Bu il “YouTube”dan ən çox qazananlar - Siyahı

Bu il “YouTube”dan ən çox qazananlar - Siyahı

2017-ci ilin ən çox qazanan "YouTube” vloggerlərinin reytinqi tərtib edilib.

"Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, birinci yerdə Daniel Middlton (DanTDM) qərarlaşıb.

O, 1 il ərzində 16,5 milyon dollar qazanıb. Onun DanTDM adlı "YouTube” kanalına isə 17 milyon insan abunə olub.

Reytinqin ikinci pilləsini Evan Fonq tutub. Onun "YouTube”dakı "VanossGaming” adlı oyun kanalına 21 milyon insan abunə olub. 1 il ərzində o, 15,5 milyon dollar qazanıb.

Üçüncü yerdə "Dude Perfect” adlı idman kanalı qərarlaşıb. 5 dostun sahib olduğu bu kanal 2017-ci ildə 14 milyon dollar qazanıb.

Dördüncü yeri Mark Fişbax tutub. Onun "Markiplier” adlı "YouTube” kanalı 1 il ərzində 12,5 milyon dollar qazanıb. Onun kanalına isə 18 milyon insan abunə olub.

Top 5-i isə eyniadlı kanalın sahibi Loqan Pol bitirib. O bu il ərzində 12,5 milyon dollar qazanıb.

Altıncı yeri keçən iki ildəki reytinqdə birinci yeri tutmuş Feliks Kyelberq (PewDiePie) tutub. Bu il onun kanalının abunəçilərinin sayı 58 milyon təşkil edib və o, 12 milyon dollar vəsait qazanıb.

Yeddinci yerdə "Vine” tətbiqində qısa videolar yaratmaqla məşhurluq qazanmış Ceyk Pol qərarlaşıb. Onun kanalına 12 milyon insan abunə olub. 2017-ci ildə o, 11,5 milyon dollar qazanıb.

Səkkizinci yeri "Smosh” dueti kimi tanınan Antoni Padilla və Yan Hekoks tutublar. Onlar 1 il ərzində 11 milyon dollar qazanıblar.

Doqquzuncu yeri Ryan adlı 6 yaşlı uşağın "Ryan Toysreview” kanalı tutub. Onun videoları ona il ərzində 11 milyon dollar vəsait gətirib.

Top 10-un sonuncu pilləsini isə "Lilly Singh” adlı stand-up komik tutub. Onun 12 milyondan çox abunəçisi var və bu il ərzində o, 10,5 milyon dollar qazanıb.

Hesablamalara görə, vergilərin ödənilməsini nəzərə almadan bu vloggerlər ümumilikdə 127 milyon dollar qazanıblar.

Xəbər lenti