Əl-ayağınız həmişə soyuq olur? - Sizdə bu xəstəlik ola bilər

Əl-ayağınız həmişə soyuq olur? - Sizdə bu xəstəlik ola bilər

Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?

Bununla bağlı Ailem.az-a məlumat verən terapevt Xumar Novruzova deyib ki, bəzən belə hallar havanın temperaturundan asılı olmur.

"Terapevt qəbuluna gələn xəstələrin verdiyi suallardan biri məhz bu olur: "Həkim, əllərim niyə soyuq olur?”. Hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir. Amma məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər”,-deyə o, bildirib.
 
Həkim həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb:
 
Reyno sindromu
 
Bu zaman barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil.
 
Autoimmun xəstəliklər
 
Bu, daha ciddi xəstəliklər qrupudur: qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. Əsas xəstəlik vaxtında müalicə olunarsa, əl üşüməsi kimi əlamət də zəifləyər.
 
Hipotireoz
 
Qalxanvari vəzi orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.
 
Anemiya
 
Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir.
 
B12 vitamini defisiti
 
Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmiş oluruq.
 
Qan təzyiqinin aşağı olması
 
Bu zaman ətrafların qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanların işini təmin etmək üçün səfərbər olmuş olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa həm də başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.
 
Stress və həyəcan
 
Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.
 
Dərman preparatları
 
Bəzi dərmanların məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.
 
Siqaret çəkmək
 
Nikotinin damardaraldıcı təsiri və ətrafların qanla təchizatını zəiflətməsi əllərin soyumasına gətirən səbəblərdən biridir.
 
Beləliklə, istənilən halda əllərin soyuq olması səbəbini öyrənib, onu aradan qaldırmaq üçün həkiminizlə məsləhətləşin.

 

7news.Az

Xəbər lenti