7news.Az-ın xəbərinə görə, məlumatda deyilir:

"2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticəsində respuplika ərazisinin böyük hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərhal məsələni nəzarətə götürmüş, qəzanın nəticələrinin qısa zamanda aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar vermiş, məsələ ilə əlaqədar Xüsusi Dövlət Komissiyadsı yaratmışdır

Mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin neqativ təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr – təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürülmüş və onların idarə olunması işi təşkil edilmişdir. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alınmış, ən əsası, insan tələfatına yol verilməmişdir.

 

Hal hazırda dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir.

Təəssüf ki, əhali Mingəçevir İES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı qayğıları yaşadığı bir zamanda Gəncə şəhərində cinayət hadisəsi baş vermişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məlumat verilmiş və müvafiq tapşırıqlar alınmış, cinayəti törədən şəxs saxlanılmış və məsuliyyətə cəlb edilmişdir.

Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən işlər bunu əminliklə deməyə tam əsas verir.

Qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevir İES-də qəzanın baş vermə səbəbləri, onun aradan qaldırılması ilə bağlı dövlət orqanlarının gördüyü işlər barədə cəmiyyəti operativ və obyektiv şəkildə məlumatlandırmış, olduqca təmkinli və məsuliyyətli davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün üzərələrinə düşən vəzifələri icra etmişlər.

Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışmış, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaş yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyədsi nümayiş etdirmişlər. Həmçinin, özlərini müstəqil sayan bir sıra xəbər saytları da bu eyforik əhval-ruhiyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərmişlər.

Mingəçevir İES-də baş vermiş qəzanin, o cümlədən bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilmiş və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunmuşdur.

Görülən işlər barədə müntəzəm qaydada əhaliyə məlumat verilmiş və qarşıdan gələn dövrdə bu fəaliyyət davam etdiriləcəkdir”.

 

7news.Az