Feysbuk PULLU OLUR? - İstifadəçilərin əngəllənməsinin SƏBƏBİ BİLİNDİ

Feysbuk PULLU OLUR? - İstifadəçilərin əngəllənməsinin SƏBƏBİ BİLİNDİ

Azərbaycanlı istifadəçilərin ən çox aktiv olduğu sosial şəbəkə olan feysbukda son vaxtlar bəzi problemlər yaşanır. Xüsusən də, qrup və səhifələrdə çox paylaşım edənlər əngəllənir, paylaşılan yazılar daha az istifadəçi tərəfindən görülür. Şübhəsiz bu da aktiv istifadəçilərin narazılığına səbəb olur. Problemi həll etmək üçün istifadəçilər müxtəlif yollar axtararkən ekspertlər əsas səbəbi açıqlayıb.

Publika.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, problemin yaranma səbəbi əvvəl ödənişsiz olan xidmətlərin artıq ödənişli olması ilə bağlıdır: "Yəni artıq feysbuk pulsuz xidmət göstərmək istəmir. İstifadəçi paylaşdığı məlumatın daha çox insan tərəfindən görülməsini istəyirsə, ödəniş etməlidir. Bu problemi də daha çox kommersiya qurumları, redaksiyalar və saytlar hiss edir. Adi istifadəçi onsuz da gün ərzində bir neçə paylaşım edir. Lakin bəzi profillərdən müxtəlif səhifə və qruplarda çoxsaylı paylaşımlar edir ki, feysbuk da onlara məhdudiyyət qoyur”.

Ekspert Vahid Qasımov isə hesab edir ki, bu, feysbukun "təmizlik əməliyyatı” ilə bağlıdır: "Bəzi qrup sahibləri daha çox layk almaq üçün "natəmiz” işlərə baş vurur - feyk akauntlardan istifadə edir, xaricdəki saxta sistemlər vasitəsilə laykları pulla alırlar. Feysbuk, ya da başqa bir sosial şəbəkə isə buna nəzarət edir. Zaman-zaman "təmizlik işləri” aparır, saxta profilləri silir, layk saylarını azaldır. Səhifə və fərdi istifadəçilərin əngəllənməsi mütləq bir səbəblə bağlıdır. Demək həmin profil hər hansı istifadəçi tərəfindən şikayət edilib. Şikayətlə bağlı araşdırma aparıb, həmin səhifə feysbuk tərəfindən əngəllənir”.

Bu məhduddiyyətlərin feysbukun ödənişli xidmətə keçidlə bağlı olmasına gəldikdə, V.Qasımov onsuz da, hazırda paylaşımın daha çox insan tərəfindən görülməsi xidmətinin pulsuz olmadığını dedi: "Feysbukda paylaşım pulsuzdur. Lakin siz paylaşımınızın daha çox istifadəçi tərəfindən görülməsini istəyirsinizsə, feysbukun ödənişli xidmətindən istifadə edirsiniz, bu normaldır. Bəzi istifadəçilər eyni xəbəri bir neçə qrup və səhifədə dəfələrlə paylaşırlarsa, həmin məlumat və ya istifadəçinin əngəllənməsi mümkündür. Burada bir səbəb həmin qrupun siyasəti ilə bağlı ola bilər. Digər bir səbəb isə feysbukun bu cür paylaşımı spam olaraq qəbul etməsidir. Çünki bu, həm də insanları narahat etmək, normal alətdən anormal şəkildə istifadə etməkdir və bunun qarşısı alınacaq. Düzdür, xəbər maraqlıdırsa, o fərqli yüzlərlə istifadəçi tərəfindən paylaşılırsa, bunu normal qəbul etmək olar. Bir istifadəçinin hər hansı xəbəri çoxlu qrupda paylaşması isə qaydalara ziddir. Həmin səhifə əngəllənə bilər”.

7News.az

Xəbər lenti