Elxan Şahinoğlu: “Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir dəyişiklik gözlənilmir”

Elxan Şahinoğlu: “Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir dəyişiklik gözlənilmir”
Bu gün Ermənistan parlamentində ölkə prezidenti seçkiləri üzrə səsvermə keçirilib. Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.
 
Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən "Atlas Araşdırmalar Mərkəzi”-nin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Armen Sarkisyanın prezident seçiləcəyi gözlənilən idi: "Çünki bir müddət öncə S. Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri A. Sarkisyan geri çağıraraq onunla danışıqlar aparmışdı. A. Sarkisyan da öz növbəsində ölkədə fəaliyyət göstərən müxtəlif partiyaların sədrləri ilə görüşmüşdü. Artıq məlum idi ki, parlamentdə təmsil olunan partiyaların təmsilçiləri ona səs verəcəklər. Belə də oldu. Bu gün Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirildi və Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçildi. Bundan sonra nə olacaq? Əslində bu dəyişiklik Ermənistan üçün çox ciddi bir dəyişiklikdir. Ermənistan Konstitusiyası dəyişib. Artıq Ermənistan prezident yox, parlament respublikasına çevrilib”. 

Elxan Şahinoğlunun sözlərinə görə, yeni Konstitusiyaya əsasən prezidentin səlahiyyətləri baş nazirə keçəcək: "Böyük ehtimalla gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində danışıqlarda Azərbaycan prezidenti ilə Ermənistan prezidenti deyil, məhz baş nazir görüşəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ciddi bir dəyişiklik gözlənilmir. Çünki Ermənistanın Baş naziri S. Sarkisyan olacaq. S. Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Xocalı soyqırımını törədənlərdən biridir. S. Sarkisyan əvvəlkitək Dağlıq Qarabağla bağlı siyasətini davam etdirəcək. A. Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir təsir göstərəcəyini düşünmürəm.  Hazırda Qarabağ mövzusunda S. Sarkisyan ilə A. Sarkisyan arasında ciddi bir fikir ayrılığı yoxdur”.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının 2015-ci ildə qəbul olunmuş yeni redaksiyasına əsasən 2018-ci ilin aprelindən etibarən Ermənistan hazırkı prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra tam olaraq parlament idarə formasına keçəcək.

Prezident ilk dəfə olaraq millət tərəfindən yox Milli Məclis tərəfindən seçiləcək. Ermənistanın yeni prezidenti müqayisə olunmaz məhdud səlahiyyətlərə malik olacaq, dövlətin birinci şəxsi isə baş nazir olacaq.
 
7News.az

Xəbər lenti