Heydər Əliyevin “Nəsimi” filmi üçün aldırdığı xalçaları oğurlamışdılar - Rasim Balayev

Heydər Əliyevin “Nəsimi” filmi üçün aldırdığı xalçaları oğurlamışdılar - Rasim Balayev
"Babək" filmində geyindiyim paltarı özümdə saxlamaq istəyirdim, vermədilər. Amma sonradan kinostudiya bərbad günə qaldı. O vaxtlar filmlərdə aktyorların istifadə etdiyi geyimləri naftalinləyib kostyum sexində saxlayırdılar. Kostyum sexində hətta 30-cu illərin də geyimləri var idi".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında məşhur kinoaktyor, xalq artisti Rasim Balayev səsləndirib. Sənətkar bildirib ki, bir müddət öncə kinostudiyada gördüyü mənzərəyə qəhərlənib:

"Bir dəfə kinostudiyaya getdim, məni ağlamaq tutdu. Baxırsan ki pencəkdir, amma kürəyi yoxdur, güvə yeyib. Bir neçə il baxımsız qaldığına görə hamısı məhv oldu. Orada bahalı gəbələr var idi. Oğurladılar, yerinə şəlpə qoydular. "Nəsimi" filmi üçün on ədəd xalça alınmışdı. Rəhmətlik Heydər Əliyev həmin xalçalara böyük pul ayırmışdı. Çox bahalı xalçalar idi. O vaxt elə xalça tapılmırdı".

Xalq artisti bildirib ki, indiyə kimi çəkildiyi filmlərdən ona yalnız iki əşya qalıb:

"Heç "Nəsimi" filmindəki geyimin də harada olduğunu bilmirəm. Düşündüm ki, özümdə saxlayaram, sonra hansısa muzeyə verərəm. Babəkdən məndə bircə toxunma və qılınc qalıb. 

Ədil İsgəndərovdan sonra kinostudiya dağıldı, dövlət ora baxmadı, ixtisarlar getdi. O vaxt kinostudiyanın 1200 işçisi vardı, həyat qaynayırdı, indi gedirsən 10-15 işçi var. Yiyəsiz qəbiristanlığa oxşayır".
 
7News.Az

Xəbər lenti