Filmlərin nümayişinə görə yaradıcı heyətə qonorarın verilməsi qaydası açıqlandı

Filmlərin nümayişinə görə yaradıcı heyətə qonorarın verilməsi qaydası açıqlandı

Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək.

7news.Az xəbər verir ki, Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçiriləcək.

Qərara əsasən,  audiovizual əsərlərin Azərbaycan ərazisində efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsinin (reklamdan, sponsordan və digər mənbələrdən daxil olan məbləğlər daxil olmaqla) 0,5 faizi həcmində qonorar ödəməlidirlər. Bu qonorar audiovizual əsərlərin istehsalçılarına (hüquq sahiblərinə) ödəniləcək.

Müəllif Hüquqları Agentliyi nəzərə çatdırıb ki, qərarla müəyyən edilmiş qonorar tarifləri əsərdən istifadəyə görə qonorarın minimum məbləği hesab edilir və hüquq sahibi ilə istifadəçi arasında daha yüksək faizlə və ya mütləq rəqəmlərlə müqavilə bağlana bilər. Hər bir filmə görə qonorarın həcmi adətən, filmlərin vaxt həcminə görə (yəni 10 dəqiqəlik filmlə 1 saatlıq filmin istifadəsinə görə qonorar bərabər ola bilməz) müəyyən edilir. Bu qərarla müəyyən edilmiş bölgü əsasında bədii filmə görə hesablanmış qonorarın 17 faizi yaradıcı heyətə - ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator və quruluşçu rəssamın hər birinə 2 faiz, bəstəkara 1 faiz olmaqla bölünməlidir. Həmin qayda ilə, musiqili filmə görə hesablanmış qonorarın 18 faizi yaradıcı heyətə - ssenari müəllifi və quruluşçu rejissorun hər birinə 6 faiz, quruluşçu operator, quruluşçu rəssam və bəstəkarın hər birinə 2 faiz olmaqla bölünməlidir.

Cizgi filminə görə hesablanmış qonorarın 17 faizi yaradıcı heyətə - ssenari müəllifinə 4 faiz, quruluşçu rejissora 6 faiz, quruluşçu operatora 2 faiz, quruluşçu rəssama 4 faiz, bəstəkara 1 faiz olmaqla bölünməlidir.

7news.Az

Xəbər lenti