İraqa gedən azərbaycanlı jurnalist gördüyü dəhşətlərdən danışır – Müsahibə - FOTOLAR

İraqa gedən azərbaycanlı jurnalist gördüyü dəhşətlərdən danışır – Müsahibə - FOTOLAR
Bir müddət əvvəl İŞİD-dən azad edilən İraqın Mosul şəhərində çəkilişlər aparan "Space” televiziyasının Türkiyədəki xüsusi müxbiri Vüsalə Abbasovanın müsahibəsi: 

- Vüsalə xanım, dünyanın ən qaynar nöqtəsindələrindən, qızğın müharibələrin getdiyi nöqtələrdən dönmüsünüz. Təəssüratlarınızı bilmək istərdik.
 
- Öncə qeyd edim ki, 20 ildən sonra İraqın savaş bölgəsinə ayaq basan ilk azərbaycanlı jurnalistəm. Dəyərli millət vəkilimiz Qənirə Paşayevadan sonra bu addımı atmağımı, böyük uğurum hesab edirəm. Bu səfəri etməyimdə elə Qənirə Paşayevanın əvvəzsiz rolu var. Bizim ordakı rəsmilərlə bağlantı yaratmağımızın səbəbkarı məhz Qənirə xanımdır. "Space” televizyasının rəhbərliyi, dəyərli Vaqif müəllimin dəstəyi və televiziyanın vitse- prezidentinin müavini və tanınmış xəbər aparıcısı Elvin Basqallının səyləri nəticəsində biz ilkə imza atdıq. 

Açığı, daha öncə, İraqa oktyabr ayında "Mosul əməliyyatı”ının başladığı vaxt gedəcəkdik. Hətta biletlərimiz belə alınmışdı, sonra viza şərtləri çətinləşdiyi üçün bizim sənədlərimiz vaxtında hazır olmadı.
 
Bütün sənədlər qaydasına düşəndən sonra gecə saatlarında Ərbilə doğru yol aldıq. Təyyarə havaya qalxdıqdan sonra pəncərələr bağlandı, bir neçə sərnişin həyəcan keçirdi. Hətta ürəyi gedənlər belə oldu. Daha sonra hava yolları şirkətinin əməkdaşları hər kəsi sakitləşdirməyə çalışdı. Dedilər ki, bu, təhlükəsizlik üçün atılmış addımdır. Saat 3-də Ərbil hava limanına endik. Hava limanının çıxışında silahlı əsgərlər vardı və çıxışa maşınlar buraxılmırdı. Böyük bir avtobus hamını götürüb başqa bir qapıya aparır, ordan artıq qarşılamağa gələnlər öz yaxınlarını görə bilirdilər.
 
İraq deyəndə ağlımıza müharibələrin olduğu qaynar nöqtə gəlir. Həqiqətən də elədir. Gecələr küçələr qapqaranlıq olur. Yalnız maşın işığıyla hərəkət etmək mümkündür. Gecə saat 01:00-dan sonra elektrik enerjisi kəsilir, şəhər tamamilə zülmətə qərq olur. Getdiyimiz yerlərdə qorxu içində hərəkət edirdik. Mosul şəhərinin bir çox kəndləri İŞİD terrorçularının əlindədir. Biz müharibənin, çalışmaların olduğu qaynar nöqtəyə getdik. Ərbildən Mosul ərazisinə keçənə qədər onlarla keçid məntəqəsində dayandıq. Ayaqqabılarımızın içini belə axtardılar. Rəsmi çəkiliş icazələrimizi, vizalarımızı göstərdik. Bələdçimizin uzun-uzadı söhbətlərindən sonra irəliləyə bilirdik. Yol boyu darmadağın olmuş, xarabalığa çevrilmiş kəndlər vardı. 
 
İŞİD terror təşkilatından geri alınmış o kəndlərin ətrafları partlamış və partlamamış minalarla dolu idi. Onlar terrorçuların bu ərazilərdən çıxmadan öncə basdırdıqları minalar idi. Hətta öyrəndik ki, bundan məlumatsız olan, kəndləri geri alındı deyə təkrar evinə qayıdan onlarla kənd sakinləri bu minaların qurbanları olub. 
 
Son keçid məntəqəsinə gəldiyimizdə artıq havadan qara tüstünün yüksəldiyini görürdüm. Könüllü Türkmən ordusundan, türk ordusundan və NATO güclərindən ibarət olan Peşmərgə əsgərləri bizi müşayiət edirdi və onlar təhlükəli ərazilərdə çox qalmağımıza icazə vermədilər. Əsgərlərin üzlərində çox vahiməli bir görüntü və qəddarlıq var. Ölkəni üstlərinə silahlar yüklənmiş əsgərlər idarə edir desək doğru olar. 
 


