İlham Əliyev: "Bu gün "Əsrin müqaviləsi"nin icrası çox uğurla gedir"

İlham Əliyev:
"1994-cü ildə "Əsrin müqaviləsi" imzalanıb. Azəri-Çıraq-Günəşli dünyanın ən böyük yataqlarından biridir".

7news.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib. 
 
Dövlət başçısı deyib ki, keçən il bu yataqlarla bağlı müqavilənin müddəti 2050-ci ilədək uzadılıb: "İlk dəfə Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Bu gün "Əsrin müqaviləsi"nin icrası çox uğurla gedir. Bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı. Mən o zaman ARDNŞ-in vitse-prezidenti idim, bu işlərlə yaxından tanış idim. Növbəti böyük layihə "Şahdəniz" qaz yatağı il bağlı idi. Azərbaycan dünyaya özünü tək neft yox, həm də qaz ölkəsi kimi təqdim etdi. O zaman dünyada enerji təhlükəsizliyində qaz böyük rol oynamırdı. Çünki mənfəət neft yataqları ilə müqayisədə aşağı idi. Ona görə də bu layihəyə investorları cəlb etmək asan deyildi. Bu gün Cənub Qaz Dəhlizinin açılışı qeyd edərkən, görürük ki, bu, vaxtında atılmış müdrik addım idi. Şahdəniz Cənub Qaz Dəhlizinin əsas elementidir".
  
Prezident İlham Əliyev qeyd edib ki, 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verilib: "Bu kəmərin istifadəyə verilməsi ilə ilk dəfə kəmərlə  Xəzər dənizini Qara dənizlə bağlamışıq. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bu kəmərlə nəinki Azərbaycan nefti, digər ölkələrin Xəzərin şərqində çıxarılan nefti də nəql edilir. Bu kəmər tranzit kəmər kimi qonşu ölkələrə də xidmət edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və Azərbaycan qazı Türkiyəyə, Gürcüstana nəql edilməyə başlanıb. Mən o günləri, tarixi anları yaxşı xatırlayıram".
Dövlət başçısı deyib ki, sonrakı dövrdə Azərbaycan müstəqil olmadığı üçün xalq sərvətlərimizdən bəhrələnə bilməyib: "Sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi. Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi. Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün aradan qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından istifadə ödə bilər. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini  yenidən tərtib edirik”.
 
7news.Az

Xəbər lenti