Həbsdə olan avtoritet: “Rəis yalan deyir, cəmi bir dəfə...”

Həbsdə olan avtoritet: “Rəis yalan deyir, cəmi bir dəfə...”

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vüsalə Soltanova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşıdır. Onun sözlərinə görə, məhbusların qaçmasına kömək edən Aqil adlı şəxsi tanıyıblar: "Aqil həyat yoldaşıma zəng vururdu, onlar telefonla danışırdılar. Ancaq konkret nə barədə danışıldığını bilmirəm”.

Masallıda Müvəqqəti Saxlanma Təcridxanasının rəisi işləmiş Bəşir Bəşirov isə bildirib ki, qatardan qaçan məhbus Əli Ağami dəfələrlə onun qəbuluna gələrək, özünə qəsd edəcəyini deyib: "Ağami bizə aprel və may aylarında gəlirdi. Hər dəfə daxili qaydaları pozurdu, özünü öldürmək istəyirdi. Bütün bunlara görə biz onu geri qaytarırdıq. Mən onun hərəkətləri ilə bağlı hakim köməkçisinə məlumat verdim”.

Hakim isə şahidin bu ifadəsinə etiraz edib. Deyib ki, məhkəmənin qərarı olduğu halda, məhbusu qəbul etmək cinayət tərkibi yaradır. Təqsirləndirilən Əli Ağami də şahidin ifadəsinə etiraz edib. O bildirib ki, yalnız bir dəfə özünə xəsarət yetirməyə cəhd edib.

Növbəti proses sentyabrın 12-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilərək həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar. Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həmçinin Penitensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

7News.Az

Xəbər lenti