 
- Belə bir şəraitdə çəkilişləri necə aparırdınız, təhlükəli deyildimi? 
 
- Çox təhlükəliydi. Çəkilişlərdən biri zamanı çox yaxınlığımızda bir maşının içində partlayış oldu. Partlayış o qədər çox güclü idi ki, elə bildim, qulağıma böyük bir daş atdılar. Beynim titrədi, kamera da operatorun əlindən düşdü. Çox qorxdum. Getdiyimiz yerlər çox təhlükəli ərazilər idi. Həmin ərazilərdə o qədər acınaqcaqlı mənzərə vardı ki,  sözlə ifadə edə bilmirəm. Öldürülmüş əsgərlərin meyitlərini maşınların arxasına üst-üstə yığmışdılar, ayaqları görünürdü...

Orda gördüyüm bir mənzərə var ki, onu ömrümün sonuna qədər unutmayacağam. 6 yaşlı bir türkmən qızcığazı öldürmüşdülər. Atası adyala sarılmış meyiti qucağına alıb hönkür-hönkür ağlayırdı. Əsgərlər başının üstündə durmuşdu və nədənsə meyiti Ərbilə doğru aparmaq istəyən maşının keçməsinə icazə vermirdilər. Çox acınacaqlı görüntü idi, çox... 
Qapqara tüstülərin yüksəldiyi kəndlərən qaçan ailələrin görüntülərini çəkdiyimiz zaman mənə elə gəlirdi ki, gördüklərim real deyil, hansısa bir filmin çəkilişindəyəm. 
 

Mosul yaxınlığında AFAT-ın qurduğu və Türk Kızılayının dəstək verdiyi kəndlərdən qaçan ailələrin sığındığı bir düşərgəyə getdik. Hər yerdə çəkilişə icazə vermirdilər, sadəcə onlar istədikləri yerlərdə çəkiliş edə bilirdik. Hətta düşərgəyə getdiyimiz vaxt əsgərlər o ərazidə birini öldürmüşdü. Düşünürdülər ki, biz o görüntüləri çəkmişik. Dəfələrlə kameramızı alıb apardılar. Orda olan hərbçilərdən biri "kaset, kaset” deyə qışqırırdı. Hər halda o görüntünün olmadığını biləndən  sonra kameranı geri gətirdilər. 
 
- Düşərgələrdə vəziyyət necəydi? Ara-sıra dünya mətbuatında, sosial şəbəkələrdə düşərgələrdəki insanların acınacaqlı düçümlarını əks etdirən fotlar yayılır... Siz nələrə şahid oldunuz və nələri lentə aldınız?
 
- "Hazır” adı verilən çadır şəhərciklərinə sığınan 102 min ailənin ürəkdağlayan yaşantılarını görüntülədik. Gözlərindəki qorxu və ümid dolu baxışlarla çevrəmizi əhatəyə alan, körpə çiyinlərinə dünyanı yükləyən bu günahsız uşaqların çoxu vücudlarında da müharibənin izlərini daşıyırlar. Yanlarında partlayan bombalar onların üzlərində, qollarında dərin yaralar buraxmışdı. 16 min əlacsız ailənin məskunlaşdığı sığınacaqda olan ən az iki ailədən biri paramparça idi. Ana övladdan, ata baladan ayrı düşüb. Bəziləri Ərbildə xəstəxalardadır, bəziləri isə hələ də İŞİD-in əlində əsir olaraq qalır. Qaçqın düşərgəsinin sakinləri bir qarın yemək və isti paltar üçün - yaşamaq uğurunda sözün əsl mənasında mübarizə aparırlar. Onlar üçün həyat düşündüyümüzdən daha çətindir. Başsız qalan ailələrin yetim uşaqları hər şeyə möhtacdır. 
 
Həmçinin 4 körpəsi olan bir ailənin olduğu çadırdan çəkiliş etdim. Ata İŞİD tərəfindən yandırılaraq öldürülmüşdü. O ana o qədər carəsiz idi ki…
 
 

- Bəs orada hansı dildə danışırsınız?
 
