DİM-dən mediaya irad: Ajiotaj yaratmaq istəyirlər

DİM-dən mediaya irad: Ajiotaj yaratmaq istəyirlər

Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci il üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu "Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr olunub.

Dövlət İmtahan Mərkəzi daim bu sahədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, təhsil ictimaiyyətinin bu prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib.

Bu barədə 7news.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 20 ildən çoxdur çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir:

"Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, konteksdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır”.

Məlumata görə, elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda istər buraxılış, istərsə də qəbul imtahanlarında son beş il ərzində davamlı müsbət dinamika müşahidə olunduğunu görmək olar:

"Bunun üçün əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir.

Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar.

Bir daha Dövlət İmtahan Mərkəzi olaraq media qurumlarından xahiş edirik ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar.

Qeyd edək ki, imtahanların məzmununun açıqlığının təmin edilməsi, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu gün yeni bir layihə həyata keçiriləcək. DİM-in "Facebook” səhifəsi və "Youtube” kanalı vasitəsilə mayın 13-də keçirilən qəbul imtahanları ilə bağlı canlı yayım ediləcək.

Canlı yayımda iki gün ərzində Apellyasiya Komissiyasına, eləcə də, DİM-in "Facebook” səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə ekspertlər tərəfindən cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

İmtahanın məzmunu, test tapşırıqları və s. məsələlərlə maraqlanan media nümayəndələri, müəllimlər, ekspertlər, valideynlər, abituriyentlər yayımı izləyə və real vəziyyətlə tanış ola bilərlər”.

7news.Az

Xəbər lenti