İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

İnsan amili dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın ayrı-ayrı rayonlarına mütəmadi səfərləri zamanı insanların qayğıları, problemləri ilə dərindən maraqlanır, bir müddət sonra isə nöqsanların aradan qaldırılması barədə verdiyi tapşırıqların icra vəziyyətini yerində nəzərdən keçirir. Əlbəttə, bu, dövlətimizin başçısının yeritdiyi siyasətin sosialyönümlü olmasından xəbər verir. Ölkə Prezidentinin məcburi köçkün ailələrinin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlaması da bunun bariz ifadəsidir. 
Xatırladım ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilib və onların istifadəsinə verilib. Cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər isə əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailənin, təxminən 25 min insanın mənzil şəraiti yaxşılaşacaq. 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı bəhs etdi. Bildirdi ki, bundan sonra da məcburi köçkün ailələri üçün evlərin tikintisi sürətlə gedəcək: "Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin”.
Bəli, bütün bunlar göstərir ki, cənab İlham Əliyev məcburi köçkün ailələrinin sosial şəraiti ilə daim maraqlanır. Dövlətimizin başçısının diqqəti sayəsində respublikamızın şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq əhalinin bu həssas qrupunun istifadəsinə verilir. 

Azər VERDİYEV, 
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

 

7News.Az

Xəbər lenti