Elxan Şahinoğlu: “Aprel döyüşləri yenidən təkrarlana bilər”

Elxan Şahinoğlu: “Aprel döyüşləri yenidən təkrarlana bilər”
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlayacağı anonsunu verməsi ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, kimin nə deməsindən asılı olmayaraq biz bilirik ki, Dağlıq Qarabağda vəziyyət gərgindir: "Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda irəliləyiş yoxdur, hər an toqquşma ehtimalı var. Kimsə 2016-ci ilin aprelində cəbhədə döyüşlərin olacağını gözləmirdi. Amma xırda bir qığılcım, təxribat böyük toqquşmalara yol açdı, hər iki tərəfdən itkilər oldu”.
 
Politoloq Qarabağda aprel döyüşləri yenidən təkrarlana biləcəyini deyir: "Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. 2018-ci ildə həm Azərbaycanda, həm Ermənistanda, həm də Rusiyada prezident seçkiləridir. Amma bu o demək deyil ki, seçki ilidirsə, yayda və ya payızda vəziyyət gərginləşməyə bilməz. Hazırda Rusiya Cənubi Qafqazda münaqişənin alovlanmasında maraqlı deyil. Biz də bunu istəmirik. Amma münaqişənin həllində irəliləyiş yoxdur və işğalçı dövlət Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirsə, o zaman biz hərbi təzyiqi davam etdirməliyik. Bu həm müharibəyə, həm də kiçik toqquşmalara səbəb ola bilər. Hər an hər şey baş verə bilər" - deyə Elxan Şahinoğlu əlavə edib.
 
7News.az

Xəbər lenti