ƏRDOĞAN NİYƏ RAHATDIR?

ƏRDOĞAN NİYƏ RAHATDIR?
Türkiyə vətəndaşları çox qısa bir müddətdə sandıq başına gedəcək. Qardaş cümhuriyyətdə 24 iyunda keçiriləcək səsvermədə həm parlamentin yeni tərkibi, həm də dövlət başçısı müəyyənləşəcək. Məlum olduğu kimi, seçkilərin erkən keçirilməsi iqtidarda olan Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçelinin təşəbbüsü ilə gerçəkləşdi. İlk dəfə məhz Dövlət Bahçeli seçkilərin vaxtının irəli çəkilməsi təşəbbüsü ilə çıxış etdi və onun bu təklifi Rəcəb Tayyib Ərdoğamn tərəfindən dəstəkləndi. Nəticədə parlament və prezident seçkiləri 24 iyuna təyin edildi. Hazırda Türkiyədə hakimiyyət mübarizəsi adları "Cümhur” və "Millət” olmaqla iki blok arasında gedir, lakin digər iştirakçılar da var. "Cümhur” blokunu təsis edən AKP və MHP prezident seçkilərində vahid namizədlə çıxış etdiyi halda, "Millət” ittifaqının tərəfləri- Cümhuriyyət Xalq, İYİ, Səadət və Ədalət partiyalarının hər biri sonuncu istisna olmaqla öz adayını irəli sürüb. Türkiyədəki kürd siyasi hərəkatının nümayəndəsi və hazırda həbsdə olan Səlahəddin Dəmirtaşın, eləcə də Səadət Partiyasının namizədi Təməl Qaramollaoğlunun prezident seçilmək üçün heç bir şansı yoxdur. Bu gerçəkliyi də nəzərə alaraq prezidentliyə əsas iddiaçıların Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə və Meral Akşener olduğunu söyləyə bilərik. 

