Əməkdar artist: "Orada rol alsan, bütün sülalən kasıbçılıqdan xilas olur"

Əməkdar artist:

Xəbər verdiyimiz kimi, ötən gün "Qaragöz"filminin qalası baş tutub. Gecədə bir çox tanınmış simalar iştirak edib. Onlardan biri də əməkdar artist Firəngiz Mütəllimova olub.

7News.Az aktrisanın primetime.az-a müsahibəsini təqdim edir:

Son zamanlar kinoteatrlarda tez-tez yeni filmlər təqdim olunur. Amma bu təqdim olunan işlərdə sizi görmürük. Təkliflər gəlmir, ya necə?

- Bir neçə filmlərə dəvət olunsam da, çəkilməkdən imtina etmişəm. Çünki yetərincə vaxtım olmayıb. Bu il isə bol-bol zamanım var. Təklif olunan ssenari xoşuma gəlsə, razılıq verəcəm. Mənim üçün rolun böyüyü və kiçiyi yoxdur. Əsas odur ki, yadda qalan işdə olum.

- Gənc aktyorların Türkiyədə serial və filmlərdə rol almasına münasibətiniz necədir?

- Gənc aktyorların Türkiyədə seriallarda çəkilməsi sevindirici haldır. Elə bu yaxınlarda Kənan MM-i də bu münasibət ilə təbrik etdim. Onlar bizim fəxrimizdir. Niyə də üz tutmasınlar? 30 milyona yaxın biziksə, 70-80 milyona yaxın isə türklərdi. Orada aktyorlara bizdən artıq pul verirlər, həm də daha tez məşhurlaşmaq olur. Məsələn, orada aktyor kimi hər hansı bir serialda rol alsan, bütün sülalən kasıbçılıqdan xilas olur. Bizdə isə hər şey əksinədir.

- Bəs nə vaxtsa sizə belə bir təklif gəlib?

- Mənə təklif gəlməyib. Çünki bu ilə kimi universitetdə dərs deyirdim, eyni zamanda teatrda tamaşalarım var. Orada iş görmək üçün isə gərək sən vətəndə işsiz olasan.

- Elə bir gənc aktrisa varmı, ona gələcəyin "Firəngiz"i deyəsiniz?

- Mən gələcək Firəngizi öz bacım qızı Gülarədə görürəm. Aktyor kimi onu çox bəyənirəm. Aktyor gərək savadlı, dünyagörüşü, bütün dramaturqları bilməlidr. Oynadığı rolu isə araşdırmalıdır. Bizdə isə belə deyil. İstedad Allah vergisidir, amma təhsil mütləqdir. Elə aktyor var oturub sənə dərs deyə bilər, amma səhnədə heç bir iş görə bilmir.

- Çəkildiyiniz "Bacanaqlar" serialında sizinlə yanaşı bir neçə tanınmış və eyni zamanda aktyor olmayan insanlar çəkilir. Onlara məsləhət verdiyiniz anlar olur?

- Mən öz yerimə çəkilib gedirəm. Amma yeri gələndə öz məsləhətlərimi də vermişəm. Teatr deyil ki, mən kiminsə işinə qarışım. Onun üçün rejissor, ssenarist, prodüser var. Serialdır və mən artıq o kamanda ilə neçə ildir işləyirəm. Gör neçə adam bu işdən pul qazanır. 5 yaşında qız kimi başımı aşağı salıb işimi görüb gedirəm. Baxmayaraq ki, 40 ildir bu sahədəyəm.

- Səhhətinizlə bağlı xəbərlər yayılmışdı. İndi nəcəsiniz?

- 2013-cü ildə mən beyin əməliyyatı olmuşam. Həkim bir ildən sonra dedi ki, hər şey qaydasındadır. Unut getsin. Düzdür başımda çapıx izi qalıb, hər saçımı darayanda görürəm (gülür). Bilmirəm nədəndir, bu barədə indi yazırlar. Amma o günləri yaşayanda heç kim maraqlanıb bu barədə yazmırdı.

7News.Az

Xəbər lenti