“İstirahət mərkəzlərindən pul alıb, yoxlamadan rəy verirlər”

“İstirahət mərkəzlərindən pul alıb, yoxlamadan rəy verirlər”
Millət vəkili Fazil Mustafa İsmayıllı rayonunda "Green House” istirahət mərkəzində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib.

Deputat BakuPost.az-a açıqlamasında bu tip hadisələrin ölkədə turizmin inkişafına zərbə vurduğunu deyib: "Rayonlar turizmin imkanlarını tükədir. Bunun üzərində düşünmək lazımdır ki, ən azından müvafiq qurumlar ciddi yoxlama aparsınlar. İstirahət mərkəzi təhvil veriləndə onun bütün infrastrukturu dəqiq yoxlanılsın və ondan sonra rəy verilsin. 

Həmin istirahət mərkəzinə rəy verən müəyyən qurumların da fəaliyyətinin araşdırılmasına ehtiyac yaranacaq, çünki hovuz niyə elektiklə işləməlidir? Yaxud elektrik niyə hovuzda olmalıdır? Elektrik məftilləri, yaxud elektrik şəbəkələrinin hovuza yaxın yerdə qoyulomasının anlamı nədir? Bunlar hamısı araşdırılmalıdır. 

Bu məsələyə nəzarət olunmalıdır ki, müvafiq qurumlar gedib pulunu alıb, yoxlama aparmadan rəy verməkdən çəkinsinlər. İstirahət mərkəzlərinin, hovuzların xeyli təhlükəsizlik tələbləri var. Bunlar yerinə yetirilməlidir.

Hətta iaşə xidmətinin özü, köhnə məhsulların verilməsi, yemək, qida məhsullarının tərkibinin yoxlanılmaması... Paytaxta baxmayın, müəyyən restoranlarda, şadlıq evlərində reydlər keçirilir, amma rayonlarda son zamanlar reydlər də keçirilmir. Bu problem aktualdır və turizmin inkişafına zərbə vurur”.

Qeyd edək ki, İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən "Green House” istirahət mərkəzində istirahət edən Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər. Həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi açılıb.

Nigar

Xəbər lenti