Deputat: Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır

Deputat: Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır

Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır. Bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev bildirib ki, jurnalistikanı nəzəri və praktiki baxımdan bilən bir adam kimi, Mehman Hüseynovu, eyni zamanda konkret maddələrlə həbs olunan, lakin Qərbdəki bəzi dairələrin jurnalist adlandırdığı digərlərini jurnalist hesab etmir:

"Onların yazdıqları, paylaşdıqları materiallar jurnalistikanın tələblərinə qətiyyən cavab vermir. Ümumiyyətlə, hazırda sosial şəbəkələrdə Mehman Hüseynov kimi oyunbazlıqlara gedərək diqqət çəkmək istəyənlərin, yazdıqlarının və dediklərinin məsuliyyətini dərk etməyənlərin sayı minlərlədir. Sadəcə Mehman Hüseynovun onlardan fərqi budur ki, onun Qərbdəki bəlli çevrələrlə müəyyən bağlantıları var”.

Millət vəkilinin sözlərinə görə, hər bir cəmiyyətdə, elə Qərbin özündə də ictimai rəy yaradan liderlər adətən o adamlar olur ki, onların zəngin həyat təcrübələri, yüksək intellektləri var, güclü xarakter sahibləridir, millət və vətən qarşısında müəyyən xidmət göstəriblər:

"Amma bəlli çevrələr bizdə ümumiyyətlə dediyi sözün məsuliyyətini daşımayan və elementar mədəniyyəti olmayan, aşağı intellektli adamlardan ictimai rəy liderləri yaratmağa, onları qəhrəmanlara çevirməyə çalışırlar. Bu alınmayacaq, çünki xalqımız indiyə qədər ictimai lider gözündə əsl ziyalılarımızı, vətən qarşısında xidməti olanları görüblər. Yəni bütün bu məsələlərdə mənə təəccüblü görünən heç nə yoxdur. O səbəbdən yoxdur ki, bizdə guya söz azadlığının təhlükədə olduğunu deyən, guya jurnalistlərin nahaq yerə həbs olduğunu qabardan həmin çevrələr başqa məsələlərrdə də oxşar yanaşma sərgiləyirlər. Özlərinə gələndə separatizmi, terrorizmi lənətləyir, amma digər yerlərdə terrorçulardan, separatçılardan öz məkrli niyyətləri üçün faydalanırlar. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı” da daxil olmaqla, orada əlləri azərbaycanlıların qanına batmış terrorçu və separatçıları ölkələrinə dəvət edir, onlara maliyyə yardımı göstərirlər. Yəni onların bizə yanaşmaları budur və bundan təəccüblənməyə dəyməz. Biz doğru yoldayıq və nə qədər cəhdlər edilsə də, çox şükürlər ki, kimsə bizi bu yoldan sapdıra bilməyib”.

S.Alıyev vurğulayıb ki, Azərbaycan regionda yeganə dövlətdir ki, müstəqil siyasət yürüdür: "Mehman kimilərdən süni ictimai rəy lideri, qəhrəmanlar düzəltməyə çalışanlar da bu siyasətdən qıcıqlananlar, özlərinə vassal axtaranlardır. Onlardan maliyyə və sair asılacağımız olmadığı üçün başqa təzyiq metodlarını işə salmağa çalışırlar ki, bunlardan da biri öz içimizdəkiləri özümüzə qarşı çevirməkdir. Amma alınmayacaq, çünki insanlarımız müxalifətçiliklə düşmənçiliyi, sevgi və təəssübdən doğan tənqidlə qrant iyi verən boşboğazlıqları bir-birindən yaxşı ayırır. Bunun ən gözəl örnəyini biz "Milli Şura” deyilən nəsnənin keçirdiyi mitinq və digər tədbirləri xalqın necə boykot etməsində də açıq-aydın görürük. Başda liderləri olmaqla, bu adamlar hamısı siyasətdə mehman, yəni qonaqdırlar. Sadəcə bəziləri sözün hər anlamında çoxüzlü qonaqdır, çoxdan siyasəti tərk etməli olduqları halda hələ də qalırlar”./Trend

7News.Az

Xəbər lenti