Enerjinin İpək Yolu - TANAP

Enerjinin İpək Yolu - TANAP

Bu gün tikintisi üç ildir davam edən Trans-Anadolu Qaz Boru Kəmərinin Əskişəhərdə açılış mərasimidir. 

7news.Az xəbər verir ki, enerjinin İpək Yolu adlandırılan bu layihənin açılışına Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev qatılacaqlar. 

Dörd milyard dollar qənaət 

Qeyd edək ki,TANAP-ın smetası əvvəl 12 milyard dollar dəyərləndirilsə də, layihəyə 8 milyard dollar xərclənib. Bununla da tikinti xərclərinə 4 milyard dollar qənaət olunub. 

Hazırda kəmərin uzunluğu 1.850 kilometr təşkil edir. Layihənin tikintisi üzrə 15 min nəfər çalışıb. İş saatlarının ümumi həcmi 88 milyon saatı ötüb.

TANAP Türkiyə-Gürcüstan sərhədindəki Ərdahan vilayəti Posof rayonu Türkgözü kəndindən başlayaraq, Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə daxil olmaqla, 20 mahal, 67 rayon və 600 kənddən keçir. Kəmərin sahəsi Yunanıstan sərhədində başa çatır. 

TANAP vasitəsilə ilk illərdə 16 milyard kub metr qazın ötürülməsi planlaşdırılır. Bunun 6 milyard kub metri Əskişəhir və Trakya bölgəsindəki iki nöqtədən əsas şəbəkəyə bağlanaraq, Türkiyənin istehlakına yönəldiləcək.

Kəmərin ötürücülük gücü 24 milyard metr təşkil edir. Daha sonra 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Rus qazının yerinə Azərbaycan qazı 

Hazırda Türkiyəyə Azərbaycan qazının ötürülməsi Bakı-Tiflis-Ərzurum kəməri üzərindən həyata keçirilir. TANAP istifadəyə verildikdən sonra BOTAŞ Azərbaycandan əlavə 6 milyard kubmetr qaz idxal edəcək.

Beləliklə, Azərbaycanın qonşu ölkəyə satacağı qazın həcmi 12.6 milyard kubmetrə çatacaq. Bu da Türkiyənin qaz bazarında Rusiyanın payının azalması deməkdir. 

7news.Az

Xəbər lenti