Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi - QƏRAR

Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi - QƏRAR

Nazirlər Kabineti "Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nı təsdiq edib.

7News.Az xəbər verir ki, qaydalara əsasən, büdcə təşkilatlarının strateji planı dedikdə, onların qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi tədbirlərini, o cümlədən, maliyyələşmə mənbələrini nəzərdə tutan sənəd başa düşülür.

Büdcə təşkilatları ortamüddətli dövr, yəni növbəti il və sonrakı üç il üçün strateji plan hazırlamalıdır.

Bu zaman "GZİT” təhlili –  güclü tərəflər, zəif tərəflər, imkanlar və təhdidləri özündə ehtiva edən təhlil alətindən istifadə edilməlidir.

Nəzərdə tutulan tədbirlər isə – strateji planda müəyyən edilmiş hədəf və məqsədlərə nail olunmasına istiqamətləndirilmiş bir-biri ilə əlaqəli işlərin məcmusudur.

Strateji planın strukturu belə olacaq:

3.1. Strateji planın hazırlanması üçün müəyyən edilən minimal struktur:

3.1.1. missiya hesabatı - büdcə təşkilatının əsas məqsəd və fəaliyyətinin hədəflərini müəyyən edən qısa bəyanatdır. Missiyada təşkilatın fəaliyyətindən irəli gələn əsas funksiyası təsvir edilir və təşkilatın nə iş gördüyü xarakterizə edilir;

3.1.2. strateji baxış - büdcə təşkilatının gələcək mövqeyi ilə əlaqədar arzusunu və təşkilatın missiyasına uyğun olaraq gələcək fəaliyyət və inkişafını müəyyən edir;

3.1.3. strateji istiqamətlər - təşkilat qarşısında qoyulan məqsədlərə və hədəflərə nail olmaq üçün müvafiq sahənin inkişafının təmin edilməsi üzrə əsas prioritet istiqamətləri müəyyən edir;

3.1.4. strateji məqsəd və hədəflər - strateji baxışda qoyulmuş əsas strateji istiqamətlərə nail olunması üçün əsas məqsəd və hədəflər müəyyən edir;

3.1.5. strateji göstəricilər - təşkilatın əsas məqsəd və hədəflərindən asılı olaraq, fəaliyyət və inkişafını ölçən göstəricilər müəyyən edir;

3.1.6. fəaliyyət planları - müəyyən edilmiş əsas strateji məqsəd və hədəflər  üzrə ortamüddətli dövr ərzində görüləcək tədbirlər, onların icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər və əldə ediləcək nəticələrin əks olunduğu plan.

Strateji planın hazırlanması zamanı ortamüddətli dövrdə sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən daxili və xarici amillər nəzərə alınmaqla strateji təhlil aparılır.

Daxili amillərə idarəetmənin vəziyyəti, resurs mövcudluğu (çatışmazlıqları), təşkilati struktur, texniki və məlumat sistemləri (bazaları), əməkdaşların potensialı və digər amillər, xarici amillərə isə iqtisadi şərait, qlobal rəqabət, demoqrafik və texnoloji trendlərə əsaslanan coğrafi şərait və qanunvericilik üzrə dəyişikliklər aid edilə bilər.

Strateji təhlil nəticəsində mövcud və yaxın gələcəkdə sektor qarşısında yarana biləcək məsələlər müəyyən edilir və təhlilin nəticələri göstərilir.

Strateji planla müəyyən edilmiş tədbirlər müvafiq sahənin inkişafının təmin edilməsi məqsədi ilə qəbul edilmiş strateji sənədlərdə (konsepsiya, strateji yol xəritələri, dövlət proqramları və s.) nəzərdə tutulmuş məqsəd və hədəflərə uyğun olmalıdır.

Təşkilatın gələcək məqsəd və hədəflərinin, həmçinin bu hədəflərin əldə edilməsi üçün həyata keçiriləcək tədbirlərin (və ya tədbirlər planlarının) və müvəffəq olma ölçülərinin müəyyən edilməsi üçün strateji təhlil əsas alətdir. Bu bölmədə həmçinin  büdcə təşkilatının ortamüddətli hədəflərinə nail olunmasına və maliyyə göstəricilərinə təsir edə biləcək risklərin də ətraflı təhlili aparılır.

Strateji təhlildə "GZİT” alətindən də istifadə edilə bilər. Bu zaman daxili və xarici amillər nəzərə alınır. Güclü və zəif tərəflərin təhlili sektorun inkişafına təsir edən daxili amillərin (resurs potensialının) təhlilinə xidmət edir. İmkanlar və təhdidlər isə xarici amillərin (ətraf mühitin) təhlilinə aiddir.

Strateji məqsədlər nəzərə alınmaqla aparılan təhlillər əsasında müvafiq sahənin inkişafının təmin edilməsi üzrə strateji istiqamətlər və qarşıya qoyulan məqsəd və hədəflərə çatma dərəcəsinin müəyyən edilməsi üçün əsas hədəf göstəriciləri müəyyən edilir.

Sektor strateji planının hazırlanmasının növbəti mərhələsində fəaliyyət planı tərtib edilir. Fəaliyyət planlarının əsas elementlərinə ortamüddətli dövrdə sektorun inkişafı və bu sahədə idarəetmənin mövcud vəziyyəti aid edilir.

Fəaliyyət planının hazırlanmasının məqsədi sektor üzrə strateji məqsədlərə çatmaqdan və bu sahədə göstəricilərin yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə çatmaq üçün məhsullar, xidmətlər, maliyyələşdirilmə, məsləhətləşmələr, aktivlərin təminatı və tənzimlənməsi istiqamətində mövcud insan kapitalı və digər resurslarla müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.

Ortamüddətli dövr üzrə fəaliyyət planlarında sektor üzrə növbəti illər ərzində qarşıya qoyulmuş hədəf və göstəricilər, bu hədəflərə uyğun müəyyən edilmiş tədbirlər, icra müddətləri, icrasına məsul şəxslər barədə məlumatlar öz əksini tapır. Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının zəruriliyi əsaslandırılır.

Sektor strateji planın hazırlanmasına cavabdeh olan təşkilat tərəfindən növbəti il üzrə dəqiqləşdirilmiş və sonrakı üç il ərzində nəzərdə tutulan tədbirlər (o cümlədən, icrasına maliyyə vəsaiti tələb edilməyən tədbirlər) əsasında ortamüddətli dövrə xərclər və maliyyələşdirilmə mənbələri müəyyən edilir.

Tələb olunan maliyyə vəsaitinin müəyyən edilməsi üçün tələb edilən xərclər (insan kapitalı, maliyyə və maddi resurslar) hər bir tədbir üzrə ayrıca sətirdə göstərilməklə, fəaliyyət planı üzrə maliyyə hesablamaları bu Qaydanın əlavəsinə uyğun olaraq aparılır və strateji plana əlavə edilir.

Fəaliyyət planlarında müəyyən edilmiş tədbirlərin icrasının təmin edilməsi üçün təşkilat tərəfindən məsul şəxs təyin edilir.

Hazırlanmış sektor strateji planlarının təsdiqi və onda dəyişikliklərin edilməsi sektorun inkişafına məsul olan təşkilat tərəfindən həyata keçirilir.

Büdcə təşkilatları bu Qaydaya uyğun olaraq sektor strateji planlarını mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər.

Strateji planın icrasının qiymətləndirilməsi üçün "Monitorinq və hesabatlılıq” və "Fəaliyyətin ölçülməsi və qiymətləndirmə”dən istifadə edilir.

7News.Az

Xəbər lenti