Federasiya dörd karateçimizin turnirdə iştirakından xəbərsizdir

Federasiya dörd karateçimizin turnirdə iştirakından xəbərsizdir

Azərbaycanlı karateçi Rafael Ağayevin kommersiya xarakterli Karate Döyüşü (Karate Combat) turnirində iştirak etdiyini xəbər vermişdik.

7news.Az müəyyənləşdirib ki, Azərbaycandan tək Ağayev bu turnirdə iştirak etməyəcək.

Belə ki, azərbaycanlı karateçilərdən daha üçü – Ayxan Mamayev, Şahin Atamov və Asiman Qurbanlı da bu turnirdə iştirak üçün təşkilatçılarla müqavilə bağlayıb.

Rafael Ağayev (75 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) bu gün Mərakeşin paytaxtı Rabatda keçirilən Karate 1 Premyer Liqa turnirində iştirak edir deyə, həmin idmançılardan açıqlama almağımız mümkün olmadı. Lakin zədəsinə görə Afrikaya yollanmamış Ayxan Mamayevdən (84 kq) fikirlərini öyrənə bildik.

Məşqdə zədələndiyi üçün diz sümükləri şişən Mamayevlə söhbət əsnasında müəyyənləşdirə bildik ki, sən demə, bu idmançılarla müqavilə çoxdan bağlanıbmış:

"Bu təşkilat yeni yaranıb. İlk döyüşlər fevralda Budapeştdə olsa da, biz yayda bu qurumla müqavilə bağlamışıq. Təklif bizim özümüzə gəlib, federasiyaya yox. Müqavilələr fərdidir.

Hamının müqaviləsində qalib gəlməyə görə fərqli məbləğlər yazılıb. Bu turnirdə yalnız peşəkar karateçilər iştirak edir. Aprelin 26-da Mayamidə və mayın 12-də Dubayda növbəti döyüşlər keçiriləcək. Ancaq bizdən heç kim bu yarışlarda iştirak edə bilməyəcək.

Səbəb odur ki, mayın 10-13-ü tarixlərində Serbiyanın Novi Sad şəhərində karate üzrə Avropa çempionatı keçiriləcək. Biz də həmin yarışa hazırlaşacağıq”.

Ayxan Mamayev bu turnirdən federasiyanın xəbəri olduğunu da sözlərinə əlavə edib. Lakin federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov saytımıza açıqlamasında bundan yeni xəbər tutduqlarını bildirib:

"Bu yarışın Dünya Karate Federasiyası (WKF) ilə heç bir əlaqəsi yoxdur. Federasiya rəhbərliyi hazırda Rabatda Premyer Liqa yarışındadır. Qayıdıb məsələ ilə ətraflı maraqlanacaq”.

7news.Az

Xəbər lenti