Bir neçə manatdan asılı həyatımız: “Jack Daniels” viskisindən “Naxçıvan” kolbasasına

Bir neçə manatdan asılı həyatımız: “Jack Daniels” viskisindən “Naxçıvan” kolbasasına

Müxtəlif xəstəliklərin, o cümlədən, xərçəngin sürətlə yayılması, xəstəliklərin gəncləşməsi, intihara aparan depressiya, sonsuzluq - son zamanların ən çox müzakirə edilən mövzularındandır.Mütəxəssislər hər bir hal üzrə səbəblərdən danışarkən ərzaq təhlükəsizliyi məsələsini önə çəkir və ərzaq bazarındakı vəziyyətin insan həyatı üçün ciddi təhlükə yaratdığını təkrar-təkrar vurğulayır.Ekoloji təmiz, saxta olmayan məhsul tapmaq Azərbaycanda əsl problemə çevrilib.Hər kəs aldığı maldan əmin deyil və bazarda rəqabətlilik çox olmadığına görə ona təmiz adı altında satılan hər şeylə kifayətlənmək məcburiyyətində qalır.

"Jack Daniels” viskisi... Yasamaldakı sexdə

Bazarda saxta malların cövlan etməsini təkcə mütəxəssislər və sıravi alıcılar yox, hətta istehsalçı şirkətlər də təsdiqləyir.Bu günlərdə Azərbaycanın ərzaq bazarında xüsusi çəkiyə malik olan "Azərsun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan da bunu etiraf edib."Rəqabət hər yerdə var, amma biz hər yerdə və hər zaman sağlam rəqabət axtarırıq.Yerli bazarda saxta məhsullarla rastlaşırıq.Çox istərdim ki, bütün şirkətlər təmiz rəqabət aparsınlar və Azərbaycanı böyütsünlər.Yerli istehsalat böyüməlidir.Azərbaycanın qida təhlükəsizliyi təmin olunmalıdır.Bir daha üzümü bütün şirkətlərə tutaraq təmiz rəqabət aparmağa dəvət edirəm", - deyə S. Uzan bildirib.

Bir neçə gün öncə isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz, saxta spirtli içkilərin istehsal edilməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat keçirib.Daxili İşlər Nazirliyinin məlumatına görə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində fakt öz təsdiqini tapıb və Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayevlə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyən edilib. Sexə baxış zamanı külli miqdarda saxta "Beluga”, "Stoliçnaya”, "Absolut”, "Nemiroff”, "Russkiy Standart”, "Moskovskaya”, "Russkiy Kalibr”, "Kremlin” "Banketnaya”, "Zolotoe Koltso” araqları, "Jack Daniels” və "Chivas regal” viskiləri, keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər.Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər.Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib. Bu əməliyaytdan bir neçə gün sonra isə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin daxili bazarda apardığı müşahidələr üzrə müəyyən olunub ki, Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan” adı ilə markalanıb. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur.Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.

1 manatlıq süddən 4 manatlıq "yağ” 

Bunlar ancaq 2 nümunədir.Belə nümunələrə istənilən yerdə və istənilən zaman rast gələ bilərik.Məsələn, Azərbaycanda da çox satılan "Ankor” yağı istehsalçıları saxta mallarla qarşılaşmamaq üçün alış-verişi əsəsən böyük marketlərdən etməyi məsləhət görürlər.Əks təqdirdə, alıcının aldanmayacağına zəmanət verilmir. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarət olur. Hətta əsl yağ təəssüratı yaratsın deyə kərə dadı və qoxusu da verilir. Bəzi yağ istehsalçıları qarğıdalı və ya günəbaxan yağına kərə qoxusu əlavə etdiyi kimi, amma saxta. Mütəxəssis hesablamalarına görə, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli süd lazımdır. Südün topdansatış bazar qiyməti isə hazırda 30-50 qəpik, pərakəndə satışda 1-1,6 manat arasında dəyişir. Bura daşınma, istehsal xərclərini də əlavə etsək, qiymətin bazarda kərə yağı adı altında 4 manata satılan şeyin nə olduğunu bilmək doğrudan da maraqlı olardı.Kərə yağı adı altında satılan və digər yağlarda qiymətlərin kəskin bahalaşmasına görə alıcısının daha çox olduğu bu yağları adi suda həll etsəniz, boyaq maddəsi dərhal suyun rəngini bulandıracaq. 

