Daşqın Şikarov Dubay aeroportunun rəhbəri ilə görüşüb

Daşqın Şikarov Dubay aeroportunun rəhbəri ilə görüşüb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Ahmed Bin Saeed Al Maktum ilə görüşüb.

7News.Az-a səfirlikdən verilən məlumata görə, Şeyx Ahmed Bin Saeed Al Maktum eyni zamanda "Emirates” və "Fly Dubai” hava yollarının, "Dubay World” holdinqinın, "Nur” Bankının,  "Dubay Aviation City” korporasiyasının sədridir.     

Görüş zamanı əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zayed əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyi vurğulanıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dair strategiyası çərçivəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər barədə ətraflı məlumat verilib. Sözügedən strategiya çərçivəsində ölkəmizdə mövcud olan turizm potensialının həyata keçirilməsi istiqamətində görülən işlər, əldə edilmiş nailiyyətlər barədə danışılıb. Azərbaycanda demək olar ki, bütün turizm növlərinin, o cümlədən müalicə, dini, ekoturizm, macəra, ixtisaslaşdırılmış, kənd turizminin mövcudluğu qeyd olunub. Dünyanın demək olar ki, bütün ölkələrindən yüz minlərlə turistin ölkəmizə səfər etdiyi, son illərdə xalqlarımız arasında təmasların genişlənməsi, Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən ilə artmasının əməkdaşlığa yeni dinamika verdiyi bildirilib. Vurğulanıb ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist səfər edib ki, bu da 2016-ci illə müqayisədə 2 dəfə çoxdur.

Görüşdə xüsusi vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları Azəbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı, cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.

Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını Şeyx Əhmədin diqqətinə çatdıraraq, hazırda "Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, BƏƏ-nin "Fly Dubay” şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad” hava yollarının Abu Dabi - Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat verib.

BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir bu ölkədən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini ön plana çəkib, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışıb. Eyni zamanda hava daşınmalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəmüvafiqliyi qeyd olunub.

Görüş zamanı Şeyx Ahmed Bin Saeed al Maktum iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluğunu bildirib, bu əlaqələrin keyfiyyətcə daha da yüksək səviyyəyə qaldırılması üçün zəruri işlərin görülməsinin vacibliyini deyib. Rəhbərlik etdiyi "Emirates” və "Fly Dubai” hava yollarının Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşlarının həyata keçirilməsi məsələsinin öyrəniləcəyini bildirib. Şeyx bu məsələyə hava yollarının mənfəət əldə etməsi deyil, uçuşların iki dost xalq arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyi prizmasından baxılacağını xüsusi qeyd edib O, 2015-ci ildə Dubai əmiri ilə Azərbaycana səfərinin xoş təəssüratları barədə danışıb.

Daha sonra Şeyx Ahmed al Maktum rəhbərlik etdiyi digər qurumların fəaliyyəti barəsində, o cümlədən Dubay hökumətinin sərmayə layihələri portfelini idarə edən "Dubai World” korporasiyası, Dubai Əmirliyini dünyanın komersiya və logistik mərkəzinə çevirən "Dubai Aviation City Corporation” barəsində məlumat verib. Dubayın əmiri Şeyx Mohammad Bin Raşid Al Maktumun cari ilin avqust ayında Dubay şəhərini İslam Bankı mərkəzinə çevrilməsi strategiyası çərçivəsində Dubai İslam İqtisadi İnkişaf Mərkəzi yaradılması haqqında sərəncam imzaladığını bildirərək, başçılıq etdiyi Noor Bankın sözügedən təşəbbüsə mühüm töhvə verdiyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən "Azərbaycan Hava Yolları”nın nümayəndəsi Emin Sadıxov BƏƏ-də işlədiyi uzun illər ərzində Şeyx Ahmedin rəhbərlik etdiyi müvafiq qurumlar tərəfindən göstərilən dəstək və əməkdaşlığa görə minnətdarlığını çatdırıb. Şeyx Ahmed öz növbəsində "Azərbaycan Hava Yollarının” Dubay hava limanına uçuşlar təşkil edən şirkətlər arasında ən keyfiyyətli xidmət göstərən şirkətlərdən biri olduğunu, yerli sərnişinlər tərəfindən sevildiyini deyib, bu xidmətlərə görə Emin Sadıxova və şirkətin rəhbərliyinə təşəkkürünü ifadə edib.

7News.Az

Xəbər lenti