Fransalı mütəxəssis: "Azərbaycan bütün çətinliklərin öhdəsindən məharətlə gəlir"

Fransalı mütəxəssis:
Azərbaycan bütün çətinliklərin öhdəsindən məharətlə gəlir. 
 

7News.Az xəbər verir ki, bunu report-a açıqlamasında "Ayurveda" Avropa Konsorsiumunun prezidenti, Tapovan Açıq Universitetinin təsisçi direktoru Kiran Vyas bildirib. 

"Azərbaycan sivilizasiyası əslən olduğum Hindistanla yaşadığım Fransa arasında, yəni Şərqlə Qərb ölkələrinin qovşağında yerləşir. Azərbaycan musiqisi mənə çox doğma olan hind musiqisini xatırladır. Bizim musiqi alətlərimiz bir-birinə çox bənzəyir. Musiqi xalqın özünü ifadəetmə üsuludur. Bayramları musiqi ilə qeyd etmək konsepti Azərbaycanda və Hindistanda, demək olar, eynidir. Mən Fransada yaşayıram, beləliklə, həyat tərzimdə, adətlərimdə həm hind, həm də Qərb mədəniyyəti öz izlərini qoyub. Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan mədəniyyəti də Şərqlə Qərbin sintezi olduğundan mənə çox doğmadır", - o deyib.

Fransalı mütəxəssis vurğulayıb ki, ölkə yenidən dirçəldikdə, xüsusilə müxtəlif siyasi cərəyanların tabeçiliyindən qurtulduqda nə qədər də qədim mədəniyyətə malik olsa belə kökünə qayıdış elə də asan başa gəlmir: "Ümumiyyətlə, kökünə qayıdış və müasirləşməni bir araya gətirmək isə daha da mürəkkəb yoldur. Müasirləşmək heç də Qərbi təkrar etmək demək deyil. Azərbaycan çətin yoldadır və bunun da öhdəsindən məharətlə gəlir. Azərbaycan səfər edib bu zəngin sivilizasiya ilə daha yaxından tanış olmaq arzusundayam". 

7News.Az

Xəbər lenti