Çin silah bazarı Azərbaycan üçün nə verə bilər? - Ekspert danışır

Çin silah bazarı Azərbaycan üçün nə verə bilər? - Ekspert danışır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşüb. Müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etmək idi. Çin Xalq Respublikası və Azərbaycanın münasibətləri son illər ərzində artan xətlə inkişaf edir.Azərbaycanla Çin arasında hərbi əlaqələr 2004-cü ildən mövcuddur. Çin ABŞ və Rusiyadan sonra silah ixracına görə 3-cü pillədədir. O, bu sahədə Böyük Britaniya, Almaniya və Fransanı qabaqlayır. Həmçinin dünya silah ixracında 5 faizlik mövqeyə malik olmaq Çini qane etmir. O çox davamlı şəkildə yeni satış bazarları axtarır və Çin üçün belə bazarlardan biri Azərbaycandır.

 

Düzdür Rusiya Azərbaycanın ciddi hərbi strateji əməkdaşıdır. Rusiyadan Azərbaycana vaxtaşırı olaraq silah təchizatına baxmayaraq Belarus hərbi-sənaye dairələrindəki mənbələrin informasiyasına görə, Bakı-Moskva ilə hərbi-texniki əməkdaşlığın keyfiyyətindən və indiki vəziyyətindən çox narazıdır və bu əməkdaşlığa alternativ tapmağa çalışır. Problem isə silahların keyfiyyətidir. Hərbi ekspert Yuri Baranoviç "UDF.by” saytındakı məqaləsində qeyd edib ki, ötən ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan komissiyasının qapalı iclasında Bakı bu məsələni qaldırıb.Ümumiyyətlə, Çin silah bazarı Azərbaycan üçün nə verə bilər?

 

Bununla bağlı fikirlərini BNEWS.az-a bölüşən hərbi məsələlər üzrə ekspertİbrahim Rüstəmlibildirib ki, Çin kifayət qədər geniş spektrli və yüksək döyüş hazırlığına malik zəngin cəbbəxanaya malikdir: "Bəzi hallarda öz rəqiblərini qorxuya salacaq, yaxud geridə qoyacaq qədər son dərəcə təhlükəli hərbi yeniliklərilə yadda qalır. Onun ballistik "DF-21D” raketləri, "ÇENDU J-20” qırıcı təyyarələri, "Çinçenşan” tipli universal desant gəmisi və s. öz döyüş imkanlarına görə müasir dövrün yaddaqalan uğurlarından sayılır.

 

 

Ümumiyyətlə, Qərb hərbi analitiklərinin fikrincə, Çin son 20 ildə regional gücdən, böyük qlobal hərbi gücə kimi yüksəlib. Hələ 30-40 il bundan qabaq Çin ordusu köhnəlmış hərbi texnika və say etıbarı ilə düşməndən çox olmasına söykənirdi. İndi isə Çinin Hərbi Dəniz Qüvvələri öz sahillərindən çıxaraq, geniş dünya okeanına açılmağa başlayıb. Hərbi Hava Qüvvələri isə aktiv şəkildə beşinci nəsil qırıcı təyyarələrin hazırlanması ilə məşğuldur. Quru qoşunlarında masştablı modernizasiya prosesləri aparılır. Xeyli sayda müxtəlif böyük hərbi sistemlər və qurğular hazırlanır. Bunların əksəriyyəti öz döyüş potensialına görə ciddi təhlükə sayılır. O üzdən həm amerikalılar, həm də yaxın qonşuları onun hərbi hazırlıqlarını maraq və narahatlıqla izləyirlər. Bütün bunlarla Pekin ilk növbədə özünün Şərqi-Çin və Cənubi-Çin dənizindəki ərazi iddialarına hərbi cəhətdən tam hazır olduğunu nümayiş etdirmək niyyətindədir”.


Ekspert qeyd edir ki, burada diqqəti əsas bir məqama yönəltmək daha məqsədəuyğun olardı: "Məsələ burasındadır ki, Çin yuxarıda sadalanan silahları geridə qoyan, ona daha böyük güc gətirən "elektron üstünlüyə” malikdir və o bunu haqlı olaraq uğurun əsas təminatçısı sayır. Elə Amerikanın da beş tip silahı içərisində daha çox çəkindiyi silah, "kibernetik hücüm əməliyyatlarıdır”. ”Kibernetik hücum əməliyyatı” anlayışı psixoloji əməliyyatlar, rəqibin texnika və infrastrukturunun məhv edilməsi kimi geniş fəaliyyət spektrlərini əhatə edir. Çinin elektron ordusu bu cür üstünlüklə rabitə şəbəkələri üzərində nəzarət, ziyanverici proqram təminatlarını elektron vasitələrə daxil etmək və hətta internetdə dezinformasiya kampaniyası aparmaq kimi mühüm əmliyyatları da həyata keçirə bilər. Təbii ki, hücuma yönəlik kibernetik vasitələr ənənəvi döyüş fəaliyyətləri ilə birlikdə hərəkətə keçdikdə, tamamilə yeni bir cəbhə açılır. Məsələn, kiber əməliyyatlar aparmaqla düşmənin kompyuter şəbəkəsinin işini korlamaq və həmçinin aviasiya və raket zərbələri ilə onları məhv etmək mümkündür.

 

 

Yeri gəlmişkən, Çin kiber hücum əməliyyatları ilə hərbi hədəflərlə yanaşı, coğrafi yerləşmə məkanından asılı olmayaraq mülkü hədəflərə mühüm zərbə endirmək planını da reallaşdıra bilər. Onu da xüsusi vurğulayım ki, Çin ordusunun baş qərargahının üçüncü idarəsi kiber hücum əməliyyatlarının hazırlanmasını yerinə yetirən orqandır. Bu orqan Amerikanın Milli Təhlükəsizlik Agentliyinin anoloqudur. Orada 130 min nəfər çalışır. Təşkilati baxımından bu qurum 12 operativ şöbədən və üç elmi tədqiqat institundan ibarətdir.


Bütün bunları sadalamaqda məqsədim Azərbaycan üçün kiber hücum strategiyasının önəmini vurğulamaqdır. Fikrimcə, hazırki əlaqələrdən bəhrələnərək bu sahəyə diqqəti artırmaq, müvafiq yöndə kadr potensialını gücləndimək lazımdır. Bu, Çin silah bazarının Azərbaycan üçün maraqlı ola biləcək, ordumuza daha böyük üstünlük gətirəcək ən önəmli tərəfidir”.

 

7news.Az

Xəbər lenti