Demokratik Gənclər Hərəkatının təsis konfransı keçirilib

Demokratik Gənclər Hərəkatının təsis konfransı keçirilib
Bu gün Azərbaycan Demokrat Partiyasının qərargahında, Demokratik Gənclər Hərəkatının təsis konfransı keçirilib. Konfransda gənc demokratlar və partiya sədrləri, tanınmış siyasi simalar da qatılıb. 

İlk öncə konfransı Demokratik Gənclər Hərəkatının təsis konfransına hazırlıq komitəsinin sədri və təsisçilərindən olan İsmayıl İslamoğlu, ermənilər tərəfindən öldürülən iki yaşlı körpə və onun timsalında bütün şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla yad edərək, açıq elan edib.
Yeni yaranan hərəkat haqqında məlumat verdikdən sonra İsmayıl İslamoğlu, çıxış üçün sözü KXCP sədri Mirmahmud Mirəlioğluna verib. KXCP sədri öz çıxışında gənclərin bu təşəbbüsünü alqışlayaraq, M.Ə.Rəsulzadə və Əbülfəz Elçibəyin qoyub getdiyi bu yolun davamçısı olmaqda maraqlı olan gənclərə bu yolda uğurlar arzulayıb. 
Təsis konfransında iştirak edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, gəncləri bu çətin yolda mübariz olamağa çağırıb. Və qeyd edib ki, demokratiya sözünün kökünə varmaq, ona uyğun olaraq, hərəkatın yönünü müəyyən etmək vacibdir. 
Daha sonra söz demək üçün söz hüquq müdafiəçisi Oktay Gülalıyevə verilib. Oktay Gülalıyev də öz növbəsində gəncləri təbrik edərək, gəncliyin güclü və mübariz olmasının onu qürurlandırdığını bildirib. O, gənc siyasi məhbuslara azadlıq tələb edərək, bu yolda gənclərə əlindən gələn hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Tədbirə qatılan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu gəncləri bu təşəbbüs münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Ağasif Şakiroğlu çıxışı zamanı qeyd edib ki, partiya sədri və Rəsul Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi olaraq, mübariz gənclərə dəstək olmağa hər zaman hazırdır.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami də sözügedən konfransda iştirak edərək, "Ümid" partiyası adından gəncləri təbrik edib, onlara bu çətin, lakin şərəfli yolda uğurlar əldə etməyi arzulayıb. 
Daha sonra təsis konfransı gənclərin Demokratik Gənclər Hərəkatına sədr seçilməsi üçün səsvermə prosesi ilə davam edib. 
Hərəkatın sədri olmaq üçün irəli sürülən vahid namizəd İsmayıl İslamoğlu səsvermə nəticəsinə uyğun olaraq, Demokratik Gənclər Hərəkatının sədri seçilib. 
Tədbirin sonunda ona göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirən İsmayıl İslamoğlu, bu mübarizədən nə olursa olsun dönməyəcəyini, bu yolda sonadək mübarizə aparacağını, demokratik Azərbaycanın bərqərar olması üçün daim mübarizədə olacağını bildirib. 
16:00 da başlayan tədbir, 17:30 da başa çatıb.

Qeyd edək ki, İsmayıl İslamoğlu Hədəf İnformasiya Agentliyinin direktoru, Milli İdeologiya İnstitunun sədri və GAP-ın mətbuat xidmətinin rəhbəridir.

Zaqafqaziya.info

Xəbər lenti