- Ölkədə rəsmi dil ərəb dili olduğu üçün mütləq ya ərəbcə, ya da kürdcə bilmək lazımdır. Rəsmi dairələrdə ingiliscə başa salmaq olur, ancaq əsgərlərlə, yerli xalqla danışmaq çətindir, mütləq yanında bir bələdçi olmalıdır. Türkmənlərin olduğu bölgələrdə dil problemi olmur, onların danışdığı türkmən dili Azərbaycan dilinə olduqca yaxındır. Hətta çox sözlər eynidir demək olar ki, yəni başa düşmək olur. 
 

- Düşərgələrə ən çox yardım hansı ölkədən gəlir?
 
- Daha çox yardım Türkiyədən gəlir. Türkiyə Kızılayının İraq nümayədəliyini ziyarət edib bölgədəki vəziyyəti bir də onlardan dinlədik. Öyrəndik ki, qaçqın düşərgələri qurulduğu gündən - 30 oktyabrdan bu yana 70 min nəfərə yardım olunub. Türkiyə Kızılayının İraq üzrə nümayəndəsi Şafak Lostarla görüşdüm. O bildirdi ki, son 2 ayda Türk Kızılayı "Hazır” da daxil olmaqla Mosul, Ərbil arasında qurulan düşərgələrə 80 min dollar məbləğində yardım edib. 
 
Düşərgədə türkmən ailələrin çadırlarına da getdik. 3 uşaq atası vardı, yanında partlayan bomba ayaqlarını aparmışdı. Yoldaşı da o partlayışda ölmüşdü. Mən bunları danışıram, siz təsəvvür edə bilirsinizmi? Gördüklərim ürəyimi dağlayırdı. 
 
- Türkmənlərin daha çox yarşadığı Kərkükdə vəziyyət necədir? 
 
- Mosuldan sonra Kərkükə getdik. Kərkük İraqın ən böyük 4-cü şəhəridir. Hazırda bu şəhərin 20-dən çox kəndi  İŞİD terror təşkilatının əlindədir. Ötən aylarda türkmənlərdən ibarət könüllü ordunun sayəsində Kərkükün bir çox kəndləri azad edildi, ancaq hələ də terror təşkilatının əlində olan kəndlər var. Nəinki kəndlər, elə şəhərin mərkəzi də bu qəddar terrorçuların təcavüzündədir. Mərkəz küçələrdə darmadağın edilmiş binalarda və  divarlardakı mərmi izləri İŞİD-in  qəddarlığının sübutudur. O binlardan çəkilişlər etdik, ordakı yerli əhalini danışdırdıq. Hamısı qorxu içində idi. Deyirlər, sanki tikan üstündə oturmuşuq, sabah nə olacaq heç kim bilmir.
 
Kərkükün mərkəzində çox böyük bir otel vardı və 2 həftə öncə o bina da İŞİD-in əlində imiş. O binaya yaxınlaşmağa icazə vermədilər və içəridə partlamamış minaların olduğunu dedilər. Təsəvvür edin, şəhərin mərkəzində insanlar içərisində partlayıcıların olduğu binaların yerləşdiyi ərazilərdə yaşayırlar. 
 

Kürdüstan bayrağı Kərkükün ən hündür yerlərində dalğalanır. Ancaq sadəcə yüksəklərdə o bayraqları saxlayan sütunlar var. Yerlər isə xarabalıqdır. 
Səsi tarixin minilliklər öncəsindən gələn Kərkük artıq abidələrdə deyil, yazılarda xatırlanmağa məhkumdur.

"Kərkük qalası”na da getdik, bir vaxtlar o qala oraların ən əhəmiyyətli tarixi yerlərindən imiş. Bu gün Kərkük qalasının dili olsa danışar.  Səddam Hüseyn dönəmində qala yerlə bir edilib. 
 

O qalada bir vaxtlar Azərbaycanın görkəmli şairi Məhəmməd Füzulinin də məzarı varmış. Daha sonra Səddam Hüseyn o məzar sökdürür və Füzulinin sümükləri bir müddət məscidlərdə saxlanıldıqdan sonra ölkəmizin bu işə müdaxiləsi sayəsində məzar Kərbəlaya köçürülür. Orada olan tarixçilərdən də məsələni araşdırmağa çalışdım, ancaq hərəsi bir fərziyyə irəli sürdü, hadisənin dəqiqliyi haqda dolğun məlumat sadəcə bunlar oldu.

