"Bu tərkibdə komandanın saxlanılması külli miqdarda vəsait tələb edir" - Məmmədyarov

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair sosial şəbəkədə yazdığı fikirlərə aydınlıq gətirib.

33 yaşlı qrossmeyster şəxsi "Facebook" hesabı vasitəsilə ötən gün verdiyi açıqlamasına siyasi don geyindirildiyini bildirib.

"Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və Vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəyəm" yazan Məmmədyarov məsələyə aydınlıq gətirib.

O deyib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb:

"Bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir. Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm".

Məmmədyarov bildirib ki, şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək və s. xərcləri öz hesabına ödədiyindən, məcburən çoxsaylı turnirlərə qatılmalı olur. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır:

"Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var. Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqə malik şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlardan dəstək alırlar. Mən isə burada özümün və komandamın yeməyini belə şəxsi hesabıma ödəyirəm".

Təcrübəli şahmatçı fikirlərinin hansısa maddi qazanc daşımadığını və hər bir peşəkar idmançı kimi nəyə qadir və layiq olduğunu çox gözəl anladığını vurğulayıb:

"Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində "20-liy"ə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər. Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir. Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır".

Sonda Məmmədyarov ABŞ-da iştirak etdiyi "Sinquefield Cup" turnirindəki çıxışını dəyərləndirib:

"Turnirlər zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yarışda reytinqimi bir qədər də qaldırdım və 9 oyunda məğlub olmadım! Çox sağ olun"!

Şəhriyar Məmmədyarov "Sinquefield Cup"da 9 oyundan 1 qələbə, 8 heç-heçə və ümumilikdə 5 xalla 4-cü yeri tutub ./Report

 

7News.Az

Xəbər lenti