Türkiyədə fəaliyyət göstərən sosioloji araşdırma şirkətləri 24 iyun seçkilərinin nəticələri ilə bağlı müxtəlif proqnozlar səsləndirirlər. Əlbəttə, bu proqnozların bir qismi açıq-aşkar manipulyasiya xarakteri daşıyır və ictimai rəyin öyrənilməsindən, üzə çıxarılmasından daha çox, yönəldilməsi məqsədi güdür. Odur ki, istər "Cümhur”, istərsə də "Millət”  İttifaqının qazanacağı mümkün səsləri şişirdərək təqdim edən sosioloji mərkəzlərin öz proqnozları ilə bağlı seçkilərdən sonra cəmiyyətə müəyyən izahatlar vermək məcburiyyətində qalacaqlarını təxmin etmək çətin deyil. Necə ki, 2017-ci ildə keçirilən referendumda Türkiyənin məşhur sosioloqlarından olan Adil Gürun başçılıq etdiyi "AG” şirkəti hakim partiyanın lehinə, AKAM adlı sosioloji mərkəz isə əleyhinə qabarıq proqnozlar vermiş və daha sonra ictimai rəy qarşısında çətin vəziyyətə düşmüşdü. Lakin həmin dövrdə "Gezici”, "KONDA” və ANAR kimi köklü araşdırma qurumları referendumdan çıxan nəticələri çox cüzi fərqlə təxmin etmişdilər. Məşhur "Reuters” Agentliyinin də bir neçə gün öncə məhz həmin şirkətlərdən birinə- ”Gezici”yə istinad etmişdi. "Gezici”nin son təxmininə görə, rəyi soruşulanların 48,7 %- Rəcəb Tayyib Ərdoğana, 25,8 %-i Məhərrəm İncəyə, 14,4 %-i Meral Akşenerə, 10,1 %-i Səlahəddin Dəmirtaşa, 0.6%-i Təməl Qaramollaoğluna, 0.4 %- isə Vətən Partiyasının sədri Doğu Perinçəyə səs verməyi düşünür. Şirkətin elan etdiyi nəticələrə əsasən, Türkiyədə prezident seçkiləri ikinci turda davam etdiriləcək, ilk turda isə hakim koalisiya Böyük Millət Məclisindəki üstünlüyünü itirəcək.
Əslində, ciddi sosioloji araşdırmaların təxminlərini doğruldan amil eynidir- cəmiyyətin müxtəlif təbəqələri oxşar davranış sərgiləyir və bu bənzərliyə əsaslanan tədqiqatçılar müəyyən ölçüdə daxilən rəngarəng bir qrupun mövqeyini öyrənməklə toplumun umumi rəyini proqnozlaşdırırlar. Yuxarıda təqdim olunan rəqəmlər ilk baxışda "riyazi olaraq” AKP və MHP-nin müxalif düşərgədə qərar tutacağını, Rəcəb Tayyib Ərdoğanın isə iqtidarını itirəcəyi qənaətini yaradır. Lakin bu ehtimal qarşısında istər Rəcəb Tayyib Ərdoğan, istərsə də AKP-MHP ittifaqı son dərəcədə arxayın və təmkinli görünür. Əlbəttə, istənilən seçki hakimiyyətdəki qüvvə üçün risk səciyyəsi daşıyır, gözlənilməyən hadisələr baş verə, kompramatlar açıla, nəticədə hətta səsverməyə bir neçə gün qalmış ictimai rəy kökündən dəyişə bilər. Bu, aydındır. Ancaq nədən Ərdoğan və AKP əvvəlki seçkilərdən fərqli olaraq total bir kampaniya aparmır, cəmiyyəti coşdurmur, belə demək mümkünsə, daha sakit bir atmosferdə, səsvermə öncələrində bütün cəmiyyətlərdə meydana çıxan "köpü almaqla” qələbəsinə inanmış kimi görünür? Heç şübhəsiz bu yanaşma nə Ərdoğan kimi dinamik bir siyasi liderin rəqiblərini kiçik görməsindən qaynaqlanır, nə də yorulmasından. Ərdoğanı qələbəsinə arxayın salan amillər yetərincə ciddidir. 
Birincisi, Məhərrəm İncənin meydanlarda Türkiyə mətbuatının ağzı ilə desək, rüzgar əsdirməsinə və İYİ partiyanın Meral Akşenerin qopduğu MHP-dən daha geniş kütlələrin dəstəyini qazanmasına rəğmən, rəqiblərinin hər biri Ərdoğandan az səs toplayır, hətta onların ikisinin birgə reytinqi hazırkı prezidentə çatmır. Bu iki müxalif partiyanın dayanıqlı elektoratı arasında ciddi ziddiyyətlər var və həmin ziddiyyətlər seçkilər ikinci tura qalarsa müxalif düşərgədə Ərdoğanı təşvişə salacaq həmrəyliyin yaranmasına imkan verməyəcək. İkincisi, hətta bu həmrəylik yaranarsa belə, ikinci tura Məhərrəm İncənin, yaxud Meral Akşenerin qalmasından asılı olmayaraq, Ərdoğan üzərində qələbə üçün "Millət” İttifaqına kürdlərin səsi lazımdır. Ülküçü Akşenerin, Atatürkçü İncənin həmin səsləri ala bilməsi, ümumiyyətlə ikinci turda elektoratı mobilləşdirə bilmələri sual altında olsa da, AKP-nin mühafizəkar kürdlərdən səs almaq ehtimal həmişə var. Əgər diqqət edirsinizsə, hazırda Türkiyədə PKK-nın qalası Qəndilə hərbi əməliyyatların başlanması barədə müzakirələr gedir və belə bir əməliyyat baş tutacağı təqdirdə MHP-dən uzaqlaşan milliyyətçi kəsimlərin yenidən Bahçelinin ətrafında toplanması, həmçinin baş verən proseslər müqabilində mühafizəkar kürdlərin bəribaşdan AKP-yə meyillənərək HDP-nin baraj altında qalması qaçılmazdır. 
Əlbəttə, Türkiyə köklü, koalisiya mədəniyyətini mənimsəmiş, zaman-zaman iqtidar dəyişiklikləri yaşamış bir dövlətdir və hər hansı iqtidar yenilənməsi Ankara ilə Bakı arasındakı münasibətləri sərinləşdirməyəcək.  Lakin bu da bir faktdır ki, hakimiyyət dəyişikliyi sadəcə idarəçilərin əvəzlənməsi deyil, böyük bir sosial-siyasi eksperimentdir. Məhz bu səbəbdən də Azərbaycanın bir cəmiyyət və dövlət olaraq marağı Türkiyədə Rəcəb Tayyib Ərdoğanın iqtidarda qalmasını arzulanan hala çevirir. Nəzərə alanda ki, Ərdoğanın yeni dönəm hakimiyyətində Dövlət Bahçeli kimi türk dünyasında sevilən və milli kimlik davasının idealist mübarizi də mövqe sahibi olacaq və bu uzlaşma istər PKK, istərsə də FETÖ terror təşkilatına qarşı prinsipial addımları atılmasına rəvac verəcək, o zaman Qarabağ məsələsində də Türkiyənin daha qətiyyətli davranacağına inam yaranır. Ərdoğanın iqtidarda olduğu müddətdə ən böyük uğuru Bəsrə körfəzi, Qara dəniz və Xəzəryanı regionda cərəyan edən proseslərə münasibətdə "dünya beşdən böyükdür” formulunu hər kəsə isbat etməsidir. Türkiyənin beynəlxalq və regional güc olaraq özünü isbat etməsi Azərbaycan adına da böyük avantajdır. 

Aydəm İsmayılov, 
Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru  
 
7news.Az


Xəbər lenti