiyanın "Novi Bor” klubu ilə qarşılaşıb.

Liderimiz Şəhriyar Məmmədyarovun Radoslav Voytaşeklə heç-heçə etdiyi turda komandamız rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Bununla da komandamız turniri 9 xalla IX sırada tamamlayıb. Çempion 12 xal toplamış Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən "Mednı Vsadnik” komandası olub. Eyni xala malik Çexiyanın "Novi Bor” və 11 xal toplamış Rusiyanın "Molodyojka” komandaları müvafiq olaraq gümüş və bürünc medallar qazanıb.

Komandamız medalsız qalsa da, şahmatçılarımız fərdi mükafat qazana bilib. Belə ki, beşinci lövhədə çıxış edən Qədir Hüseynov bürünc, yeddinci lövhədən Nicat Abbasov gümüş medal qazanıb.

Qadınlardan ibarət "Odlar Yurdu” komandamız isə turniri VI sırada başa vurub. Komandamız son turda Kiyev Şahmat Federasiyası komandasına 1:3 hesabı ilə uduzub.

Çempion Monakonun Monte-Karlo ərazisini təmsil edən "Serkl deşek” komandası olub. Gümüş mükafata Gürcüstanın "Nona”, bürüncə isə Rusiyanın "Yuqra” komandaları yiyələnib.

Qadın şahmatçılarımızdan isə üç nəfər fərdi mükafat qazana bilib. Xanım Balacayeva (üçüncü lövhə) bürünc, Gülnar Məmmədova (dördüncü lövhə) və Ülviyyə Fətəliyeva (beşinci lövhə) isə gümüş medal qazanıblar.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 22 min avro idisə, qadınlarda bu, 13 min idi.

7News.Az

Xəbər lenti