İlham Əliyevin Belarusa səfəri iki ölkə arasında tərəfdaşlığı yeni bir səviyyəyə qaldıracaq - POLİTOLOQ

İlham Əliyevin Belarusa səfəri iki ölkə arasında tərəfdaşlığı yeni bir səviyyəyə qaldıracaq - POLİTOLOQ

İlham Əliyevin Belarusa səfəri iki ölkə arasında strateji münasibətləri, tərəfdaşlığı yeni bir səviyyəyə qaldıracaq amildir.

Bu sözləri Publika.az-a politoloq, keçmiş diplomat Fikrət Sadıqov Prezident İlham Əliyevin Belarus səfəri və bu zaman imzalanan memorandumu şərh edərkən deyib.

Politoloq bildirib ki, son illər ərzində Belarusla Azərbaycan arasında çox yaxın münasibətlər yaranıb.

 

"Münasibətlər müxtəlif –iqtisadi, ticarət, ən maraqlısı hərbi-texniki sahədə əməkdaşlıq səviyyəsində inkişaf edir. Prezidentin səfəri zamanı bir sıra görüşlərdən sonra imzalanan sənədlərdən münasibətlərin bundan sonra daha da davamlı olacağı, inkişaf edəcəyi, digər sahələri əhatə edəcəyi məlum olur. Bu həm Azərbaycan, həm də Belarusun maraqlarına cavab verən amildir. Ermənistan-Belarus münasibətlərinin gərginliyi fonunda Azərbaycanla yaxınlıq müşahidə edilir. Bu da Ermənistana böyük zərbədir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvünün Azərbaycanla belə sazişlər imzalaması, münasibətləri inkişaf etdirməsi, dövlət başçıları arasında yaxın münasibətlər yaranması Ermənistanın Belarus üçün heç nə olduğunu göstərir. Faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katibin seçilməsi prosesində Ermənistan zərbə aldı. Çünki Belarusun prezidenti açıq şəkildə Ermənistana yerini göstərdi. Bu ölkənin təşkilat üçün heç nə olduğunu bildirdi. Düşünürəm ki, bu səfərdən sonra Azərbaycan-Belarus münasibətləri daha da inkişaf edəcək, davamlı xarakter alacaq, əməkdaşlığımızın müxtəlif sahələrində daha yüksək inkişaf tempi müşahidə ediləcək. Xüsusən də, hərbi-texniki sahədə. Çünki yeni hərbi texnikanın alınması ilə bağlı iki ölkə arasında razılıq və saziş imzalanıb”.

Prezidentlərin təkbətək görüşünün protokolda nəzərdə tutulandan daha çox davam etməsinə diqqət çəkən politoloq bunun münasibətlərin göstəricisi olduğunu deyib:

"Təbii ki, təkbətək görüşün bu qədər davam etməsi iki dövlət başçısının bir-birinə etibar etməsindən, yaxın münasibətdə olmasından xəbər verir. Təkbətək görüş zamanı strateji və hərbi texniki sahədə bir çox mühüm razılığın əldə olunduğunu düşünürəm. Çünki bəzi təfərrüatlar adətən, saziş imzalanan zaman açıqlanmır. Bu bizim yaxın əməkdaşlıq münasibətlərinin bariz göstəricisidir”.

7News.Az

Xəbər lenti