Məşhur otellərdə şampun əvəzinə qabyuyan maye

Bazarda hazırda ən çox saxta yağlar, "Moskovski”, "Doktorskaya”, "Lyubitelskaya”, "Yubileynaya” adı altında istehsal edilən kolbasalar, spirtli içkilər, eləcə də təmizlik vasitələri satılır. Məlumatlara görə hətta adlı-sanlı otellər də Sumqayıt ətrafındakı gizli sexlərdə doldurulan, ancaq məşhur markaların adı ilə satılan şampun və digər təmizlik vasitələrindən istifadə edir. Bu faktı bir neçə il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının keçirdiyi yoxlamalar da göstərmişdi. Komitə əməkdaşları Bakının məşhur otellərində birdəfəlik istifadə üçün nəzərdə tutulan şampunların əslində qabyuyan maye olduğunu deməklə mətbuatı əməlli-başlı təəccübləndirmişdi.Kim zəmanət verə bilər ki, bu hal indi də təkrarlanmır?

Yoxlamalar "saxta” işə yaradı

Bazarda saxta mal problemi Azərbaycanda həmişə olub və zaman-zaman küçələrdən marketlərə daşınıb.Əgər əvvəl küçə ticarəti ilə məşğul olanların saxta mal satdığı güman edilirdisə, indi səyyar ticarətin qarşısının nisbətən alınması saxta mal istehsalçılarını marketlərə istiqamətləndirib. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov belə hesab edir ki, sahibkarlığın dəstəklənməsi məqsədilə yoxlamaların dayandırılması barədə qərardan öz mənfəəti üçün yararlananlar var. Ekspert hesab edir ki, bazarlarda saxta malların artmasının bir səbəbi də yoxlamaların dayandırılmasıdır və əgər bir müddət sonra yoxlamalar bərpa edilərsə, bu müddətdə vurulan ziyanı aradan qaldırmaq asan olmayacaq.

Ən çox saxtalıq araqdadır

E.Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, hazırda bazarda ən çox saxta mallar spirtli içkilər sektorunda təsadüf edilir: "90-95 faiz araqların, çaxırların üzərində istehsal tarixi yazılmır. Araqların saxlanma müddəti 1 il, çaxırlar 6 ay, konyaklarınkı isə 2 ildir. Bizdə isə anbarlarda araqlar uzun müddət saxlanır, sonra bazara çıxarılır.Dəfələrlə keçirilən monitorinqlərdə saxta mallar aşkarlanıb və məhv edilib.Ancaq bu sektorda saxta malın qarşısını almaq mümkün olmur.Yoxlamaların dayandırılması əsl sahibkarların yox, həm də saxta mal istehsalçılarının işinə yarayıb.İndi bazarda yoxlama olmamasından istifadə edərək saxta mal çıxarılır.Onlara qarşı cəzaların olduqca yüngül olması, yəni, qazancları müqabilində az olması saxta mal bazarına rəvac verir”.

Dağıstan sexlərindən Bakı bazarına

Müşahidələr göstərir ki, saxta mallarda əhalini aldatmağa yönələn bir qaydadan - məhsulun adının rus dilində və kiril əlifbasında yazılmasından daha çox istifadə edilir. Bu yazını oxuyan alıcı onun hansı ölkədə istehsal olunduğuna baxmadan Rusiya malı kimi qəbul edir və nəticədə aldanır. Halbuki ştrix-koduna baxmaqla məhsulun harda istehsal olunduğunu bilmək mümkündür.Məsələn, "28 May” metrostansiyasının ətrafındakı bəzi topdansatış parfümeriya mağazalarında saxta ətriyyat mallarının satışı uzun illər davam edib.Üstəlik, orijinal adı ilə satılan bu məhsulların qiymətindəki ucuzluq onların topdansatış qiymətlə satılması ilə əlaqələndirilib.

Ancaq Dövlət Nəzarət Xidmətinin dəfələrlə keçirdiyi monitorinqdə əslində həmin məhsulların saxta olduğu üzə çıxıb. Azərbaycanda Rusiya malı adı ilə satılan məhsulların da əsasən Dağıstan və qismən Çeçenistanda gizli sexlərdə istehsal olundugu bildirilir. İndilik görünən odur ki, Azərbaycan alıcısının daha çox keyfiyyətli yox, ucuz mal axtarması saxta mal istehsalçılarının bazarını açıb.Buna görə də saxta mal alıb həm həyatınızı təhlükə qarşısında qoymaq, həm də haqsız qazanc sahibi olanlara fürsət verməmək üçün ilk növbədə alıcı həssaslığı göstərmək lazımdır.Gömrük nəzarətinin zəifliyi, yoxlamalar üçün müvafiq laboratoriyaların olmaması, eləcə də daxili istehsalda keyfiyyət yox, daha çox tanışlıq, "hörmət” kimi amillərin əsas götürülməsi həyatımızı bir neçə manatdan asılı edir.//cebhe.info

7News.az

Xəbər lenti