Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb

Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb.

XİN-in mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

E.Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər.

Azərbaycanın XİN başçısı iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilən məhsuldar görüşlərin, səfər çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələri iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Nazirlər ikitərəfli münasibətlərin irəlilədilməsi baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsinə dair ortaq təşəbbüslə çıxış ediblər.

Manuel Qonzales Sanz Azərbaycanda olmağından və iki ölkə arasında siyasi dialoqun və dostluğun inkişafından məmnunluq duyduğunu nəzərə çatdırıb.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Tərəflər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş müzakirələr aparıblar. 

 

7news.Az

Xəbər lenti