O zirvədə böyük bir türbə var ki, ordakı abidələrdən bir qədər salamat qalanı elə odur. O türbənin isə Füzulinin atası, onu kimi qələm əhli olan  Süleymana aid olduğunu öyrəndik. 
Qalanın zirvəsində şəhidlər məzarılığı da var. Darmadağın olmuş o məzarlıqda, çox böyük şəxsiyyətlər yatır. Hətta Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dostlarının da orada məzarları var. Ancaq məzarlar da yerlə birdir.

Hava qaraldıqdan sonra Kərkük  daha da qorxulu  libasa  bürünür.T əhlükəsizliyimiz üçün gecələr Ərbilə dönürdük. İraqda bir şəhərdən digər şəhərə keçmək çox çətindir. Hər şəhər ayrı bir "cümhuriyyətdir”. Yəni bir İraq vətəndaşı belə bir şəhərdən digər şəhərə keçmək üçün o şəhərdə qeydiyyata düşür, orada yaşamaq icazəsi alır. Bu səbəbdən də keçid məntəqələrində saatlarla gözləməli olurduq, qeydiyyat işlərimiz həll olunurdu, üst-başımız axtarılır və sonra şəhərə buraxılırdıq. 
 
 

- İraqda olduğunuz vaxtın əsas hissəsini hansı şəhərdə keçirirdiniz?
 
- İraqda ərəblər, kürdlər qədər türkmənlər var. Bir günümüzü İraqda yaşayan, qanımızdan, canımızdan bir parça olan türkmənlərə ayırdıq. Öncəliklə qeyd edim ki, İraqda  3 milyona qədər Türkmən yaşayır. İŞİD terror təşkilatının bölgədə ən çox zərər verdiyi kəndlər elə Türmənlərin məşkunlaşdığı yerlərdir. Mosul, Təlafər, Altınkörpüdə olan yüzlərlə tükmən öldürülüb, yurd yuvaları İŞİD terror qruplaşmasının  sığınacağıdır. Türkmənlərin milli kimliyi və dil hüquqları 2005-ci il İraq Konstitusiyası ilə təsdiq edilsə də, o ölkədə Türkmənlər ən çox əzilən toplumdur. Onların vətəndaş haqlarının hansı dərəcədə himayə olunduğu bəlli deyil.
 
- Siyasətçilərdən və dövlət xadimlərindən kimlərləsə görüş oldumu?
 
- Əlbəttə. 5 türkmən millət vəkilinin olduğu Kürdüstan parlamentinə də getmişdik və o millət vəkillərindən biri Aydın Marufla görüşdük. Bağdadla yaşadığı problemlərə görə çalışdığı parlamentin 2 ildir heç bir fəaliyyətinin olmadığını deyən türkmən millət vəkili Aydın Maruf bildirdi ki, türmənlər bu günlərdən Azərbaycandan gələn hər cür yardıma möhtacdır. Bu gün onlara əl tutan ölkə sadəcə Türkiyədir. 
 
- Bəs məktəblərdə vəziyyət necədir?
 
- Ərbildə türkmən məktəblərinə getmişdik. Müəllimlər iki ildir, maaş almırlar, ancaq dərsə gəlirlər və könüllü olaraq dərs deyirlər.  Şagirdlər İraq hökumətinin tədris proqramını türk dilində öyrənirlər. Kitablarda türk tarixi, türkdilli ölkələr haqqında heç bir məlumat olmasa da, onlar ölkəmiz haqqında çox məlumatlıdılar. Azərbaycandan gəldiyimizi deyəndə onların gözlərindəki sevinci gördüm, üzləri güldü. 
 
 

- Yalnız müharibə, qorxu, dəhşətli insan taleləri, ölümlər... görmüsüz. Başqa nəylə yadınızda qalıdı İraq? Diqqətinizi çəkən adət-ənənələri və ya mətbəxi... 

- Türklərin həyat yoldaşlarına müraciət kimi istifadə etdiyi "həyatım” sözünü türkmənlər hər kəsə deyir. Həyatım İraqda əzizim, dəyərlim mənasında istifadə olunur. İlk dəfə hər kəsin bir-birinə həyatım dediyini eşidəndə çox təəccüblənmişdim. 
İraq mətbəxində ədviyyat çox istifadə edildiyi üçün yeməkləri qoxuludur. Ətlərinin dadı gözəldir və ətdən hazırlanmış çox maraqlı yeməkləri var. Bundan başqa onlar çayı olduqca şirin içirlər. Kiçik çay fincanlarının yarısına qədər şəkər tozu töküb gətirirdilər. İkinci gün artıq şirin çay içməkdən özümü çox narahat hiss edirdim. //bakipost
 
 7News.az





































Xəbər lenti